FİZİKA İNSTİTUTU "BEST RESEARCH" MÜKAFATINA LAYİQ GÖRÜLÜB - + FOTO

FİZİKA İNSTİTUTU "BEST RESEARCH" MÜKAFATINA LAYİQ GÖRÜLÜB + FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda sektorların 2016-cı ildə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Elmi Şuranın iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun direktoru AMEA-nın müxbir üzvü Nazim Məmmədov açaraq bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları-2016"-nın (Award Ceremony “Web of Science Awards – 2016” for Azerbaijani scientific community) təqdim etmə mərasimi keçirib. N. Məmmədov bildirib ki, mərasimdə AMEA Fizika İnstitutu "Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmin inkişafına görə ən yüksək mükafatına - “Best Research” nominasiyasına layiq görülüb. O, qeyd edib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Tədbirdə həmçinin İsveçrənin Cenevrə şəhərində yerləşən “ATLAS” kollabrasiyasında iştirak edən Fizika İnstitutunun tədqiqatçı qrupu (Övsət Abdinov, Fəhad Xəlil-zadə, Nazim Hüseynov və başqaları) ən çox istinad edilən məqalə “Outstanding Scholarly Article” nominasiyası üzrə mükafatlandırılıb.
Daha sonra sektorların hesabatları dinlənilib. İlk olaraq Ümumi sektorun hesabatına baxılıb. Bildirilib ki, sektorda doqquz laboratoriya fəaliyyət göstərir. il ərzində Ümumi sektorda 9 mühüm nəticə əldə edilib. Əməkdaşların 52 məqaləsi xarici jurnallarda dərc olunub. Onlardan 36-sı impaktfaktorlu jurnalların payına düşür. 28 məqalə isə yerli jurnallarda dərc olunub.
İclas İnnovasiya sektorunun hesabatı ilə davam edib. Sektorun hesabatını sektorun rəhbəri, fizika üzrə elmlər doktoru, Sədiyar Rəhimov məruzə edib. S. Rəhimov vurğulayıb ki, Biofizika və smart materiallar Mərkəzi daxil olmaqla, 19 laboratoriyadan ibarət olan sektorda il ərzində Respublikada 29 məqalə, xaricdə isə 191 məqalə dərc olunub. Xaricdə dərc olunan məqalələrin 185-i impaktfaktorlu jurnalların payına düşür. Bu sektorda 8 mühüm nəticə əldə olunub. İl ərzində sektorda iki patent alınıb. 2016-cı il ərzində Sektorun əməkdaşların elmi işlərinə 3242 istinad olunub.
Fənlərarası sektorun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını sektorun rəhbəri, akademik Cavad Abdinov məruzə edib. O bildirib ki, sektorda 9 laboratoriya fəaliyyət göstərir. 4 mühüm nəticə alınıb. Sektorda 5 ədəd tətbiq işi aparılır. Sektorun əməkdaşları 51 məruzə ilə müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda, 20 məruzə ilə isə ölkə daxilində keçirilən konfranslarda çıxış ediblər.
Təhsil şöbəsinin rəhbəri professor Abasət İsayev bildirib ki, Fizika İnstitutunda nəzəri fizika, bərk cisim fizikası, yüksək enerjilər fizikası, bioloji sistemlər fizikası və kvant elektronikası ixtisası üzrə 12 magistr təhsil alır. Qeyd edib ki, bütün ixtisaslar üzrə proqramlar tərtib olunaraq və kitabçalar halında hazırlanıb.
Daha sonra İnformasiya sektoru və Xarici əlaqələr şöbəsinin hesabatları dinlənilib.
İclasın sonunda sektor və şöbələrin hesabatları qəbul olunub.