MİLLİ MƏCLİSDƏ GÖRÜŞ -

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Oktyabrın 20-də Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Azərbaycanla Seneqal arasında qarşılıqlı münasibətlərin, iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Valeh Ələsgərov bildirdi ki, bunun üçün hər iki tərəfdə kifayət qədər potensial var. Münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rola malikdir. Ölkələrimiz beynəlxalq təşkilatlarda, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstək şəraitində fəaliyyət göstərir və bu ənənəni qoruyub saxlamaq lazımdır.
Valeh Ələsgərov qonaqlara Milli Məclisin fəaliyyəti, strukturu və parlamentarizm ənənələri barədə geniş məlumat verdi. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, iki ölkə arasında beynəlxalq sənədlərin imzalanmasının vacibliyi, energetika sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri energetika və nəqliyyat layihələri, Azərbaycanda energetika sahəsində həyata keçirilən işlər müzakirə mövzusu oldu.
Səmimi görüş üçün təşəkkürünü bildirən Seneqal Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueye Azərbaycanın inkişafından məmnunluğunu bildirdi. Diqqətə çatdırdı ki, Azərbaycanın energetika sahəsindəki zəngin təcrübəsindən Seneqal da bəhrələnmək istəyir. Qonaq iki ölkə arasında iqtisadi, siyasi, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafının əhəmiyyətli olacağına əminliyini ifadə etdi.
Görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !