ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ -

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Oktyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi.
Komitənin sədri İsa Həbibbəyli əvvəlcə Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbriklərini çatdırdı. Sonra bildirdi ki, iclasın gündəliyinə “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi daxil edilib. Bir il əvvəl bu qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılmışdı. Mütəxəssislərin və deputatların birgə fəaliyyəti sayəsində bu qanun layihəsi hazırlanaraq müzakirəyə təqdim edilib.
Komitə sədri bildirdi ki, qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir və onun hazırlanmasında müasir dünya təcrübəsi nəzərə alınıb. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcəkdir.
İclasda çıxış edən komitə üzvləri Bəxtiyar Əliyev, Rafael Hüseynov, Sona Əliyeva, Kamilə Əliyeva, Təhsil Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, bu sahədə qəbul olunmuş qanunlar və qarşıda dayanan vəzifələr barədə fikirlərini bildirdilər, müzakirəyə çıxarılmış qanun layihəsinin tezliklə qəbul olunmasının vacibliyini diqqətə çatdırdılar.
Müzakirələrin yekununda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !