REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA -

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 4-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə diqqətə çatdırdı ki, gündəliyə ölkəmizin bir sıra rayonları arasında ərazi məsələləri üzrə mübahisələrə dair icra hakimiyyətlərinin Milli Məclisə ünvanladıqları müraciətlərlə əlaqədar məsələlər daxil edilib.
Arif Rəhimzadə məlumat verdi ki, Azərbaycanın ərazi vahidlərinin dəqiqləşdirilmiş xəritəsi hazırlanır. Lakin 59 ərazi vahidi ilə bağlı mübahisələr yaranıb. Əvvəlki iclaslarda 6 rayon üzrə torpaqla bağlı belə mübahisələrin həlli üçün işçi qrupları yaradıldı və məsələlərə aydınlıq gətirildi. Qeyd edildi ki, parlamentə daha 7 rayon üzrə sərhədlərin pozulması ilə bağlı müraciət olunub. Bunlar Hacıqabul rayonu ilə Bakı şəhəri, Abşeron və Şamaxı rayonları arasında; Xaçmaz rayonu ilə Şabran rayonu arasında; Bakı şəhərinin Sabunçu rayonu ilə Abşeron rayonu arasında; Bakı şəhərinin Binəqədi rayonu ilə Sumqayıt şəhəri və Abşeron rayonu arasında; Abşeron rayonu ilə Bakı şəhərinin Sabunçu, Binəqədi və Qaradağ rayonları arasında; İmişli rayonu ilə Beyləqan və Biləsuvar rayonları arasında; Ağcabədi rayonu ilə Bərdə rayonu arasında ərazi məsələsi üzrə mübahisələrə dair müvafiq rayon icra hakimiyyətlərinin müraciətləridir.
Müraciətlərdə göstərilən iddialarla tanışlıq zamanı məlum olub ki, müxtəlif səbəblərdən bəzi inzibati ərazi vahidləri başqa rayonların ərazilərinə daxil edilib. Məsələlərə komitə üzvləri tərəfindən baxılıb və onların araşdırılması üçün millət vəkillərindən, aidiyyəti dövlət qurumlarının təmsilçilərindən, mütəxəssislərdən və yerli nümayəndələrdən ibarət işçi qruplarının yaradılması qərara alınıb. Bu işçi qruplarına deputatlar Tahir Rzayev, Rüstəm Xəlilov və Malik Həsənov rəhbərlik edirlər. Komitə sədri vurğuladı ki, mübahisələrin həlli zamanı bu rayonlarda yaşayan insanların fəaliyyəti, infrastrukturu, gələcək inkişaf perspektivləri nəzərə alınmalıdır.
Müzakirələr zamanı komitənin sədr müavini Fəttah Heydərov, deputatlar Rüstəm Xəlilov, Tahir Rzayev, Malik Həsənov, iclasda iştirak edən aidiyyəti qurumların nümayəndələri çıxış edərək məsələlərin vacibliyini söylədilər. Millət vəkilləri bildirdilər ki, nöqsanların aradan qaldırılması üçün rayonlara səfər ediblər. Söylənilənlərlə əlaqədar yerlərdə maarifləndirmə işi aparılıb, bir sıra mübahisəli məqamlar öz həllini tapıb, bəziləri ilə bağlı araşdırmalar davam edir. Bildirildi ki, bu məsələlər tərəflərin maraqları baxımından, qanunauyğun şəkildə həll olunmalıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !