Araz Qurbanov : - PARLAMENT XATİRƏLƏRİNDƏN

Araz Qurbanov : PARLAMENT XATİRƏLƏRİNDƏN

Olmuş hadisədir: 1990-1992-ci illərin Azərbaycan parlamentində belə bir ənənə vardı. Sanki həm «komblok», həm də «demblok» üzvləri səhərlər xarici sözlərin izahlı lüğətini tələsik vərəqləyib bir qəliz söz seçir və «intellekt göstəricisi» kimi onu çıxışlarına daxil edirdilər. Növbə lüğətin «K» hərfinə çatmışdı. Bir günün içərisində «demblok» parlament iclasında «konsensus», «konsolidasiya» və «konfrontasiya» kəlmələrini dəbə mindirmişdi. İnsafən, onların çoxusu da bu sözlərin nə demək olduğunu bilmirdi. Terminoloji maarifçilik o həddə çatmışdı ki, bəzi deputatlar jurnalistləri xəlvətə çəkib həmin kəlmələrin mənasını soruşurdular. Amma yenə də çıxışlarında «konsensus axtarırdılar»…
Odur ki, günorta iclasında fasiləyə az qalmış jurnalist həmkarımla birlikdə cavanlıq edib «məzələnməyi» qərara aldıq. Diktofonu götürdüm və iclas zalından çıxdıq. Birinci mərtəbədəki yeməkxananın qapısı ağzında ucqar rayondan olan sağıcı-deputatla rastlaşdıq. Dərhal diktofonu üzünə yaxınlaşdırıb soruşdum:
-- Filankəs xanım, sizdən müsahibə almaq olarmı?
Həmin dövrdə diktofon hər jurnalistdə yox idi. Xanım onu görən kimi tələsik saçlarını düzəltdi. Yəqin, kamera olduğunu zənn etmişdi. Sonra həlim səslə dedi:
-- Buyurun, eşidirəm sizi.
- Sizcə, konfrontasiya şəraitindən konsolidasiyaya gəlmək mümkündürmü? Ümumiyyətlə, konsensus barədə nə düşünürsünüz?
Qadın əvvəlcə gözlərini döydü, sonra tərs-tərs bizi süzdü və səsinin tonunu dəyişdi:
- Yox! Mən ümumiyyətlə müsahibə vermirəm. – deyib getdi.
Növbəti müsahibimiz qarderobda əyləşib deputat paltolarını sayıqlıqla gözləyən göy xalatlı yaşlı qadın idi. Qarderobun o üzünə-bu üzünə boylanıb soruşduq:
-- Xala, burada konsensus tapmamısan?
Heç halını dəyişmədi:
- Kimin nəyi itir gəlib məndə görürlər…
Sonra ikinci mərtəbəyə qalxdıq. Yeməkxanada bufetçi Xalidə xanım biz jurnalistlər üçün əlçatmaz olan qara kürülü, ağbalıqlı buterbrodları uzun stolların üstünə düzürdü. Yaxınlaşdıq. Yavaş səslə soruşduq:
- Xalidə xanım, konsensunus var?
Heç başını qaldırmadı:
- Nə var stolun üstündədir…
Beləliklə, o illərin parlamentində konsensus əldə olunmadı. Sonralar bu əhvalatı «Azərbaycan» qəzetinin parlament reportajlarında yazdım… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !