Zirvədən görünən İslam dünyası - FOTO

Zirvədən görünən İslam dünyası FOTO

Avrasiya İslam Şurasının IX Zirvə toplantısı barədə qeydlər

Dünyada özünəməxsus tarixi abidələri ilə zəngin, gəzməli və görməli yerləri göz oxşayan çox şəhərlər var. İstanbul isə iki qitədə - Avropa və Asiyada yerləşən yeganə və həm də ən qədim şəhərdir. Bir-biri ilə həmahənglik yaradan Qərb və Şərq memarlığının müxtəlifliyi İstanbulun xüsusi, təkrarsız simasını yaradır. Topqapı sarayı, Ayasofiya məbədi, Gülhanə parkı, altı minarəli Sultanəhməd məscidi, Dolmabaxça sarayı, Eyyub Sultan məscidi, Beşiktaş sarayı, Saat qülləsi, Taksim meydanı, Qız qülləsi, Çırağan sarayı və başqa məşhur tikililəri İstanbula gələn əcnəbi turistlər həvəslə ziyarət edirlər.
Xilafətin tarixi paytaxtı - İslamın müasir mərkəzi

1453-1922-ci illər arasında Osmanlı İmperatorluğunun paytaxtı olan İstanbul şəhəri 2010-cu ildə Almaniyanın Essen və Macarıstanın Peç şəhərləri ilə birgə Avropanın mədəniyyət paytaxtlarından biri elan edilmişdir. 622 il davam edən böyük Osmanlı İmperiyası Ağ dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində qərinələr boyu hökm sürmüş və müxtəlif irq və dinlərdən olan bir çox xalqı öz idarəçiliyində birləşdirmişdir.
Osmanlı İmperiyası XVI əsrin əvvəllərindən (daha dəqiq desək, 1517-ci ildən) etibarən xəlifəlik adını - yəni İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür. Sultan Orxanın “Biz üç qitəyə hakim olmalıyıq” vəsiyyətini yerinə yetirən Sultan Səlim Osmanlı İmperiyasını geosiyasi cəhətdən dünyanın və İslam aləminin mərkəzinə çevirdi. Məhz o zaman İslam peyğəmbərinin müqəddəs əmanətləri - xələti, dişi, bayrağı və qılıncı Məkkə və Mədinədən İstanbula gətirilmiş və sonuncu Abbasi xəlifəsi III Mütəvəkkil öz əli ilə xəlifəlik xələtini Sultan Səlimin əyninə geyindirib, peyğəmbərin qılıncını ona verərək sultanı yeni xəlifə elan etmişdi. Beləliklə, Xəlifəlik 1923-cü ilə kimi - ortadan qaldırılana qədər Abbasilər soyundan Osmanlı soyuna keçmişdi. Və bu müddət ərzində Osmanlı sultanları bütün İslam dünyasında müsəlmanların Xəlifəliyin qayda-qanunlarına, adətlərinə riayət etməyinə səy göstərmişdilər.
Təsadüfi deyil ki, son illər İstanbulda dəfələrlə İslam Əməkdaşlıq Təşkilatının, Avrasiya İslam Şurasının, Türk dövlətləri başçılarının zirvə toplantıları keçirilib. Bir qayda olaraq, bu toplantılarda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və İslam dünyasının ümumi problemlərini birgə həll etmək məsələləri müzakirə olunur və “islam” adı altında fəaliyyət göstərən bu və ya digər terror təşkilatlarının əməllərinə etiraz bildirilir.
Bu ilin oktyabr ayının 9-da İstanbulun Dolmabaxça sarayında öz işinə başlayan Avrasiya İslam Şurasının IX Zirvə toplantısı da məhz belə mühüm tədbirlərdən biri idi. Qardaş Türkiyənin diyanət işləri başqanı Mehmet Görmezin dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, eləcə də deputat həmkarım Cavanşir Paşazadə və mən ölkəmizin hər iki qurumundan olan nümayəndələri ilə birlikdə bu toplantının açılış mərasimində iştirak edirdik.
“Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivi” devizi altında keçirilən budəfəki zirvə toplantısında Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Orta Asiya, Qafqaz və Şərqi Avropa regionuna daxil olan ölkələrdən din siyasəti ilə məşğul olan rəsmi şəxslər, nüfuzlu din xadimləri də iştirak edirdilər.
Zirvə toplantısında ənənəvi olaraq əvvəlcə “Qurani-Kərim”dən ayələr oxundu, sonra 2016-cı il iyulun 15-də qardaş Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı kadrlar əsasında hazırlanmış film nümayiş olundu.
2500 nəfərlik seyrçi zalında həyəcan dolu o kadrlara baxa-baxa İslam dünyasının dünəni və bugünü barədə düşüncələrə dalmışdım. Bir az öncə Dolmabaxça sarayının həm xarici, həm də daxili görünüşünə, füsunkar interyerlərinə elə ən azından mənim kimi heyranlıqla tamaşa edənlər bəlkə də Avrasiya İslam Şurasının IX Zirvə toplantısının niyə bu möhtəşəm və əzəmətli sarayda keçirildiyinin bir o qədər də fərqinə varmırdılar! Axı Osmanlı sultanları - İslam birliyinin simvolu olan Xilafətin xəlifələrinin bir çoxu, çox sonralar isə Mustafa Kamal Atatürk başda olmaqla Türkiyənin görkəmli dövlət xadimlərinin əksəriyyəti bu sarayda yaşamışdı.
27 iyul 1932-ci ildə bu sarayda I Türk Tarix Konqresi açılmış, 1934-cü ildə I və II Türk Dil qurultayları burada keçirilmişdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 10 noyabr 1938-ci il saat 9:05 radələrində həyata gözlərini əbədi yumduğu Dolmabaxça sarayındakı tarixi otaq əşyaları ilə birlikdə muzeyə çevrilmişdir. Sarayın bir hissəsi 1984-cü ildən bugünə kimi muzey kimi xidmət göstərməkdədir.

***

 

18 noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi Şahzadə II Əbdülməcid Əfəndini xəlifə təyin etdi. Başda Roma Papası olmaqla bütün xristian təşkilatları yeni İslam xəlifəsinə təbrik ünvanlayaraq vəzifəsində müvəffəqiyyətlər arzuladılar. Bu, əslində, nəzakət jestindən başqa bir şey deyildi və çox qısa zaman kəsiyində baş verəcək hadisələr istər İslam dünyası, istərsə də Avropa üçün böyük əhəmiyyət kəsb edirdi. Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra Ankara cümhuriyyətin, İstanbul isə Xilafətin mərkəzinə çevrildi.
1924-cü il martın 3-də Türkiyə Böyük Millət Məclisi qəbul etdiyi qərarla Xilafətin mövcudluğuna son qoydu. Beləliklə, İslamın ilk xəlifəsi Həzrət Əbubəkr (ə) son və 102-ci xəlifəsi isə II Əbdülməcid oldu. Xilafətin ləğv edilməsindən sonra isə sonuncu - otuzaltıncı Osmanlı sultanı VI Mehmet Vəhdətdinin (1918-1922) varisi Şahzadə II Əbdülməcid Əfəndi yaxınları ilə birgə Dolmabaxça sarayını tərk etmişdir. Xristianlığı qəbul etmək təklif olunsa da, İslamın son xəlifəsi Sultan II Əbdülməcid Əfəndi ömrünün sonunadək öz vəzifəsini şərəflə yerinə yetirdi. Fransada sürgün həyatı yaşayan II Əbdülməcid Əfəndi bütün çətinliklərə baxmayaraq, xanədanın protokol qaydalarına israrla riayət edir, cümə namazlarını Parisdəki Böyük məsciddə qılırmış...
1944-cü il avqust ayının 23-də Parisdə ürək tutmasından dünyasını dəyişən II Əbdülməcid Əfəndinin nəşi sonuncu xəlifə olaraq Parisdən Məkkəyə aparılaraq Baqi qəbiristanlığında dəfn olunub.

İslama ən böyük bəla məzhəb ayrı-seçkiliyindən gəlir

Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılan Avrasiya İslam Şurası bu coğrafiyada müsəlman dini liderləri bir araya gətirən ən böyük müşavirə platformalarından biridir. Şura Avrasiya regionunda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və ümumi problemləri birgə həll etmək məqsədilə zirvə toplantıları keçirir. Bu toplantılarda İslam dininin dünyada sülh və sabitliyin yaranmasında rolu, dinlər və mədəniyyətlərarası əlaqələrin inkişafı, eləcə də dini təhsilin həyata keçirilməsinə dair məsələlər müzakirə edilir.
Türkiyə diyanət işləri başqanı Mehmet Görmez açılş mərasimindəki nitqində “Allahın dinini tanıtmaz hala gətirən və dinə qarşı paralel din icad edən qurumlarla mübarizədə işbirliyinin ələ alınmasını” önə çəkdi. Məhərrəm ayının, eləcə Aşura gecəsinin idrak edilməsini, İslam mədəniyyətinin təşəkkülünə rəvac verən hicrətin xeyirlərə vəsilə olmasını diləyən, eləcə də şəhidlərin sərçeşməsi Həzrət Hüseyn başda olmaqla Kərbəlada can verən bütün şəhidləri rəhmətlə və təzimlə yad edən Mehmet Görmezin çıxışından bir neçə fikri sitat gətirməyi özümə borc bilirəm: “Hicrətin 1438-ci ilinin (yəni hicri təqvimi ilə məhərrəm ayında yeni il başlanır - H.M.) savaşdan barışa, zülmdən ədalətə, şiddətdən mərhəmətə, zillətdən izzətə hicrət etdiyimiz bir il olmasını, coğrafiyamıza və bölgəmizə barış, dinclik, sülh ümidi doğmasını uca Allahdan niyaz edirəm... İslam coğrafiyasında Kərbəlanın ahu-fəğanları üzərinə bir güc və iqtidar inşa etməyə və bunun uğrunda dava etməyə davam etsək, bu, Kərbəlanı heç anlamadığımız və Yezidlərin düşdüyü xətaya düşməkdən özümüzü qorumadığımız anlamına gəlir... Bu gün müsəlman qardaşlarını qətletmə cürümünü işləyənlər Kərbəlanı heç anlamamış, heç bir dərs və ibrət almamışdırlar. Kərbəla hadisəsi isə bizlərə yüklədiyi iş və məsuliyyət, könül qapılarımızı taybatay bir-birimizə açmaqdı, ürəklərimizi səhrayi-Kərbəlaya döndərməmək və Kərbəlanın kərbü-bəlasını çağımıza daşımamaqdır...”
33 ölkənin dini liderinin qatıldığı Avrasiya İslam Şurasının IX Zirvə toplantısı yaddaşlara daha maraqlı iki məqamla həkk olundu. Birincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış üçün kürsüyə çıxanda yaxınlıqdakı məsciddən azan səsi yüksəldi. Prezident sayğı duruşunda dayanıb azanın bitməsini gözlədi. Bu, Türkiyə dövlət başçısının İslam dininə necə cani-dildən bağlılığının ən bariz nümunəsi idi. İkincisi, Ərdoğan öz çıxışında vurğuladı ki, “mənim sünnilik deyə bir dinim yoxdur, mənim şiəlik deyə bir dinim də yoxdur. Mənim dinim dini-mübin (mübin - varlığı gizli olmayan, aydın olan, haqqı izhar edən, gerçəyi bəyan edən deməkdir - H.M.) olan İslamdır. İslamın bütün səhih şərhləri mənim üçün hörmətə layiqdir...”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu mövzuda bəyanatlar verib. Budəfəki toplantıda da bildirdi ki, “...üstəlik tək məsələ də bu deyil; məzhəbçilik fitnəsi İslam dünyasına müdaxilələrə qapı açan bir digər əhəmiyyətli səbəbi təşkil edir. Bu gün İraqda, Suriyada, Yəməndə, keçmişdə Livanda, hətta bir dövr Türkiyədə eyni oyun oynandı və oynanılır...” Türkiyə dövlət başçısı, həmişəki kimi, vurğuladı ki, “hazırda terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir...”
Ərdoğanın “Mən nə sünniyəm, nə şiəyəm. Mən müsəlmanam...” fikri böyük türk sərkərdəsi Nadir şah Əfşarın təşəbbüsü ilə keçirilən Muğan qurultayını xatırlatdı: iki ay sürən möhtəşəm qurultayda Nadir şah Əfşar belə bir təklif verir ki, əgər məni şah görmək istəyirsinizsə, biz şiə məzhəbini sünni məzhəbi ilə birləşdirib məzhəb ayrılığına son qoymalıyıq. Əyanlar yığışıb razılaşırlar ki, Nadir şah olsun. Salnaməçi Astrabadini İstanbula göndərirlər ki, sultana çatdırsın ki, təklifimi qəbul edərsə, mən ərazimi Osmanlı ərazisi ilə birləşdirərəm. Təəssüf ki, o vaxt bu təklifi sünni üləmaları rədd edirlər...
Nadir şahın türk dünyası qarşısında mühüm xidmətlərindən biri də bu idi ki, iki türk xalqı - Osmanlı və Səfəvilərdə məzhəb ayrılığına son qoymaq və düşmənçiliyi aradan qaldırmaq üçün hər iki məzhəbin qəbul etdiyi ortaq (Cəfəri-Sadiq) məzhəb təklif edib. Bu barədə sonralar XIX əsr Azərbaycan tarixçisi və yazıçısı Abbasqulu ağa Bakıxanov təəssüflə yazırdı: “Bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də, qəbul olunmadı”. Bu gün Azərbaycanda İslam dini sahəsindəki bir çox islahat məhz Nadir şahın adı ilə bağlıdır. Tarixi mənbələrdə qeyd olunur ki, öz dövründə sünni və şiələr arasında ifrat məzhəb ayrılığına son qoyduğu üçün ətrafında düşmənləri artır və elə Nadirin öz qohumlarının əli ilə ona sui-qəsd edilir...
Bəli, Azərbaycan dedim, yəqin ki, bəziləri buna dodaq büzəcəklər. Axı Azərbaycan və İran torpaqlarını 1100 ildən artıq idarə etmiş türk hökmdarları - Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar imperiyaları elə Azərbaycan deməkdir. Qaraqoyunluların İmperiyası düz Batum şəhərinəcən dirənirdi. O zaman heç Tiflisin söhbəti yox idi. Ağqoyunluların zamanında sərhədlər Qara dənizə, Əfşarlar zamanı isə gedib okeana qədər uzanırdı. Bu imperiyaların hamısı Azərbaycan ərazisindən boy atıb. Azərbaycan Respublikasından əlavə torpaqlarının böyük bir hissəsi İranın, bir hissəsi Gürcüstanın, bir hissəsi Ermənistanın və bir hissəsi isə Rusiyanın içindədir bu gün. Bəs bunun səbəbini nədə və ya kimdə axtarmalıyıq? İlk növbədə İslam dinindəki məzhəb ayrılıqları bu və digər imperiyaların zəifləməsinin əsas səbəblərindən biri idi.
Bəs bu gün, görəsən, daha radikal məzhəblərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Toplantıda deyildiyi kimi: “Din istismarı ilkin olaraq mömin vicdanların, müsəlman alimlərin və dini qurumların, dini təhsil verən müəssisələrin çalışmaları və fəaliyyəti ilə ortadan qaldırmaq (bərtaraf) edilə bilər...”
Bəlkə doğrudan da dünyada - xüsusilə İslam aləmində insanyetişdirmə mexanizmləri yenidən gözdən keçirilməlidir?
İstanbuldakı Dolmabaxça sarayında zirvənin rəsmi açılışında Prezident Rəcəb Tayyib Ərdoğandan sonra Baş nazirin müavini Numan Qurtulmuş, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin və başqaları çıxışlarında dünyada sülhün və sabitliyin bərpasına nail olunması üçün mühüm çağırışlar etdilər. Eyni zamanda regionda İslamın gələcəyi və dini istismar edən hərəkətlər, dini təhsil verən qurumlar, qlobal təhdidlər və şiddət təhlükəsi - İŞİD, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyaya təsirləri, dini istismarın qarşısının alınması yolları və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyevin səmimi salamlarını və xeyir-duasını zirvə toplantısının iştirakçılarına çatdıran Şeyxülislam Allahşükür Paşazadə Türkiyədə törədilən terror aktlarını və 15 iyul dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyərək türk xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə tarixin daha bir ağır sınağından alnıaçıq çıxa bildiyini vurğuladı. Möhtərəm şeyx həzrətləri Ərdoğana xitabən dedi: “Biz din xadimləri zati-alilərinizin Türk-İslam dünyasının yüksəlişi maraq və mənafeləri naminə möhtəşəm fəaliyyətinizi dəstəkləyir, Sizi Türk dünyasının ağsaqqalı olaraq qəbul edirik”.
Çıxışlarda müsəlman xalqları arasında dostluğun möhkəmləndirilməsinin və dünyadakı münaqişələrin həllinin, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, o cümlədən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tezliklə aradan qaldırılmasının vacibliyi kimi məsələlərdən bəhs olundu. Rəsmi açılışdan sonra panellər üzrə müzakirələr zamanı çıxış edən Türkiyənin diyanət işləri başqanı Mehmet Görmez Avrasiya İslam Şurasının ötən dövrdəki fəaliyyəti, qarşıda duran vəzifələr, Türkiyənin dini bərabərlik siyasəti, bu ölkənin qarşılaşdığı çətinliklərdən bəhs etdi. Sonra Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Moldova və digər ölkələrdən müxtəlif müsəlman dini icmalarının nümayəndələri çıxış etdilər.
***

Yaxın Şərqdə və digər ölkələrdə yaşanan münaqişələri, o cümlədən Türkiyədə səngimək bilməyən amansız terror aktlarını düşmən qüvvələrin birgə fəaliyyətinin nəticəsi kimi dəyərləndirən Allahşükür Paşazadə diqqətə çatdırdı ki, bütün bu qarşıdurmaların başlıca səbəbi beynəlxalq aləmdəki ikili standartlardır. Terrorçu qüvvələr bu gün öz niyyətlərinə İraqda, Əfqanıstanda, Suriyada, Fələstində, Türkiyədə, Azərbaycanın bir parçası olan Qarabağda, Liviyada və digər ölkələrdə nail olmağa çalışırlar.
Azərbaycan ərazisinin bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, xalqımıza qarşı Xocalı soyqırımının törədilməsi, təcavüzkar Ermənistan tərəfindən ölkəmizdə həyata keçirilən terror aktları nəticəsində axıdılan günahsız insan qanları, müasir dünyada yaşanan miqrant faciələri, özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Avropada miqrantların müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi ilə qarşılaşması çox ciddi narahatedici amillərdir. Xalqımızın erməni terrorizmindən böyük zərər çəkdiyini, çoxlu sayda insan itkisi ilə qarşılaşdığını bildirən Allahşükür Paşazadə qeyd etdi ki, Azərbaycan bütün hallarda terrora, o cümlədən İŞİD və FETÖ kimi terror təşkilatlarının fəaliyyətinə qarşı öz etirazını sərgiləyərək haqq və ədalət tərəfdarıdır. Müsəlmanlar yaşayan ərazilərdə hərb, iğtişaş, insan qırğınları, maddi və qeyri-maddi mədəni irsin məhvi səngimədiyi bir zamanda Avropada islamofobiya təzahürləri dərinləşir, məcburi miqrantlara qarşı antihumanist münasibət kəskinləşir. Bəli, möhtərəm şeyximizin dediyi kimi, məzhəbindən asılı olmayaraq hər bir sağlam düşüncəli müsəlman anlayır ki, bu növ təxribatlar bütövlükdə İslam və onun müqəddəs dəyərlərinə qarşı yönəlib: “...Həssaslıq kəsb edən məqamlardan biri Türk-İslam dünyasının daxilində fəsad törətmək niyyətində olan FETÖ, PKK və onların təhlükəsidir”.
İslam dininin xalqlarımızın həyatındakı tarixi rolundan bəhs edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışında qeyd etdi ki, türk xalqları, o cümlədən azərbaycanlılar bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşulub, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynayıblar. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz zaman cəmi 17 məscid olan ölkəmizdə hazırda 2100-dən çox məscidin fəaliyyət göstərdiyini diqqətə çatdıran Mübariz Qurbanlı bildirdi ki, müstəqilliyini əzmlə qoruyan və gündən-günə möhkəmləndirən Azərbaycan xalqı islami dəyərlərin qorunması istiqamətində də böyük irəliləyişə nail olub. Bu, milli-mənəvi və islami dəyərlərimizin qorunması istiqamətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən böyük siyasətin məntiqi nəticəsidir. Son illər ölkəmizin sürətli inkişafı, beynəlxalq aləmdəki mövqelərinin güclənməsi kimi məsələlərdən söhbət açan M.Qurbanlı bildirdi ki, Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, xalqımızın yüzillər boyu formalaşmış dözümlülük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini etiqad azadlığından sui-istifadəyə yol vermək olmaz. Azərbaycan hökuməti dini radikalizm və ekstremizmə qarşı mübarizədə bütün ölkələrlə, xüsusilə qardaş müsəlman ölkələrilə hər cür əməkdaşlığa hazırdır.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Vüqar Babayev dövlət-din münasibətlərinin tənzimlənməsi, dinin siyasi və qrup maraqlarından uzaq tutulması, dinlər və məzhəblərarası dialoqun təşkili, tolerantlıq mühitinin qorunması, xüsusilə dini maarifləndirmə işinin sağlam və mötəbər qaynaqlar əsasında həyata keçirilməsi və s. istiqamətlərdə muxtar respublikada görülən işlər barədə iştirakçılara ətraflı məlumat verdi.
Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb. 1995-ci ildən ənənəvi olaraq Avrasiya regionunda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və ümumi problemləri birgə həll etməyi qarşıya məqsəd qoyan Avrasiya İslam Şurasının indiyədək keçirilmiş zirvə toplantılarında dinin dünyada sülh və sabitliyin yaranmasında rolu, dinlər və mədəniyyətlərarası əlaqələrin inkişafı, eləcə də dini təhsilin həyata keçirilməsinə dair məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib...

Qanvermə və ya almanları heyrətə gətirən əhvalat

...İstanbuldan Bakıya qayıdanda yol boyu səfər yoldaşlarımızla müzakirə edirdik ki, görəsən, Avrasiya regionunda yaşayan ölkələrin dini liderləri arasında bir-birinə etimad hissinin möhkəmlənməsi, eyni zamanda dünyada dinlərarası münaqişələrin həlli istiqamətində daha hansı addımlar atıla bilər? Sualın bir qisminə Aşura günü Bakıda - Təzəpir məscidində qanvermə aksiyası zamanı cavab tapdıq.
Biz İstanbuldan zirvə toplantısından qayıdan gün - 12 oktyabrda - Aşura günü Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Təzəpir məscidində qanvermə aksiyasına qatıldıq: millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Cavanşir Paşazadə, mən, eləcə də Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein və ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşuldular. Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü bütün müsəlmanlara başsağlığı verəndən sonra jurnalistlərə verdiyi müsahibədə qeyd etdi ki, “qan çıxarmaq istəyənlər bu aksiyada iştirak etsinlər. Bu həm də savab əməldir. Çünki toplanan qan ehtiyacı olan insanlara veriləcək. Yalnız dindarları deyil, sadə vətəndaşları da bu aksiyada iştirak etməyə səsləyirəm”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü qanvermə aksiyasının keçirilməsinin ilk dəfə Azərbaycanda tətbiq edildiyini, başqa ölkələrin də bizdən nümunə götürdüyünü bildirdi.
Qanvermə aksiyasından sonra şeyx həzrətlərinin çox maraqlı, həm də düşündürücü bir söhbəti ruhumu silkələdi. Günlərin bir günü yepiskop Aleksandr İşein ağır xəstələnir. Möhtərəm şeyx həzrətləri onu öz vəsaiti ilə Almaniyaya aparır. Aleksandr İşeini müayinə edən alman həkimləri heyrətə gəlirlər, necə olur ki, Azərbaycanda xristian din rəhbərinin qayğısına müsəlmanların dini rəhbəri qalır, dar günündə ona kömək edir? Görəsən, bu suala cavab axtaran almanlar insanda mərhəmət deyilən bir hissin haradan qaynaqlandığı barədə düşünüblərmi?
Bəlkə oxuculara elə gəlir ki, bu münasibət təkcə dini liderlərin arasında baş verə bilər?!ЁXeyr, sadə insanların - yəni bu və ya digər dindən olanlarla Quranın buyurduqlarına əməl edən hər bir müsəlman bəndə arasında da yüzlərlə belə fakt mövcuddur.
Qarşılıqlı münasibət deyilən bir ifadə var. Dinindən, dilindən asılı olmayaraq hər bir insanın vicdanına da ilk növbədə belə hisslər hakim kəsilir, bu həm də sülh, əmin-amanlıqda yaşamağın qarantı olur.
Həzrəti peyğəmbərimiz Məhəmməd salavatullah bizlərə tövsiyə etmişdir: “Birlikdə rəhmət, parçalanmaqda əzab vardır”.
Özünü dünyaya “demokratiya və insan hüquqlarının təminatçısı” kimi təqdim edən Avropada miqrantların müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi ilə qarşılanması, müsəlmanlara ədalətsiz yanaşmanın şahidi oluruq. Çox acınacaqlı haldır ki, bu gün dünyanın 40-dan çox ölkəsində məzhəblərarası, millətlərarası savaşlar gedir. Hər il on minlərlə insan belə savaşlarda həyatını itirir. Yüz minlərləsi yurdundan-yuvasından didərgin düşür. Minillər boyu tikilən şəhərlər məhv edilir. Hər gün Avropaya Şərqdən - müharibə və terror ocağı səngimək bilməyən ölkələrdən miqrant axını barədə KİV-də xəbərlər verilir. Kadrlarda neçə-neçə didərginin gəmidə, qayıqda dənizlə yol gələrkən suya qərq olduğunu görəndə ürək ağrıyır. Son 10-15 ildə 2,5 milyondan çox insan etnik və dini zəmində gedən müharibələrin qurbanı olub.
Dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dünya dövlətləri bu ədalətsiz müharibələrin qarşısını almaq üçün çalışmalıdırlar. Bu gün Qərbdə, Şərqdə mövcud olan bütün dinlər baş verənləri, xüsusilə terror aktlarını tənqid edir. Hər bir din bu və ya digər ölkələrdə qəddarcasına baş verən insan ölümlərini pisləyir.

Azərbaycan nümunəsi

Tarix sübut edir ki, Şərq və Qərb cəmiyyətlərinin tarixən bir-birindən uzaqlaşması həmişə ağrılı proseslərlə, yaxud yeni qarşıdurmalarla nəticələnmişdir. Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir.
Təsadüfi deyil ki, Cənubi Qafqazın ilk məscidi sayılan Şamaxı Cümə məscidi 743-cü ildə Azərbaycanda inşa edilmişdir. İstanbuldakı zirvə toplantısında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qeyd etdiyi kimi, türk xalqları, o cümlədən azərbaycanlılar İslamı qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qovuşmuş, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında və zənginləşməsində mühüm rol oynamışlar.
Bu gün Azərbaycan dünyada tolerant, multikultural dəyərləri təbliğ və təşviq edən örnək və nümunəvi bir ölkədir. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Möhtərəm Prezidentimiz bununla bağlı belə deyir: “Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm də dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliğində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun ki, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir, bizim ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar, bizim ölkəmizin dəyərli vətəndaşlarıdırlar və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər...”
Xalqımızın 1990-cı illərdən üzü bəri humanitar fəlakətlə üzləşdiyini Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papasının diqqətinə çatdıran möhtərəm Prezidentimiz demişdir: “Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə, öz növbəmizdə, Bakıda erməni kilsəsini bərpa etdik. Bakıda yerləşən erməni kilsəsində erməni dilində 5 mindən çox kitab saxlanılır. Bax fərq bundan ibarətdir. Bu onların hərəkətləri, bu da bizim münasibətimiz. Buna görə təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar”.
Fikrimi Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxışından bir sitat gətirməklə bitirmək istəyirəm: “Azərbaycanda... katolik icmasının müsəlman, pravoslav və yəhudi icmaları ilə səmimi münasibətləri saxlamasından xüsusi olaraq məmnunam və arzu edirəm ki, dostluq və əməkdaşlıq telləri daha da artsın. Bu cür yaxşı münasibətlər sülh şəraitində yan-yana yaşama və dünyada sülh üçün xüsusi əhəmiyyət kəsb edir və göstərir ki, müxtəlif dini konfessiyaların mənsubları arasında səmimi əlaqələr, hörmət və hamının rifahı üçün əməkdaşlıq mümkündür. Əsl dini dəyərlərə bağlılıq hər şeydən əvvəl Tanrının müqəddəs adından istifadə edərək zorakılıqla öz baxışlarını digər şəxslərə qəbul etdirmək cəhdinə tam ziddir. Tanrıya inam cəmiyyətin ümumi rifahına xidmət edən qarşılıqlı anlaşmaya və hörmətə, qarşılıqlı yardıma sövq edən əsl mənbədir. Qoy Tanrı Azərbaycana harmoniya, sülh və çiçəklənmə nazil etsin”...
Amin...

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq
Bakı - İstanbul - Bakı 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !