Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul etdi -

Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul etdi

Noyabrın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul etdi.
Sədr qonağı qardaş Türkiyənin Azərbaycanda səfiri təyin olunması münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzuladı. Bildirildi ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, bu səfərlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.
Spiker əlaqələrimizin daha da dərinləşməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. O, V çağırış Milli Məclisin Sədri kimi ilk rəsmi səfərini də məhz Türkiyəyə etdiyini söylədi. Bildirildi ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artıq bir ənənə halı almışdır. Bu, təcrübə və informasiya mübadiləsi baxımından olduqca önəmlidir.
Spiker səfirin gələcək fəaliyyətində onsuz da yüksək səviyyədə olan siyasi, iqtisadi, mədəni, humanitar, elmi və sosial sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsində əlindən gələni əsirgəməyəcəyinə inamını ifadə etdi.
Qeyd edildi ki, mühüm əhəmiyyət daşıyan TANAP və TAP layihələrinin həyata keçirilməsində hər iki ölkə fəal iştirak edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallaşması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olmuşdur. Cənub qaz dəhlizinin müvəffəqiyyətlə başa çatması isə bu sahədə mühüm uğur olacaqdır.
Sədr Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası nəticəsində bütün türk dünyasının yeni Dəmir İpək Yolu ilə birləşəcəyini, ölkələrimizin beynəlxalq aləmdə önəminin daha da artacağını söylədi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Cümhuriyyətinin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral ulu öndər Heydər Əliyevin söylədiyi kimi “bir millət iki dövlət” olan Türkiyə ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, bu yolda gərəkli addımlar atacağını dedi. Bildirildi ki, dost və qardaş Türkiyə ilə Azərbaycan arasında həll olunmamış heç bir problem yoxdur. Bizim münasibətlərimiz digər ölkələr üçün də nümunə ola bilər.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, regiondakı ictimai-siyasi durum və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

* * *

 

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşezi qəbul etdi.
Sədr qonağa yeni diplomatik fəaliyyətində uğurlar arzulayaraq, Fransa ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə daha yüksək səviyyəyə qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyinə inamını söylədi. Qonağa bu şərəfli və məsuliyyətli işində uğurlar dilədi.
Qeyd edildi ki, münasibətlərimizin dərinləşməsində dövlət başçılarının görüşləri və aparılan danışıqlar mühüm rol oynamışdır. Bu günədək ölkələrimiz arasında 50-yə yaxın hüquqi sənəd imzalanmışdır.
Bakıda Fransız liseyinin fəaliyyət göstərməsi və ötən il Azərbaycan-Fransız Universitetinə dair niyyət barədə sənədin imzalanması xalqlarımızın ümumi məqsədlərinə xidmət edir. Bu gün Azərbaycanda 40-a yaxın Fransız şirkəti səmərəli fəaliyyət göstərir. Azərbaycan-Fransa İqtisadi Komissiyası iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Sədr münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini əhəmiyyətli hesab etdi. Bildirildi ki, Azərbaycan Milli Məclisi Fransa Parlamenti ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir. Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etməsi buna parlaq misaldır.
Bu gün hər iki ölkənin deputatları nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir, tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
Spiker ümidvar olduğunu bildirdi ki, qonaq səfir kimi ölkələrimiz arasında əldə olunmuş nailiyyətlərin daha da dərinləşməsinə öz diplomatik fəaliyyəti dövründə yeni töhfələr verəcəkdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşez Azərbaycanda fəaliyyətə başlamasından məmnun olduğunu söyləyərək, bir diplomat kimi Fransa-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində səylərini əsirgəməyəcəyini söylədi. Qeyd edildi ki, Fransa Qafqazın bu bölgəsi ilə münasibətlərin inkişafına böyük maraq göstərir və Azərbaycanı özünə dost ölkə hesab edir. Təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizi genişləndirmək üçün böyük imkanlar vardır. Bu niyyətlərin baş tutması xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaqdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !