Akif Ağayev : - AZIX MAĞARASINI İLK DƏFƏ MASALLI PƏHLƏVANI NADİR AĞAYEV TAPIB

Akif Ağayev : AZIX MAĞARASINI İLK DƏFƏ MASALLI PƏHLƏVANI NADİR AĞAYEV TAPIB

İlk dəfə Şövqi müəllimdən (Şövqi Göyçaylı – Əməkdar elm xadimi, BDU-nun ekoloji-coğrafiya kafedrasının müdiri, professor) bu sözləri eşidəndə həm təəccübləndim, həm də sevindim. Təəccüb etdim ki, görəsən bəs bu vaxtacan nə üçün bu haqda məlumatımız olmayıb. Sevinirdim ona görə ki, məşhur pəhləvan kimi tanıdığımız Nadir Ağayevin Azərbaycan elmi üçün də xidməti olmuşdur.
Professor Ş. Yusifoğlu danışdıqca onu maraqla dinləyirdim: “Xəyalən keçən əsrin 50-ci illərinə qayıtdıqca, gənclik eşqi ilə keçən o çağlara nəzər saldıqca Nadirsiz bir günümü təsəvvür edə bilmirəm. Məhəmməd Çobanzadə, Qərib Məmmədov, Nadir və mən çox vaxt bir yerdə olardıq. O zaman tələbələr arasında çox səmimi, mehriban bir ünsiyyət var idi. Bir-birinin evinə getmək, dərsləri birgə hazırlamaq, bərk ayaqda yoldaşlara kömək etmək adi hal idi. Qayğıkeş və mehriban olan bu oğlan həmişə çalışardı ki, kiməsə, nədəsə kömək etsin.
Nadir Ağayev tələbəliyin zövqünü almağa, bu illərdən səmərəli istifadə etməyə çalışırdı. Həm təhsil aldığı ixtisas üzrə nəzəri sirləri mükəmməl öyrənməyə çalışır, həm də içdən gələn məhəbbətlə bağlandığı idman növü – güləş üzrə keçirilən yarışlarda (məşqçilər Rza Baxşəliyev, Nil Xeyrəddinov) iştirak edirdi. Uğurlu cəhəti o idi ki, hələ tələbə ikən nəinki Azərbaycanda, hətta keçmiş SSRİ respublikalarında tanınmış pəhləvan idi.
Çalışqanlığı və savadı ilə müəllimlərdən Müseyib Müseyibov, Nurəddin Kərəmov, Rizvan Piriyev, Şamil Kərimov və digərlərinin etimadını qazanmışdı. Yaşıdlarından mərdliyi və cəsurluğu, təmiz qəlbi və mehribanlığı ilə seçilən Nadirin parlaq gələcəyinə hamı inanırdı.
Müxtəlif vaxtlarda onun uğurları, yetirmələrinin qələbələri barədə xoş söhbətlər eşidəndə pəhləvan dostumuzla fəxr etmişik. Nadirlə birinci kursdan yaxın dost olmuşuq, külək də aramıza girə bilməyib. Universiteti bitirdikdən sonra da əlaqələrimiz kəsilməyib.
Sonuncu kursda oxuyarkən, diplom işi qabağı mən “iqtisadi-coğrafiya” ixtisası üzrə bölmə tərkibində Balakən rayonuna, Nadir Ağayev isə “fiziki-coğrafiya” ixtisası üzrə Hadrut rayonuna elmi-təcrübəyə yollandıq. Onun elmi işinin mövzusu “Mağaraların fiziki-coğrafi şəraitinin öyrənilməsi, problemləri və s.” idi. Praktikanın rəhbəri professor Nurəddin Kərəmov idi. Nadir təcrübə rəhbərindən müəyyən tapşırıqlar aldıqdan sonra Quruçay zonasında olan irili-xırdalı mağaraları öyrənməyə başlayır. Həmin bu mağaralardan biri də olur indiki Azıx mağarası. Yerli əhali bilsə də, hələ bizə məlum deyildi bu mağara. Nadir mağaranın dərinliklərinə gedir. Birinci dəfə ordan ulu sakinlərə mənsub maddi-mədəniyyət nümunələri və digər əşya-dəlilləri tapır. Bu mağara o birilərindən fərqlənir. Çünki, orada daimi insan yaşayıb.
Nadir Ağayev Bakıya – universitetə döndükdən sonra bu mağaranın genezisini, fiziki-coğrafi şəraitini, xüsusiyyətlərini, ətraf regionun geomorfologiyasını təsvir eləyərək, diplom işini yazıb tamamladı. Tədqiq etdiyi materialları diplom işinin elmi rəhbəri, kafedra müdiri, professor Müseyib Müseyibova təhvil verdi. Sonradan isə Müseyibov bu elmi işi (tapıntını) tarix institutunda arxeologiya şöbəsinin müdiri Məhəmmədəli müəllimə təqdim etdi. O, da bu mövzu ətrafında bir çox elmi məqalələr yazdı. Həmən əraziyə ekspedisiyalar təşkil olundu. Ondan sonra Azıx mağarası məlum oldu və beləliklə də, Azərbaycanda ən iri karst mağarasını – Füzuli şəhərindən 14 km şimal-qərbdə, Hadrut rayonu (Dağlıq Qarabağ) ərazisində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşən Azıx mağarasını birinci tapan şəxs Nadir Ağayev olub. Dəfələrlə bu haqda elmi-mühazirələrdə açıqlamalar etmiş və akademik Yaqub Mahmudluya da yazılı arayış vermişəm”.
Deməli, keçmiş SSRİ-nin birinci, dünyanın isə üçüncü tapıntısı olan və Azərbaycan ərazisində təqribən milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən Azıx mağarasının məlum olmasında Nadir Ağayevin də xidməti olmuşdur.
Haşiyə: Dahi bəstəkarımız Arif Məlikov tələbə olarkən diplom işini – “Məhəbbət əfsanəsi” əsərini yazaraq dünyada məşhur oldu...
Mənim üçün təəccüb doğuran o oldu ki, Nadir Ağayevin Azıx mağarası ilə bağlılığını öyrəndikdən sonra müsahiblərim arasında da bu faktı təsdiqləyənlər tapıldı. Sən demə, illərdən bəri bu barədə məlumatı olanlar da az deyilmiş. Amma nədənsə...


AKİF AĞAYEV, “PƏHLƏVANIN SALNAMƏSİ” (BAKI-2014) KITABINDAN.


Sonuncu şəkildəkilər: (soldan) N. Ağayev, Qərib Məmmədov, Şura Əlizadə, Yavru, Ş. Göyçaylı, Əminə Əhmədbəyova, Validə, M. Mövsümzadə (müəllim), Bəyim, Rəna Quliyeva (1958-ADU-nun məzunları) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !