Özbəkistanın "Mədəniyyət və Mərifət" telekanalında Azərbaycanın turizm imkanlarına dair videoçarxın nümayişinə başlanıldı - FOTO

Özbəkistanın "Mədəniyyət və Mərifət" telekanalında Azərbaycanın turizm imkanlarına dair videoçarxın nümayişinə başlanıldı FOTO

Özbəkistanda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2016-cı ildə Azərbaycanın turizm resurslarının Özbəkistanda təbliği, müalicəvi və istirahət turizm mərkəzlərinə dair çoxsaylı təqdimatlar keçirir.
Özbəkistan vətəndaşlarını, turistləri Azərbaycana cəlb etmək məqsədi ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan videoçarx Özbəkistan Dövlət Televiziyasının kanallarında nümayişinə start verilib.
Videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhəri, onun görməli yerləri, tarixi "İçərişəhər", şəhərin arxitekturası, Bakı gecələri, dəniz mənzərəsi dənizkənarı Milli Park öz əksini tapmışdır. Videomaterialın musiqisində Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun "Qarabağ Azərbaycan incisidir" orkestr üçün bəstəsindən istifadə olunub.
Material 31 oktyabr - 4 noyabr tarixlərində axşam saat 20:00-da Özbəkistanın "Mədəniyyət və Mərifət" telekanalında "Bugün" xəbərlər proqramı arasında nümayiş etdiriləcəkdir.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə "Ozarbayjon" adlı videoçarx internetin "youtube.com" səhifəsində artıq yerləşdirilib (https://www.youtube.com/watch?v=_tUXe2C45RU&feature=youtu.be).
Qeyd edək ki, Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın turizm resursları, milli mətbəxinin təbliği yalnız keçirilən tədbirlər səviyyəsində deyil, hətta nəşr olunan kitablarda və Mərkəzin saytında da ictimaiyyətə geniş işıqlandırılır.
Mədəniyyət Mərkəzi tərəfindən bu il Özbəkistanda keçirilən 22-ci Daşkənd Beynəlxalq Turizm Sərgi və Yarmarkasında Azərbaycanın turizm resurslarının təqdimatı təşkil olunub, Daşkənddə mərkəzi yollarda Azərbaycanın Naftalan müalicə mərkəzlərinə dair reklam löhvələri yerləşdirilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !