Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə Qafqaz Universitetində görüş keçirilib -

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə Qafqaz Universitetində görüş keçirilib

Görüşdə ölkəmizdə dini məsələlərə dövlət yanaşmasından, dini radikalizm və onun törətdiyi fəsadlardan danışıblar. Universitetin müəllim - tələbə kollektivi ilə yanaşı Komitə sədri Mübariz Qurbanlı və komitə sədrinin müavini Siyavuş Heydərov iştirak edib. Seminardan əvvəl Fitnə filmi izlənilib.
Qafqaz Universitetinin rektoru professor Havar Məmmədov Azərbaycanın tolerant ölkə olduğunu, burada yaşayan xalqların öz adət ənənələrini və dinlərini rahat bir şəkildə yaşaya bildiklərini diqqətə çatdırıb. Rektor əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilən Multikulturalizm siyasətinin dünyada gedən proseslərə çarə olduğunu qeyd edib. Multikulturalizm siyasəti Azərbaycan nümunəsində bir daha sübut edir ki, müxtəlif dinlərdən və irqlərdən olan xalqlar bir arada sülh şəraitində yaşaya bilərlər. Komitə tərəfindən çəkilən “ Fitnə” filmi gənclərin din adı altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Komitə sədri Mübariz Qurbanlı qeyd edib ki, tarixən din amilindən siyasi məqsədlər üçün istifadə olunub. Bu gün də dünyada islam dininin yayılmasının və islam ölkələrinin inkişafının qarşısının alınması üçün islam pərdəsi altında dini radikalizmdən istifadə edilir. İslam dini əslində günahsız insanların öldürülməsinə, savadsızlığa qarşıdır. Dövlət din münasibətlərindən danışan komitə sədri bildirib ki, ölkəmizdə islamın düzgün təbliğ olunmasına çalışırıq. Azərbaycanda mənsəblər arası vəhdət dünya üçün örnəkdir. Dini radikalizm və xurafatla mübarizə aparmaq üçün gənclərimizin elmli olmaları da vacib şərtlərdəndir. Gənclərimizin belə fitnələrin qurbanına çevrilməməsi üçün “Fitnə” filmi çəkilib. Növbəti film isə “Şəhadət” adı ilə hazırlanır. Yeni filmdə isə övladları fitnələrin qurbanına çevrilmiş ailələrlə Aprel döyüşlərində şəhid olmuş gənclərimizin ailələri arasında müqayisə aparılır.
Sonda tələbələrin mövzu ilə əlaqəli sualları cavablandırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !