Mixael LİNK: - AZƏRBAYCAN DÜNYA ÖLKƏLƏRİ ÜÇÜN NÜMUNƏ OLA BİLƏR.

Mixael LİNK: “AZƏRBAYCAN DÜNYA ÖLKƏLƏRİ ÜÇÜN NÜMUNƏ OLA BİLƏR.”

Oktyabrın 12-də Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Mixael Link ilə görüşdü.
Əlamətdar bayram – Dövlət müstəqilliyi günü ərəfəsində Bakıya gələn DTİHB rəhbərini səmimiyyətlə salamlayan vitse-spiker qonağa məlumat verdi ki, bu il Azərbaycanda Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsinin 25 ili tamam olur. Müstəqillik dövründə mühüm yol qət etmiş ölkəmizdə zamanın çağırışları nəzərə alınır, Azərbaycan rəhbərliyi ən ciddi islahatlara belə getməyə hazırdır. Yaxın günlərdə keçirilmiş referendum dediklərimizə bariz nümunədir. Konstitusiya islahatları sahəsində atılan o mühüm addım xalqla ölkə rəhbərliyinin birliyini aydın göstərdi. Bunu seçkiləri izləmiş beynəlxalq qurumların müşahidə missiyalarının yekun qənaətləri də təsdiqlədi.
Milli Məclis Sədrinin müavini Bahar Muradova nəzərə çatdırdı ki, Azərbaycan ATƏT-in bütün qurumları ilə qarşılıqlı hörmət və etimada əsaslanan bərabərhüquqlu əməkdaşlığı genişləndirmək niyyətindədir.
Azərbaycanda müstəqilliyin bərpasını yüksək dəyərləndirən DTİHB-in rəhbəri Mixael Link ölkəmizin bir çox üstünlüklərindən söz açdı. Dedi ki, Azərbaycan coğrafi mövqeyinə görə Avropanı Şərqlə birləşdirən ölkə kimi mühüm əhəmiyyət daşıyır. Burada mövcud olan tolerantlıq, dinlər arası xoş münasibət, müxtəlif inanclara etiqad bəsləyən insanların dinc birgəyaşayışı, yəhudilərə bəslənən gözəl münasibət dünyanın bir çox ölkələri üçün nümunə ola bilər. Çünki yəhudilərin məskunlaşdığı digər ölkələrdə antisemitizm durmadan inkişaf edir, nəticədə yəhudilərin yaşayışını çətinləşdirir.
Bakıda dinlərarası dialoqa həsr olunmuş tədbirdə iştirak etdiyini, Qubada yaşayan dağ yəhudilərini ziyarət edərək onlar üçün yaradılmış şəraitə heyran qaldığını vurğulayan qonaq dedi ki, Azərbaycan getdikcə beynəlxalq tədbirlərin keçirildiyi böyük bir məkana çevrilir.
Söhbət zamanı Bahar Muradova Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişilinin hazırladığı “Multikulturalizm – demokratik dəyər kimi” mövzusunda layihədən söz açdı və Mixael Linki qurumdakı təqdimat zamanı həmin sənədi dəstəkləməyə çağırdı.
Görüşdə Dağlıq Qarabağ probleminə toxunuldu. Bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !