Xanhüseyn KAZIMLI : - Müstəqilliyin banisi

Xanhüseyn KAZIMLI : Müstəqilliyin banisi

 Tarixdə iz qoymuş dahi şəxsiyyətlərimizin istər dövlətçilik ənənələrimizin yaradılması və inkişafı, istərsə də Azərbaycanın hərtərəfli intibahı ilə bağlı misilsiz xidmətləri fəxr və qürur istinadgahımızdır. Amma bu dahilərimizin içərisində ümummilli liderlik zirvəsinə çatan yalnız Heydər Əliyevdir. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.
Tariximizin milli liderlər salnaməsində ən öndə olan ulu öndər Heydər Əliyev xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaltmışdır. Ümumilli lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onun bu günü və sabahı ilə yaşayan bir rəhbər idi. Hər bir Azərbaycan vətəndaşının həyatında Heydər Əliyevin xüsusi yeri var. Azərbaycanlılığı ilə fəxr edən, doğma torpağını bütün dünyaya tanıdan Heydər Əliyev müstəqilliyimizin qoruyucusu, dövlətimizin banisi və qurucusudur.
Ümumilli liderin inkişaf strategiyasının tarixi 47 il öncədən başlayır. 1969-cu il iyunun 14-ü həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşımızda əbədi qalıb. Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcını qoyub.
Ulu öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açdı. O vaxt sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda bütün sahələrdə hətta ittifaq rəhbərliyinin cəsarət etmədiyi addımlar atıldı. Qısa zaman kəsiyində Azərbaycan ittifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsası qoyulması labüd idi. Həqiqətən də sovet dönəmində xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi.
Ümummilli lider 1982-ci ildən sonra - SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən mühüm addımlar atıb, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə, ermənilərin məkrli torpaq ilhaqına qarşı barışmaz mövqe tutub, Qorbaçov rejimini kəskin tənqid edib. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 1990-cı illərin əvvəlində Naxçıvana qayıdaraq siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır.
1993-cü ildə AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyindəki kobud səhvlərinin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın ümummilli lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi.
Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. Ayrı-ayrı siyasi partiyalara və insanlara məxsus qanunsuz silahlı dəstələr ləğv edildi, hakimiyyət uğrunda zorakılıq yolu ilə aparılan fasiləsiz mübarizələrə son qoyuldu. Cəbhə bölgəsində heç bir kənar qüvvənin iştirakı olmadan uzunmüddətli atəşkəsə nail olundu, ölkədə möhkəm və dönməz sabitlik yaradıldı. Bu sabitlik illər boyu girdabında çabaladığımız dərin ümummilli böhrandan yaxa qurtarmağa və dövlətin qarşısında duran bir sıra problemlərin uğurlu həllinə imkan verdi. Ən əvvəl Azərbaycan ətrafında yaradılmış informasiya blokadası dağıdıldı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Sərbəst bazar iqtisadiyyatı prinsiplərini bərqərar etmək, xalqın rifahını və həyat şəraitini yaxşılaşdırmaq yolunda ardıcıl tədbirlər görülməsinə başlandı. Dəfələrlə ölkə başçısına qarşı yönəldilmiş terror əməllərinin qarşısı alındı. Bütün təxribatlara baxmayaraq, 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin iri neft şirkətlərinin iştirak etdiyi “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. Bundan sonra da iyirmidən çox neft müqaviləsi imzalanaraq ölkə iqtisadiyyatına on milyardlarla dollar həcmində sərmayə qoyulmasına təməl yaradıldı. Bazar iqtisadiyyatına sürətli keçidi şərtləndirən islahatlar aparıldı, MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aqrar islahatı keçirilərək torpaq həqiqi sahibinə, təmənnasız olaraq kəndlilərə paylandı. Geniş şəkildə özəlləşdirilmə aparılaraq sahibkarlığın inkişafına şərait yaradıldı. Avratlantik məkana inteqrasiya edən Azərbaycan demokratik dəyərləri əxz etdi, mətbuat və söz azadlığı tam təmin edildi.
Bütün bu uğurlar Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev siyasətinin nəticəsində əldə edildi. Buna görə də Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirib. Son 13 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlib. Cənab İlham Əliyev bu dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirib.
Son illərdə respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Odur ki, son illərdə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişib. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.
Ümummilli lider Heydər Əliyev xalqının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaratmış şəxsiyyət idi. Bu böyük şəxsiyyətin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Və hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyi ərzində sosial-iqtisadi həyatımızın ayrı-ayrı istiqamətlərində əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli islahatların məntiqi nəticəsidir. Bu mənada Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi böyük uğurların təməlində ulu öndərin zəngin siyasi-mənəvi irsi və dövlətçilik məktəbi dayanır. Bu, qalibiyyət yolu, Heydər Əliyev yoludur. Prezident İlham Əliyev isə Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Bu kurs Azərbaycan xalqı üçün yeganə inkişaf modelidir.
Ümummilli lider Heydər Əliyev çox çətin, mübarizə və qələbələrlə dolu bir ömür yaşadı. Tarixin onun üzərinə qoyduğu şərəfli missiyanı - Azərbaycanı parçalanmaqdan və bir dövlət kimi məhv olmaqdan qurtararaq müstəqilliyimizin qorunub saxlanılması və əbədiliyə çevrilməsi vəzifəsini yerinə yetirdi. Bu yolda gördüyü işlərlə - iqtisadi islahatlar, hüquqi, demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki fəaliyyəti nəticəsində özü XX və XXI əsr Azərbaycanının ən görkəmli şəxsiyyəti kimi dünya tarixinə düşdü. Ən böyük xoşbəxtlik isə Heydər Əliyevin müəyyən etdiyi yolun bu gün də uğurla davam etdirilməsidir. Ümummilli lider Heydər Əliyevdən cismən ayrıldığımız ötən 13 ildə dövlət quruculuğu, iqtisadi və siyasi sahədə qazanılan uğurlar da göstərir ki, onun ideyaları həmişəyaşar və məğlubedilməzdir.


Xanhüseyn KAZIMLI,
Milli Məclisin deputatı,
Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, professor
Azərbaycan qəzeti

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )