KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA -

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Oktyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi.
Əvvəlcə Milli Məclisin yaz və növbədənkənar sessiyası dövründə İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat və Komitənin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilərək qənaətbəxş hesab olundu.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, iclasın gündəliyinə Cinayət və İnzibati Xətalar məcəllələrinə, həmçinin “Yol hərəkəti haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı dəyişikliklər daxil edilib.
Layihələr barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu dəyişikliklər başqa qanunlara uyğunlaşdırma xarakterlidir və dini ekstremizmin qarşısının alınmasına, həmçinin dini etiqad azadlığının qorunmasına yönəlmişdir.
Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması qadağan edilir.
Həmçinin İnzibati Xətalar Məcəlləsində ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsinə, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirilməsinə görə məsuliyyət müəyyən olunur.
Bundan başqa, Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Cinayət Məcəlləsinə salınması təklif edilən 278.2 maddəyə əsasən isə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni 517-1 maddəyə əsasən isə Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar - əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrinin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaqlar.
Həmçinin qeyd olunur ki, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsi və ya satılmasına görə həmin aparatlar müsadirə edilməklə, 150 manatdan 300 manatadək məbləğdə cərimə tətbiq ediləcək.
“Dini etiqad azadlığı haqqında” Qanuna ediləcək əlavədə isə deyilir ki, “Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.”
Çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Tahir Kərimli, Çingiz Qənizadə, Məlahət İbrahimqızı, Rəfael Cəbrayılov və müvafiq qurumların nümayəndələri təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər.
Müzakirələrdən sonra təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Avtomobil yolları haqqında” qanunlara təklif olunan dəyişikliklər də müzakirə olundu. Bildirildi ki, bu dəyişikliklər dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasıya vasitələrinə, ictimaiyyətə məlumatın verilməsi, həmçinin həmin zonada istehlakçılara göstərilən rabitə xidmətlərinin, verilən elektrik enerjisinin, qaz və suyun dayandırılması və həmin ərazidə hərəkətin məhdudlaşdırılması məsələlərini əhatə edir.
Müzakirələrdən sonra təklif olunan bütün dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !