"QHT-Biznes əlaqələrinin gücləndirilməsi" adlı layihə çərçivəsində dəyirmi masa təşkil edildi -

"QHT-Biznes əlaqələrinin gücləndirilməsi" adlı layihə çərçivəsində dəyirmi masa təşkil edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatı dəstəyi ilə “Gənc Mühasiblər İctimai Birliyi”nin icra etdiyi "QHT-Biznes əlaqələrinin gücləndirilməsi" adlı layihə çərçivəsində Korporativ Sosial Məsuliyyət mövzusunda Şəmkir şəhəri “Excelsior otelində” Rayon İcra hakimiyyətinin, sahibkarların, qeyri hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə dəyirmi masa və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Korporotiv Sosial Məsuliyyətlə bağlı iştirakçılar üçün təlimlər təşkil edildi.
Tədbiri giriş sözü ilə Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva açaraq bildirdi ki, layihənin məqsədi Azərbaycanda olan şirkətlərin həyata keçirdiyi uğurlu KSM layihələri haqqında ictimai məlumatlandırmanı, təcrübə mübadiləsini həyata keçirmək, KSM fəaliyyəti ilə məşğul olan sahibkarlarlıq subyektləri üçün müvafiq güzəştlərin tətbiq olunmasının müzakirə təşəbbüsü, QHT- Biznes əməkdaşlığının möhkəmləndirilməsinə kömək etməkdir.
QHT-lər üzrə ekspert Şahin Rəcəbov Korporativ Sosial Məsuliyyət (KSM) anlayışı, onun ölkəmizdə tətbiqi, faydası və prinsipləri, bu sahədə problemlər və perspektivlər barədə geniş məlumat verdi. O bildirdi ki, KSM fəaliyyəti cəmiyyətə sosial töhvə və xeyriyyəçilik ənənəsinin inkişafı olmaqla yanaşı, ciddi şirkətin nüfuz və imic göstəricisi, təşviq və reklam vasitəsilə biznesinin yüksələn inkişafıdır. KSM, həmçinin, mediada şəffaf işıqlandırılacaq sosial ictimai aktdır.
Şəmkir sahibkarları fəaliyyətləri və qarşılaşdıqları problemlər barədə məlumat verdilər. Əsasən qaz və işıq, kommunal xidmətlər sahəsində qiymət tariflərinin qalxmasının onların biznesinə ciddi təsir etdiyini bildirdilər. Bəzi sahibkarlar vaxtilə KSM tədbirlərini həyata keçirdiklərini, lakin bunları təbliğ etmədiklərini qeyd etdilər. Qeyd olundu ki, bu fəaliyyətin cəmiyyətdə genişlənməsi üçün mütləq onun təbliğ olunmasına ehtiyac vardır. Regionlarda KSM-lə bağlı məlumatsızlığın da olduğu, bu sahədə maarifçiliyə və yeni layihələrə ehtiyac olunduğu da qeyd olundu.
İştirakçılar yekdilliklə Qeyri Hökumət Təşkilatları ilə biznes strukturları arasındakı münasibətlərin şəffaf, qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində qurulması üçün müxtəlif addımların atılmasının vacibliyini qeyd etdilər.
“Dəyirmi masa”-dan sonra iki gündə təşkil edilən təlimlərdə iştirakçılar KSM haqqında geniş bilgi və məlumatlarla tanış oldular. Təlimlərdə iştirak edənlərə sonda sertifikatlar paylanıldı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !