Şəkili şəbəkə ustasının Paris təəssüratları - FOTO

Şəkili şəbəkə ustasının Paris təəssüratları FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu il sentyabrın 17-dən 25-dək Fransanın paytaxtı Parisdə təşkil edilən “Azərbaycan şəhərciyi”nin iştirakçıları arasında şəkili sənətkar, tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazədə də olub. Şəhərcikdə təşkil edilən xalq sənətkarlıq emalatxanalarında xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayı, ağac üzərində oyma və digər sənət nümunələri ilə yanaşı, Hüseyn ustanın müəllifi olduğu şəbəkə əsərləri də nümayiş olunub. Ölkəmizi bu tədbirdə 8 xalq sənətkarı təmsil edib.

Səfərlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən şəkili sənətkar deyib: “Sərgidə Şəkidən iki nəfər idik – kəlağayı ustası Əmiraslan Şamilov və mən. Sərgiyə 10-a yaxın şəbəkə nümunəsi aparmışdım. Bu işlərin arasında 2009-cu ildə şəbəkə sənətinə gətirdiyim yenilik, yəni kürə şəkilli şəbəkə və mürəkkəb naxışlardan ibarət “xalça şəbəkə” şəhərciyin qonaqlarının xüsusilə böyük marağına səbəb oldu”.

Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan sərgidə şəkili sənətkar kürə şəkilli şəbəkənin quraşdırılması prosesini parisli sənətsevərlərə əyani şəkildə nümayiş etdirib. Sərgiyə gələnlər yapışqandan və mismardan istifadə olunmadan hazırlanan bu bənzərsiz sənət əsərinə böyük heyranlıqla tamaşa ediblər.

Müsahibimizin sözlərinə görə, müəllifi olduğu Azərbaycanın klassik şəbəkə nümunələrindən olan “xalça şəbəkə” də Paris sakinləri tərəfindən maraqla qarşılanıb.

Artıq üçüncü ildir ki, Parisdə təşkil edilən “Azərbaycan şəhərciyi” layihəsində iştirak etdiyini diqqətə çatdıran Hüseyn Hacımustafazadə deyib: “Builki sərgidə mənim üçün 2 stend ayrılmışdı. Xalq sənətkarlığı emalatxanasında şəbəkə nümunələrinin hazırlanmasını nümayiş etdirir, layihə çərçivəsində ilk dəfə təşkil edilən “Uşaq zonası”nda isə parisli uşaqlara ustad dərsləri keçirdim. Parisə özümlə kiçik ölçülü (10x10 santimetr) müxtəlif şəbəkə nümunələrinin detallarını aparmışdım. Günaşırı təşkil edilən ustad dərslərində hər dəfə 12 uşaq iştirak edirdi. Mən əvvəlcə uşaqlara şəbəkənin quraşdırılması prosesini əyani şəkildə göstərir, sonra isə uşaqlar öz bacarıqlarını nümayiş etdirirdilər. Kim işi tamamlasa, şəbəkəni ona hədiyyə edirdim. Çalışırdım ki, uşaqlar işi başa çatdırsınlar”.

Qeyd edək ki, Hüseyn usta ustad dərslər zamanı parisli uşaqlara 40-dək kiçik ölçülü şəbəkə hədiyyə edib.

Hüseyn Hacımustafazadə hazırda yeni şəbəkə nümunələri üzərində işləyir. Sənətkar gələcəkdə digər ölkələrdə də təşkil olunacaq tədbirlərdə, sərgilərdə iştirak etmək, Azərbaycanın bu qədim el sənətini daha geniş təşviq etmək arzusundadır.


AZƏRTAC

Fotolar : AZƏRTAC - ındır 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !