Şakir YAQUBOV, iki dəfə Əməkdar mədəniyyət işçisi : - BİZ NECƏ MÜSTƏQİL OLDUQ... ( 2-ci hissə )

Şakir YAQUBOV, iki dəfə “Əməkdar mədəniyyət işçisi” : BİZ NECƏ MÜSTƏQİL OLDUQ... ( 2-ci hissə )

Sonra avqustun 29-30-u, Ali Sovetin növbəti sessiyası olmuşdu. O vaxt artıq Moskvada “QeKaÇePe” (“Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi”) məzhəkəsi də baş vermiş və əsas rollarının ifaçıları “Matrosskaya tişina” həbsxanasına atılmış, yaxud öz əlləri ilə özlərini o dünyalıq eləmişdilər; Boris Yeltsin Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi barədə fərman imzalamışdı, bir sıra müttəfiq respublikalar, o cümlədən Ukrayna (24 avqust), Belarus (25 avqust) və Moldova (27 avqust) rəsmən müstəqilliklərini elan etmiş, Özbəkistan və Qırğızstan isə 31 avqustda buna nail olmuşdular, digərləri (məsələn, Tacikistan, bədnam qonşularımız və s.) isə bu yolda əsas mərhələni, uzağı, sentyabr ayında keçmişdilər. Azərbaycan Respublikası Ali Sovetinin həmin sessiyasında yenə bir sıra deputatların təkidi ilə avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi qəbul olunmuşdu. Bu, həqiqətən də adi bəyannamə idi və bununla Azərbaycan Respublikası MÜSTƏQİL DÖVLƏT olmurdu. Hərçənd Bəyannamədə deyilirdi ki:
“Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,
1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,
Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya qanunlarına əsaslanaraq,
Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək,
milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,
Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,
respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək,
SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,
beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.
Bəyannamənin ardınca Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" aktın layihəsini hazırlamaq barəsində” qərar qəbul etmişdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə əsaslanaraq, Ali Sovetin Rəyasət Heyətinə tapşırılmışdı ki, “Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları ilə birlikdə Azərbaycan Respublikası xalq deputatlarının təklif və qeydlərini nəzərə alaraq "Azərbaycan Respublikasının müstəqilliyini bərpa etmək haqqında" aktın və onun həyata keçirilməsi haqqında qərarın layihələrini iki həftə müddətində hazırlasın və Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə versin”.
...İki həftə isə ayyarım çəkmişdi. Mənim həmin prosesdən az-çox məlumatım vardı və bilirdim ki, sonralar “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı adlandırılacaq həmin sənəd üzərində parlament aparatının o vaxtkı işçiləri Şahin Əliyev, Abbas Atakişiyev, yuxarıda adını çəkdiyim Tofiq M. Bağırov, xalq deputatlarından Tofiq Qasımov necə gərgin və fədakarcasına işləmişlər.
***
...Ali Sovet sədrinin köməkçisi, vətənpərvər alim və yazıçı Balaş Abbaszadə zəng vurdu:
– Deputatlar “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbuluna başlayırlar. İş otağımdakı radio-selektoru telefona qoşuram, dinlə, bu da bir tarixdir, – dedi.
İclasa sədrlik edən Ali Sovetin sədrinin birinci müavini akademik Ziyad Səmədzadə Konstitusiya aktının layihəsinin hazırlanması üzrə redaksiya komissiyasının adından çıxış etmək üçün xalq deputatı, professor Hacıbaba Əzimova söz verdi. O, İqtisadi Birlik haqqında SSRİ müqaviləsinə qoşulmaq barədə Ali Sovetin “Yox!” cavabı ilə bitən müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı layihəsinin müzakirəsinin başlanmasının çox əlamətdar hadisə olduğunu nəzərə çarpdırdıqdan sonra layihənin birinci oxunuşundan sonra redaksiya komissiyasının iki gün ərzində gərgin işlədiyini, xalq deputatlarının müzakirələr zamanı, habelə yazılı şəkildə təqdim etdikləri təkliflərin bu və ya başqa dərəcədə layihənin təqdim olunan variantında nəzərə alındığını, elə bunun nəticəsi olaraq, Konstitusiya aktının preambulasının yenidən yazıldığını qeyd edərək, indiki halda müzakirələrə də məhz preambulanın yeni mətnindən başlamağı təklif etdi. (İlk sessiyası 1991-ci il fevralın 5-də işə başlamış on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin qərarına görə, sessiya iclaslarının stenoqramı qəzetlərdə, o cümlədən rəsmi dövlət qəzeti olan “Həyat”da dərc olunmamalıydı. Lakin biz məsələnin mühüm tarixi əhəmiyyətini nəzərə alaraq, bu və ya başqa məsələ ilə bağlı stenoqramları – videoçəkiliş və fonoqram ilə tutuşdurmadan, elə ilkin variantında “Həyat”da dərc edirdik. Bu dəfə də belə oldu. İndi fikir verirəm: Konstitusiya aktının qəbul edilməsiylə bağlı iclasın cəmi 2,5 qəzet səhifəlik stenoqramının 23-24 oktyabrda dərc olunmuş mətninin beşdə iki hissəsini (!) məhz preambula ilə bağlı söz güləşdirməsi təşkil edir.) Preambula ilə bağlı uzun müzakirələrdən sonra, nəhayət, H.Əzimov Konstitusiya aktının layihəsini maddə-maddə oxuyur, deputatlar isə cüzi əlavə və düzəlişlərlə, çox vaxt da höcət xarakterli əlavə və düzəlişlərlə münasibətlərini bildirirdilər.Həm də maraqlı burasıydı ki, hər dəfə səsvermə zamanı yetərsayın olmaması təhlükəsi yaranır və sədrlik edən Z.Səmədzadə iclas salonunda olmayan deputatları çağırmağı, onların da səsverməyə qatılmasını xahiş və tələb edirdi.
Stenoqramdan: “Z.SƏMƏDZADƏ: Az qalıb, yoldaşlar, darıxmayın. Yox, axırıncı maddəni də səsə qoyuruq, sonra. Yoldaşlar, diqqətli olun, axırıncı maddədir, ola bilər ki, bəzi maddələrdə yaddan çıxıb, ancaq axırıncı maddədə, Allah eləməsin, bir adam yaddan çıxsın... İndi bütövlükdə qanun layihəsini səsə qoyuruq. Bir dəqiqə vaxt veririk. Bayırda olan deputatları da xahiş eləyək... Çünki tarixi bir sənəddir. Xahiş edirəm... Başlayırıq səsverməyə. Bütövlükdə qanun səsə qoyulur...”.
“Əleyhinə varmı?” – “Yox”, “Bitərəf qalan?” – yenə “Yox”. (Sonralar dövlət televiziyasının ekranından rəsmi rəqəmi gördüm: iclasda iştirak edən 258 xalq deputatının HAMISI yekdilliklə “Hə” – demişdi.) Səsvermə qurtaranda iclas salonunu alqış sədası başına götürdü.
Ali Sovetin sədrinin müşaviri, xalq deputatı Tofiq M. Bağırov təklif etdi ki, oktyabrın 18-ni – “daimi olaraq özümüzün müstəqilliyimizi elan etdiyimiz günü bayram edək”; xalq deputatları Lyubov Baruşeva, İsa Qəmbərov, İsmayıl Şıxlı, Bayram Bayramov, Gülnarə Qurbanova, Etibar Məmmədov, Araz Əlizadə, Ali Sovet sədrinin birinci müavini Ziyad Səmədzadə tarixi sənədin qəbul edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdilər, ona gözaydınlığı verdilər. Mərhum Elmira Qafarova həmişə çətinliklə danışdığı Azərbaycan dilində deputatlara təşəkkür edərək, “öz adından və bütün deputatların adından Azərbaycan xalqını bu böyük bir bayramla” təbrik elədi...
Daha gözləməyin yeri deyildi: məni boğan unudulmaz hisslərin təsiri altında toya gəldim. Necə deyərlər, məclis arəstə idi. Hiss olunurdu ki, tarixi hadisədən heç kimin xəbəri yoxdur. Ona görə sağlıq söyləmək üçün mənə söz veriləndə təbriknamənin mətni artıq öz-özünə hazır idi. Bəylə gəlinin son dərəcə xoşbəxt azərbaycanlı olduğunu və toylarının artıq MÜSTƏQİL AZƏRBAYCANda çalındığını zorla söyləyə bildim – kövrəldim, boğazım qovuşdu...
***
Müstəqilliyin yolu həqiqətən də uzun və əzablı imiş.
266 deputatın (!) yekdil rəyi ilə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 15 noyabr tarixli qərarına əsasən, həmin il dekabrın 29-da Azərbaycan Respublikasında “Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya aktına tərəfdarsınızmı?” sualı ilə referendum keçirildi. Başqa sözlə, beynəlxalq hüquqa görə, Azərbaycan yalnız 1991-ci il dekabrın 29-da, keçmiş müttəfiq sovet respublikalarının hamısından sonra rəsmən müstəqilliyinə qovuşdu, daha doğrusu, 1918-ci ildə elan etdiyi dövlət müstəqilliyini bərpa etdi. Necə deyərlər, gec oldu, lakin güc oldu...
Tarixi həqiqət naminə onu da xatırladım ki, dekabrın 29-da “SSRİ” deyilən siyasi məfhum da artıq mövcud deyildi: bu dövlətin prezidenti dekabrın 25-də televiziya ilə çıxış edərək səlahiyyətlərini yerə qoyduğunu bəyan etmiş, SSRİ-nin Dövlət bayrağı Kremlin üzərindən endirilmişdi...

 


Oktyabr 2012-2016

 

Şakir YAQUBOV, iki dəfə “Əməkdar mədəniyyət işçisi”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !