Pirallahı rayonunda “Tolerantlıq yurdu Azərbaycan” mövzusunda tədbir keçirilib FOTO

Noyabrın 2-də “16 Noyabr Beynəlxalq Tolerantlıq Günü” ilə əlaqədar Pirallahı rayonu 168 saylı tam orta məktəbdə “Tolerantlıq yurdu Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Novruz Nuriyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov və şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Prezident İlham Əliyevin 2016-cı ilin 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlıq, dostluq mühitində yaşadıqlarını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı qəsəbə məscidində dini ayinlərin icraçısı Elçin Baxşıyev, Azərbaycan Rus İcmasının Pirallahı rayon Təşkilatının sədri Yelena Aşurova öz çıxışlarında bildiriblər ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısının bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibət bəslənilir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır.
Tədbir diskussiya şəklində davam etdirilib.