Səhnəmizin əvəzolumaz Qaynana sı Nəsibə Zeynalovanın 100 illik yubileyi təntənəli surətdə qeyd olundu! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Səhnəmizin əvəzolumaz “Qaynana”sı Nəsibə Zeynalovanın 100 illik yubileyi təntənəli surətdə qeyd olundu! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

 

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("iki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), * Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.
Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov),
Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov),
Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),
Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov),
Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),
Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov),
Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov),
Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev),
Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev),
Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "O1madı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov),
Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov),
Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova),
Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov),
Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov),
Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev),
Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),
Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov),
Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov),
Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu),
Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov),
Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev),
Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov),
Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu) və sairə kimi obrazlar yaddaşlarımıza həkk olunub.
Xalqın yaddaşında hər zaman komik rolların peşəkar ifaçısı kimi həkk olunan Nəsibə Zeynalovanın yaratdığı Qaynana obrazı isə demək olar ki, onun möhürü olmuşdur. Bu rolu oynamaqla bir çoxlarına dərs verən Nəsibə Zeynalova həyatda olduqca təmkinli və ciddi xanım , gözəl ana kimi sevənlərinə örnək olmuşdur.
Azpress.Az xəbər saytı bildirir ki, 24 noyabr 2016 –cı il tarixində Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Onu da qeyd edək ki, tədbir cənab Prezident İlham Əliyevin mərhum sənətkarın 100 illiyinə həsr olunmuş xüsusi sərəncamına əsasən keçirilmişdir. İlk öncə tədbir iştirakçıları teatrın foyesində sənətkarın sənət yollarına həsr olunmuş fotolardan ibarət sərgiyə baxmışlar.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Nəsibə Zeynalovanın milli mədəniyyətimizə teatr və kinomuza verdiyi töhvələrdən danışmış, onun hər zaman istedadlı komik rolların mahir ifaçısı kimi yaddaşlarımızda qalacağını qeyd etmişdir. Yaratdığı obrazlarda özünəməxsus jestlərin , improvizələrin edilməsi isə həm filmlərimizə həm də teatrımıza xüsusi gözəllik gətirmişdir.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb və onun sənətinin əbədiyaşarlığından söz açıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Nəsibə Zeynalovaya həsr edilən “Ömrün səhifələri” kitabının ilk nüsxəsini sənətkarın oğlu, görkəmli teatr və kino aktyoru, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzova təqdim edib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli bildirib ki, Nəsibə Zeynalova müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlarla Azərbaycan mədəniyyət tarixinə öz möhürünü vurub.
Sonda tamaşaçılara Nəsibə Zeynalovanın ömür yollarından bəhs edən video materiallar təqdim olunmuş, aktyorların ifasında Nəsibə Zeynalovanın sənət dünyasından bəhs edən gülüş dolu səhnəciklər nümayiş olunub.


AZpress.AZ, Minə Türksoy.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !