Əbülfət MƏDƏTOĞLU : - MƏLƏKLƏRİN QORUDUĞU ADAM

Əbülfət MƏDƏTOĞLU : MƏLƏKLƏRİN QORUDUĞU ADAM

Aslan Mehdiyevin 70 yaşına bir dost xatırlatması
Təqribən 25-26 il bundan öncənin söhbətidi. Daha doğrusu, həyat gerçəkliyidi, söhbət deyil. Və bu gerçəklik indinin özündə də bütün çalarları ilə yadımdadı. Az qala saatını da, dəqiqəsini də xatırlayıram. Təkcə ona görə yox ki, həmin o məqamlar mənimlə, taleyimlə bağlıdır. Yox! O həm də işğal olunmuş torpaqlarımızla, həmin o illərin hadisələri ilə əlaqəlidi, necə deyərlər, o dərdlərin içindən çıxıb gəlib mənim yaddaşıma!.. Və mən də həmin məqamları xatırlayanda, o illərin şahidləri ilə qarşılaşanda və nəhayət, onun özü ilə üz-üzə gələndə yenidən yaşayıram, yenidən vərəqləyirəm o tarixi. Və…

Bəli, onda torpaqlarımızın bir iynə boyu ölçüsü də işğal olunmamışdı. Onda hər kəs öz evində-eşiyində idi. Onda hər kəs öz işığını özü yandırırdı, öz həyət-bacasını, gün-güzəranını, ruzi-bərəkətini özü nizama düzürdü. Çünki hər kəsin ayağının altında doğulduğu torpaq, hər kəsin sığındığı öz yuvası idi…
Mənim Tuğ kəndim də yerində idi, onun Yuxarı Yağlıvənd kəndi də. Və Füzuli şəhəri onun da, mənim də gəncliyimizin, iş-gücümüzün əsas ünvanı kimi almışdı bizi qoynuna. Və beləcə mən yalnız rəsmi tanıdığım, barəsində eşitdiyim bir insanla onun da, mənim də kəndim yerində olduğu bir məqamda tanış olduq. O zamanların termini ilə ifadə etsək, Füzuli rayon partiya komitəsinin birinci katibi idi. Və bu vəzifəyə Cəlilabad rayon İcraiyyə Komitəsinin sədri vəzifəsindən gətirilmişdi. Özü də elə bir vaxtda gətirilmişdi ki, artıq sərhəd kəndlərdə, xüsusilə mənim yaşadığım kənddə ov, yəni quş tüfəngləri «dil-dil» ötür, gərginlik narahatlıq pillə-pillə yüksəlir, əsəblərin dərəcəsi getdikcə yüksəlirdi. Özü də təkcə ermənilərlə bağlı deyildi bu gərginlik. Bütün Azərbaycanda, o cümlədən Füzulidə də bir xalq hərəkatı başlamışdı, siyasi atmosfer get-gedə tündləşir, adamlar azadlıq ideyalarının işığını sezməyə başlayırdılar. Bax, bu da rayonun rəhbərlərinin idarəetmə sahəsində problemini bir az da artırırdı. Amma burda bir məqam da var idi. Onu mütləq yazmalıyam. O da şəxsi nüfuzdu. Şəxsi nüfuzu olan birinci şəxslər dediyim o gərginliyi nisbətən az yaşayırdılar, ona nəzarət etməyi bacarırdılar. Bax, mənim qəhrəmanım da şəxsi nüfuzu olanlardan biri idi…

