Aqrar siyasət komitəsində iki qanun layihəsinə baxıldı -

Aqrar siyasət komitəsində iki qanun layihəsinə baxıldı

Noyabrın 3-də Aqrar siyasət komitəsində iki qanun layihəsinə baxıldı. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş hər iki sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır.
İclasda “Tütün və tütün məmulatı haqqında”, həmçinin “Çayçılıq haqqında” qanunlara təklif olunan dəyişiklikləri Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə təqdim etdi. Bildirdi ki, 2015-ci ilin may ayında “Reklam haqqında” qanuna edilmiş dəyişikliklə əlaqədar olaraq “Tütün və tütün məmulatı haqqında” qanunun 20-ci maddəsinə bir sıra dəyişikliklər təklif olunur. Yeni qanuna əsasən, tütünün və tütün məmulatının, onların ləvazimatlarının, tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamına qadağa qoyulur. Həmçinin tütün məmulatının satışı zamanı həvəsləndirmə üsulları məhdudlaşdırılır, yəni siqaret alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi qadağan edilir.
“Çayçılıq haqqında” qanunun 17.3-cü maddəsinə edilən dəyişiklikdə isə söhbət qadağadan getmir. Çay məhsullarının reklamının konkret olaraq “Reklam haqqında” qanuna uyğun həyata keçirilməsi nəzərdə tutulur.
Müzakirələrdə komitə sədrinin müavini Eldar Quliyev, deputatlar Hüseynbala Mirələmov, Novruzəli Aslanov, Mahir Aslanov, Aydın Hüseynov layihələrin vacibliyini vurğuladılar. Bildirdilər ki, hər iki sənəd mütərəqqi dəyişiklikləri ehtiva edir. Xüsusilə, “Tütün və tütün məmulatı haqqında” qanundakı dəyişikliklər əhalinin sağlamlığının qorunması məqsədini daşıyır.
Səmərəli fikir mübadiləsindən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !