İtaliyanın Florensiya şəhərində Azərbaycanın Müasir Memarlığına həsr edilmiş tədbir təşkil olunmuşdur - + FOTO

İtaliyanın Florensiya şəhərində Azərbaycanın Müasir Memarlığına həsr edilmiş tədbir təşkil olunmuşdur + FOTO

Cari ilin 20 dekabr tarixində İtaliyanın Florensiya şəhərində yerləşən “Auditorium al Duomo” mərkəzində Azərbaycan Dövlət Memarlıq (AzMIU) və İnşaat Universiteti və Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə Azərbaycanın Müasir Memarlığına həsr edilmiş sərgi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko Fond tərəfindən həyata keçirilən tədbirlər arasında Azərbaycan memarlığına həsr olunmuş tədbirlərin xüsusi yerə malik olduğunu bildirmişdir. Rəhbərlik etdiyi Fondun 30-dan çox ölkə ilə əlaqələrə malik olduğunu söyləyən P.Bianko Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Fond arasında əməkdaşlığın 13 ildən artıq davam etdiyini, bu əlaqələrin təməlinin məhz Florensiyanın “Auditorium al Duomo” mərkəzində qoyulduğunu demişdir. Azərbaycanın zəngin mədəni irsi, son illərdə Bakıda və ölkənin digər bölgələrində həyata keçirilən nadir memarlıq nümunələrindən bəhs edən natiq keçirilən tədbirin Azərbaycan memarlıq irsinin İtaliya ictimaiyyətinə nümayiş etdirilməsi üçün əlavə bir vasitə olduğunu demişdir. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək, Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, multikulturalizm modeli, sosial- iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat vermişdir. Tədbirin əhəmiyyətindən danışan M.Əhmədzadə, sərgidə nümayiş etdirilən məlumat lövhələrinin Azərbaycanda həyata keçirilən layihələrlə bağlı ilkin təsəvvür yaratdığını demiş, həmin layihələrlə canlı tanış olmaq üçün tədbir iştirakçılarını Azərbaycana dəvət etmişdir. Öz növbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Universitetlə Romualdo Del Bianko Fondu arasında əməkdaşlığın tarixindən danışmış, istər Bakıda, istərsə də Florensiyada birgə çoxsaylı tədbirlər təşkil edildiyini bildirmiş, səmərəli əməkdaşlığa görə Fondun prezidenti Paolo Del Biankoya təşəkkür etmişdir. Rektor G.Məmmədova Azərbaycanda son illərdə memarlığın yüksək inkişaf dövrü yaşadığından bəhs etmiş, tədbirdə təqdim edilən layihələrin bunun göstəricisi olduğunu demişdir. Tədbirin sonunda AzMİU-nun beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərhad Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış etmiş, hər bir layihənin konsepsiyası, texniki tərəfləri və Bakının sosial, iqtisadi və mədəni həyatındakı rolu barədə danışmışdır. Tədbirdə Azərbaycanın müasir memarlıq nümunələri ilə bağlı sərgi nümayiş etdirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !