Şöhlət Əfşar : - Kefdi, kef

Şöhlət Əfşar : Kefdi, kef

Bu həyatdan ibrət alan qul olmaz,
Ağlı başda, yolun azmaz, hul olmaz.
Nəfsi üçün ayaqlarda çul olmaz,
Kim ziyandan nə vaxt dönsə, nəfdi, nəf.

 

İmansıza can deməkdən nə fayda,
Balı qoyub, şor yeməkdən nə fayda.
Qanan olub dərd çəkməkdən nə fayda,
Bu dünyada qanmaz olmaq kefdi, kef.

 

İndi qız alanda, kalan yerdən al,
Arxası, dayısı olan yerdən al.
Kürəkən qeydinə qalan yerdən al,
Daha Məcnun, Kərəm olmaq mifdi, mif.

 

Gəda var ki, yerə, göyə sığmayır,
Qarnı doymur, gözün puldan yığmayır.
Nərildəyir, guruldayır yağmayır,
Quru dağar, içi boşdu, pufdü, püf.

 

Qeyrətsiz Vətənin qeydinə qalmaz,
Millət bata, özü bir tük də salmaz.
Ürəyi kövrəlməz, dərdə ağlamaz,
Arsız kəsin halı, kefi dəfdi, dəf.

 

Şöhlət Əfşar, yaltaqlara inanma,
Qorxaqlara, qaltaqlara inanma,
Əhdin danan dosta, yara inanma,
İki üzlü nə söyləsə, kəfdi, kəf.

 

 

Şeir müəllifi olduğum "Soruşun məni" adlı kitabımda çap olunmuşdur.