Bəli, Füzuli rayonunda hadisələrin bu ilk dönəmində partiya fəallarının iclası keçirildi. Aslan Mehdiyev rayon partiya komitəsinə birinci katib seçildi. Təbii ki, həmin vaxtlar bu seçimin adi bir qəzet adamı kimi mənim üçün elə bir böyük önəmi yox idi. Mən rayonun «Araz» qəzetində işləyirdim və adi bir müxbirin birinci katibin kim olması barədə düşünməsi, yumşaq desək, məntiqsiz görünə bilərdi. Elə ona görə də belə məsələlərə o qədər də reaksiya vermirdim. Amma, sən demə, bu seçim mənim də taleyimdə seçim etmək məqamını gündəmə gətirirmiş. Və bu məqam da gəlib çatdı. Günlərin bir günü mərhum müəllimim, kəndimizin ağsaqqalı Niyaz Cahangirov məni yanına çağırıb bircə kəlmə dedi:
- Aslan Mehdiyev səni yanına çağıracaq. Gedib onu dinləyərsən. Nə desə, razılaşarsan.
Təbii ki, müəllimimə «baş üstə» deyib getdim işimin dalınca. Bu söhbətdən bir-iki gün sonra qəzetin redaktoru, peşəkar jurnalist, hörmətli Məcnun Namazəliyev məni otağına çağırıb bildirdi ki, «tez get raykoma, səni çağırırlar». Mən təəccüblə üzünə baxdım. O da tam səmimi bir şəkildə çiyinlərini çəkərək «niyə çağırdıqlarını bilmirəm» dedi. Narahat bir durumda rayon partiya komitəsinə gəldim. Aslan müəllim məni qəbul etdi. Bir az vəziyyətdən, Qarabağdakı hadisələrdən danışdıq. Sonra ərklə dedi ki, məsləhət gördüm sən də Stepanakertdəki təşkilat komitəsində işləyəsən. Həm vilayət ərazisini yaxşı tanıyırsan, həm erməni dilini bilirsən, həm də bizim öz nümayəndəmizin orada olması baş verənlərdən vaxtında xəbər tutmağımıza imkan verər.
Bu gözlənilməz təklifdən bir an susub razılıq verdim. Və beləcə başladı mənim həmin dövrün siyasi burulğanına düşməyim. İnanın ki, o gündən sonra hər dəfə Aslan müəllimlə görüşüb söhbət edəndə, dəfələrlə onunla birlikdə Stepanakertə səfər edəndə mən bu insanın iç dünyasına bələd olmağa başladım. Gördüm ki, bu insan məmurluqdan yerlə göy qədər uzaqdı. Bütün varlığıyla sadə, təbii, el-oba adamıdı. Elə danışığı da sadədi. Ən vacib məsələni, ən ciddi problemi o qədər sadə məntiqlə izah edir ki, razılaşmaya bilmirsən. Hətta sənə elə gəlir ki, onun dedikləri elə sənin düşündüklərindi. Bax, mən o yol yoldaşlıqlarımızın içərisində özüm üçün bir Aslan Mehdiyev kəşf etdim. Hamının birinci katib kimi qəbul edib müəyyən idarəçilik, tabeçilik məsafəsi saxladığı Aslan Mehdiyevin ürəyini gördüm. Və başa düşdüm ki, müxtəlif partiya komitələrində çalışmış bu insan özünü içdən qoruyur, məmurlaşmağa, xalqdan uzaqlaşmağa iç dünyasına, ürəyinə imkan verməyibdi. Bu da onun torpağa, ailəyə, kəndə, tanıdıqlarına bağlılığından qaynaqlanan bir şərt idi. Yəni o həm torpaq adamı idi, həm də el-oba adamı. Ona görə də rayon mərkəzinə çıxanda bəzi məmurlar kimi özünü çəkib dayanmırdı. Ona yaxınlaşan hər kəslə hal-xoş edirdi. Adamları az qala adıyla, soyadıyla çağırır, ailəni, uşağı soruşurdu. Mən bu xüsusiyyəti daha iki adamda görmüşdüm. Onlardan biri rəhmətlik Cavanşir Məmmədov, biri də bu gün dostluğundan qürur duyduğum, mənim üçün çox dəyərli bir ziyalı olan Nəbi Muxtarovdur. Bax, mən Aslan Mehdiyevlə Stepanakertə gedəndə və yaxud geriyə qayıdanda yol boyu etdiyimiz söhbətlərin demək olar ki, bütün mahiyyəti Qarabağın taleyi idi, torpaqlarımızı gözləyən fəlakət idi. Və Aslan müəllim bu söhbətləri daxili bir narahatçılıqla, mənimlə çözdüyü məqamlarda həmişə bir fikri xüsusi qabardırdı. Vurğulayırdı ki, sayıqlığı itirmək olmaz. Bu oyunun başında ermənilərin güvəndikləri dayanırlar. Ermənilərdə bu ağıl yoxdu. Onları ortaya atanlar var. Ona görə daha böyük düşmənə müqavimət göstərməyə, cavab verməyə hazır olmalıyıq. Amma onu da vurğulayırdı ki, başımızın üstünü alan müharibəni quş tüfəngi ilə qarşılamalı olacağıq. Çox qorxuludu. Mütləq nələrsə edilməlidi, mütləq ordu yaradılmalıdı. Özünümüdafiədən orduya keçməyin sürətini artırmaq, səfərbər olmaq lazımdır.
İndiki kimi yadımdadı. Stepanakertdə Təşkilat Komitəsinin iclası çox uzun çəkdi. Tədbir başa çatandan sonra gecənin qaranlığında Əsgəranı keçmək, Ağdama gəlmək, sonra Martuni qəsəbəsindən ötüb Füzuliyə getmək lazım idi. Adətən yol bu cür qəbul olunmuşdu. Amma hadisələr başlayandan sonra daha çox Ağdam- Ağcabədi-Beyləqan-Füzuli yolundan istifadə olunurdu. Yəni təhlükəsizlik baxımından heç kim risk etmək istəmirdi. İndi bu faktı yazdığım məqamda da inana bilmirəm ki, Aslan müəllim niyə o boyda risklər edirdi. İnanın ki, hansı vaxtdan, hansı saatdan asılı olmayaraq, o hər dəfə Martuni qəsəbəsindən keçməklə Stepanakertə və yaxud Ağdama gəlirdi. Və mən hər dəfə düşünürdüm ki, indi bu qəsəbənin içərisində nə isə baş verəcək. Yolu bağlayan ermənilər bizi daş-qalaq eləyəcək, atəşə tutacaq və yaxud girov götürəcək. Amma hər dəfə sürücüyə maşını sürətlə idarə etməyi tapşıran Aslan Mehdiyev sanki erməninin gözünün odunu almışdı. Birinci katibin maşınını tanıyan ermənilər elə bil oddan qorxan kimi pərən-pərən düşürdülər, qaçıb yoldan çıxırdılar. Beş-on dəqiqə öncə azərbaycanlıları atəşə tutan, avtobusları daş-qalaq edən, girov götürən ermənilər həmin an tülküyə dönürdülər, qorxaq tülküyə!..
İnanın ki, mən bunu Aslan müəllimə xoş gəlmək üçün yazmıram. Hətta Qurana da əl basıb and içə bilərəm ki, mən onunla gecələr Stepanakertdən qayıdıb Martunidən keçib Füzuliyə gedib çatanda özümü səngər yarıb gəlmiş döyüşçü kimi hiss edirdim. Və bu barədə bir dəfə anama söyləyəndə yazıq arvad əlini dizlərinə çırpdı ki, sizin başınız xarab olub? Adam da ilanın yuvasından keçib gedər, özü də indiki vaxtda. Mən də gülə-gülə onu inandırdım ki, Aslan müəllimi göydə mələklər, yerdə də fəaliyyət göstərən gizli ordu qrupu mühafizə edir, bizə heç nə olmaz. Neyləsin savadsız anam? Dediyimə inandı və özünə gəlib «yenə də ehtiyatlı olun» dedi.
Bəli mən bu beş-altı cümləlik yazımı indi ona görə yazıram ki, kəndimin işğalından 25 il vaxt keçir. Yəni oktyabrın 31-də o işğalın 25 yaşı tamam oldu. Və mən də o xatirələrin işığında yaddaşımda, ürəyimdə izi, sözü olan insanları xatırladım. Həmin o xatirələrin fonunda Aslan müəllim gəlib durdu gözümün önündə. Və…
Və onda anladım ki, çox yaxın günlərdə Aslan müəllimin 70 yaşı tamam olacaq. Bu 70 ildən 25 ili çıxdım. Deməli, mən Aslan müəllimlə ömrünün 44-45-ci ilində tanışlığa, dostluğa imza atmışam. Və əsrin dörddə birini o səmimiyyətlə də yaşamışıq və indi də yaşayırıq. Məncə hər adama nəsib olmur beləcə sakit, iç dünyanda özünlə qalmağı bacardığın bir səviyyədə yaşayasan. Bax, Allahın sevdiyi bəndələrdən olan Aslan Mehdiyev ailədə də, doğmaları yanında da, el-obası yanında da, hətta nəvələriylə əl-ələ tutub parka, bulvara gedəndə də həmin o rahatlığı özüylə gəzdirir, qarşılaşdığı adamlardan üzü yana çevirmir, gözlərini gizlətmir. Çünki o həmişə xalqın yanında olubdu. Və nəhayət…
Bəli, mən dəyərli bir ziyalı, səmimi bir insan, eloğlum, dostum Aslan Mehdiyevlə bağlı bu yazının sonunda bir məqamı da vurğulamaq istəyirəm. O da Aslan müəllimin təkcə öz övladlarının, öz nəvələrinin uğurlarına sevinməsi deyil. O həm də doğulduğu bölgənin, yaşadığı ölkənin uğurlarına ürəkdən sevinməyi bacarır. Bu insanın ürəyi kindən, xıltdan təmizdi, uzaqdı. Onun ürəyində ancaq səmimiyyət, xeyirxahlıq hakimdi. Bax, mən də həmin o səmimiyyətin, o xeyirxahlığın işığında Aslan müəllimi təbrik edirəm. Və düşünürəm ki, yaxın günlərin birində o mənimlə birlikdə ən böyük arzumuz olan ünvana – Qarabağa maşın sürdürəcək. Biz yenə həmin o yolları keçib gedəcəyik… bizim yolları! O yollar bizi gözləyir. Elə biz də həmin yolların həsrətindəyik.

 

Ədalət -İnternet Portal