Bəxtiyar SADIQOV : - Əsl general hər zaman yetişmir

Bəxtiyar SADIQOV : Əsl general hər zaman yetişmir

Əsl hərbçi olmaq üçün anadan əsgər doğulmalısan!
Çünki hərbçiyə gərək olan bütün mənəvi keyfiyyətlər - cəsarət, qorxmazlıq, təpər, dözümlülük, intizam insanın canında və qanında yaşayıb daim dövr etməlidir.
Generallığa çatmaq üçün isə zəhmətsevərlik, bilik və peşə vərdişlərindən başqa fitri istedadın mövcudluğu da zəruridir!
Hərbçilərin məşhur deyimi var: general olmağı arzulamayan əsgərdən yaxşı əsgər çıxmaz!
Sıravi əsgərdən generallığa uzanan yol isə o qədər çətin və əziyyətlidir ki! Yalnız iradəsi möhkəm olanlar, bütün çətinliklərə sinə gərənlər, gündüzlər fiziki təmrinlər keçib günün qalan hissəsində hərbi biliklərə inadla yiyələnlər, bir də vətəninə, xalqına və dövlətinə sədaqətlə, fədakarlıqla xidmət edənlər bu çətin və sınaq dolu yolu uğurla keçərək general ali hərbi rütbəsinədək yüksələ bilərlər.
Yetmiş yaşını qeyd etdiyimiz Milli Məclisin deputatı, general-leytenant Əliağa Hüseynov kimi!
Bu gün Milli Məclisdəki dostları ona həm də hörmətlə “Cənab general” - deyə müraciət edirlər. Əliağa Hüseynov hər iki rütbəni şərəflə doğruldub! Əvvəlcə general kimi hərbçilərin, xalqın hörmət və etibarını qazanıb, bu gün isə Salyanda ona səs verən seçicilərinin etimadını doğrultmaqdadır!
Əliağa müəllimlə dostluğumuz neçə-neçə illər öncə başlayıb. Əlbəttə, jurnalist və deputat olasan, respublikanın hərbi komissarını tanımayasan - bu, mümkün deyil. Başqa bir vacib məqam da var: Əliağa Hüseynov görünən, fərqlənən hərbçilərdən olub və daim ona tapşırılan işin, həvalə olunan vəzifənin öhdəsindən ləyaqətlə gəlib.
Azərbaycanın müstəqillik yaşı vur-tut 25 ildir. Bu 25 il başlanğıcdan indiyə kimi qovğalarla müşayiət olunub. Azərbaycanın müstəqilliyini istəməyən dövlətlər onun bu arzusunun qarşısını almaq üçün “Dağlıq Qarabağ problemi” adlı məkrli plan quraraq xalqımızı uzun sürən və dağıdıcı müharibəyə sövq etmişlər. Nizami ordusu olmayan, həqiqi rəhbərindən ayrı düşən xalq isə torpaqlarını qoruya bilmədi. Arxalı düşmənlə mübarizədə iyirmi min övladını şəhid versə də, torpaqlarının iyirmi faizini itirdi. İtkilər bundan da çox olacaqdı. Xoşbəxtlikdən xalq sınanmış oğluna, ulu öndər Heydər Əliyevə yenidən qovuşdu. Onun dövlət rəhbərliyinə qayıdışı ilə ölkədə möhkəm və dönməz sabitlik yarandı, anarxiya və özbaşınalıqlara son qoyuldu. Horadiz istiqamətində düşmənə ağır zərbə endirilərək ilk dəfə olaraq onun işğal etdiyi 22 kənd geriyə qaytarıldı. Vəziyyətin dəyişdiyini və ciddiləşdiyini görən düşmən atəşkəs müqaviləsi imzalamağa məcbur oldu. Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Milli Ordu quruculuğu prosesinə başlanıldı.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində, AXC-Müsavat cütlüyünün iqtidarı dövrünfə ordu “quruculuğu” ilə diletantlar məşğul olurdu. Dəfələrlə küçə və bazarlardan, avtobus dayanacaqlarından gəncləri maşınlara dolduraraq cəbhə bölgəsinə aparmış, heç bir təlim keçmədən əllərinə silah verərək döyüşə yollamışdılar. Bu, heç bir səmərə verməmiş, üstəlik, itkilərin sayını artırmışdı. Belə vəziyyət ordudan yayınmaları, fərariliyi də artırırdı. Nizami, döyüşkən ordu qurmaq üçün ən əvvəl hərbi səfərbərlik işi düzgün aparılmalı, milli zabit kadrları hazırlanmalı, bu məsələ ilə dövlətçiliyə sadiq və vətənpərvər insanlar məşğul olmalı idi. Hərb sənətinin incəliklərinə dərindən bələd olan ulu öndər Heydər Əliyev təcrübəli zabit kadrları toplayaraq bu işi yüksək səviyyədə qura bildi. Qısa müddətdə fərariliyin qarşısı alındı. Hətta nəinki alındı, gənclər könüllü şəkildə orduya yollanmaq, zabit peşəsinə yiyələnmək üçün özləri hərbi komissarlıqlara müraciət etməyə başladılar.
Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu dövründə Əliağa Hüseynov hərbi səfərbərlik sahəsində çalışırdı və kifayət qədər peşə biliyinə, təcrübəyə malik idi. Sonra respublika hərbi komissarı təyin edildi. Beləliklə, bu məsul işi ölkə miqyasında icra etməyə başladı. Hərbçi istedadı, peşəkarlığı ilə yanaşı, zəngin mənəvi keyfiyyətləri də bu işdə onun uğurunun təminatçısı oldu.
Əliağa Hüseynov dövlətə və dövlətçiliyə daim sadiq olub, Ali Baş Komandana sədaqətlə xidmət edib. Onun üçün nizam-intizam, vəzifə borcu hər şeydən yüksəkdə dayanıb. Tələbkarlığı da, israrçılığı da yaxşı bacarıb.
Vətənini qəlbən sevməyən insandan heç zaman cəsur hərbçi olmaz! General Hüseynov vətəni özü sevməklə yanaşı, gənclərə sevdirməyi də, torpağı fədakarlıqla qorumağa istiqamətləndirməyi də bacarıb. Bu günkü Azərbaycan əsgəri həm də dönməz vətənpərvərdir. Vətənə, xalqa sevgisini, cəsarət və peşəkarlığını aprel müharibəsində bir daha sübuta yetirdi. Gənclərin, xüsusən məcburi köçkün və şəhid övladlarının özlərinə zabit peşəsi seçərək orduya gəlmələri, işğal altındakı torpaqların azad edilməsində ön sırada durmaları deyilənlərə sübutdur.
Əliağa müəllim xeyirxah və təmənnasızdır. O, ədalət hissini daim hər şeydən uca tutub. Deputatlıq dövründə dəfələrlə hərbi komissar kimi ona müraciət etmişik. Xahişimizin qanuni olduğunu duyan kimi: “Adını, soyadını söyləyin” - deməklə təkrar minnətə imkan verməyib. Onda bir general alicənablığı da var: heç zaman etdiyini kiminsə başına qaxmayıb və borclu salmağa çalışmayıb. Prinsipiallıq tələb edilən məqamlarda isə mövqeyindən bir addım da geriyə çəkilən deyil!
Əliağa müəllim Milli Məclisdə də böyük hörmət, nüfuz sahibidir. Sadə və səmimi davranışı ilə hamının məhəbbətini qazanıb. Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin ən fəal üzvlərindəndir. Bəzən qızğın, hətta qapalı müzakirələr gedir (Hərbi sirr hər yerdə qorunmalıdır). Belə vəziyyətdə hamımız Əliağa müəllimin mükəmməl biliyinə və təcrübəsinə güvənirik. O, nəyin necə olduğunu, bu məqamda hansı addımın zəruriliyini incələyir. Hamımız onun dedikləri ilə razılaşırıq! Çünki vətənpərvər general dövlətə və dövlətçiliyə sədaqətini də, məhəbbətini də dəfələrlə, dönə-dönə sübuta yetirib!
General Əliağa Hüseynovun yetmiş yaşı tamam olur. Ona baxanda inanmağın gəlmir. Hərbçi vərdişi, nizam-intizama sadiqliyi və fiziki imkanları onu qat-qat cavan göstərir. Deməli, Əliağa müəllim hələ uzun müddət sırada qalacaq, vətənə və xalqa fayda verəcək. Lazım gələndə hərbi biliyindən və məharətindən istifadə də olunacaq!
Bəli, Əliağa Hüseynov kimi əsl generallar hər zaman yetişmir.


Bəxtiyar SADIQOV

Azərbaycan qəzeti 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !