- Azərbaycanın tanınmış yazıçısı, publisist, professor, dramaturq Aqşin Babayevin 80 illiyi qeyd olundu + FOTO ( AZpress.AZ )

Azərbaycanın tanınmış yazıçısı, publisist, professor, dramaturq Aqşin Babayevin 80 illiyi qeyd olundu + FOTO ( AZpress.AZ )

Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində yazıçı - dramaturq, Əməkdar jurnalist Ağşin Babayevin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirildi. Mərasimi Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq yubilyarın çoxşaxəli yaradıcılıq və elmi fəaliyyətindən danışdı. Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə Aqşin Babayevə Mətbuat Şurasının xüsusi diplomu təqdim olundu. Ahıl Jurnalistlər Məclisinin sədri, yazıçı-publisist Yusif Kərimov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, yazıçı - dramaturq Firuz Mustafa, jurnalistlərdən Məzahir Süleymanzadə, Flora Xəlilzadə, Aida Eyvazlı, İntiqam Mehdizadə, Eldar İsmayılov, Mübariz Süleymanlı və başqaları çıxış etdilər. Aqşin Babayevə Ahıl Jurnalistlər Məclisinin yubiley hədiyyəsi verildi. Aqşin Babayev çıxış edərək Azərbaycan Mətbuat Şurasına, yubiley mərasiminə toplaşanlara minnətdarlığını bildirdi.

 

Məzahir Süleymanzadə


***

 

 

Aqşin Əlisəttar oğlu Babayev 1936 - cı il noyabrın 23 - də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Aspiranturada oxuyub, elmlər doktoru alimlik dərəcəsi, professor adı alıb. Otuzdan artıq kitabın müəllifidir. 32 il Azərbaycan radiosunda çalışıb. 15 il Milli Məclisdə mətbuat katibi vəzifəsində işləyib. Əməkdar jurnalistdir. " Yusif Məmmədəliyev " , " Həsən bəy Zərdabi " , " Humay " , " Qızıl Qələm " , mükafatları laureatıdır. 2004 - cü ildən II dərəcəli dövlət müşaviridir. Əmək fəaliyyətinə tələbə ikən Respublika radiosunda başlayıb. Türkiyəyə, ərəb ölkələrinə , İrana və cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il ingilis, fransız, alman və ispan dillərində nəşr olunan " Moscow News " qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Ölkəmizin ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev , Niyazi, Tahir Salahov kimi sənətkarlarımızı xarici ölkə oxucularına tanıtdırıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir sıra əsərləri ölkə teatrlarında tamaşaya qoyulub. Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri vəzifəsində işləyir


AZpress.AZ

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !