Şeyxülislam Allahşükür PAŞAZADƏ : - Allahın, haqqın, ədalətin yolunda + FOTO

Şeyxülislam Allahşükür PAŞAZADƏ : Allahın, haqqın, ədalətin yolunda + FOTO

Bismillahir-rəhmanir-rəhim!
Uca Allaha şükürlər olsun ki, Vətənimizə, millətimizə həyatın bütün sahələrində uğurlar yaşadan lider qismət etmişdir. Bu böyük səadəti bizə bəxş edən Rəbbimizə həmd olsun! Böhranları belə üstələyə biləcək iqtisadiyyatı, örnək olan siyasi mədəniyyəti, mədəni, mənəvi, dini dəyərləri ilə tanınan Azərbaycan gerçəkliyi dünyanın diqqətindədir. Bütün bunlar, heç şübhəsiz ki, güclü, ardıcıl siyasi iradənin sayəsindədir.
Müasir dünyanın mötəbər dövlətlərindən sayılan Azərbaycanın böyük siyasi nüfuza və dərin ehtirama malik ölkə başçısı, zati-aliləri İlham Əliyev haqqında söz söyləmək, şəxsi fikir və mülahizələri bölüşmək mənim üçün həm böyük şərəf, həm də yüksək məsuliyyətdir. Bu işin şərəfi də, məsuliyyəti də ondan ibarətdir ki, bütün həyatı və misilsiz əməlləri ilə Azərbaycan xalqına və bütün dünyaya ən parlaq nümunə ola biləcək bir şəxsiyyət - dövlət rəhbərimiz İlham Heydər oğlu Əliyev ilə məni dərin ehtiram, dostluq və qardaşlıq telləri bağlayır.
Tale elə gətirib ki, İlham Əliyevi çox gənc yaşlarından tanımışam, ara-sıra Bakıda, daha sonra Moskvada görüşlərimiz və söhbətlərimiz olub. O illərin xatirələrində rəhmətlik Heydər Əliyevin və mərhum Zərifə xanımın nəcib tərbiyəsinin təzahürlərini, ailədəki mənəvi dəyərlərə hörmət hissini hələ də unuda bilmirəm. Hələ Təzəpir məscidində işlədiyim ilk dövrlərdə məktəbli İlhamı necə nəcib görmüşdümsə, Məkkə və Mədinədə şövq və səmimiyyətlə zəvvarlığının necə şahidi olmuşdumsa, bu gün dünya miqyaslı liderimizin nüfuz və ləyaqətindəki alicənablığı da eyni ehtiramla dəyərləndirirəm.
İlham Əliyev Heydər Əliyev dövlətçilik məktəbinin yetirməsidir. Dünya tarixində elə şəxsiyyətlər olub ki, onlar təkcə mənsub olduqları xalqa və dövlətə deyil, bütün bəşəriyyətə örnək sayılıblar. Belə nadir insanlardan biri də mərhum ulu öndər Heydər Əliyev idi. Onun haqqında çox deyilib, çox yazılsa da, mahiyyətcə bütün sözlər bir mənanın üzərində cəmləşir - Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradan dövlət rəhbəri idi. O, ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətlər göstərmiş, bu sahədə böyük siyasi və dövlətçilik təcrübəsi miras qoymuşdur.
***
Hamı bilir və dünya da şahiddir ki, dağılmaqda, parçalanmaqda olan Azərbaycanı, dövlətçiliyimizi, milli varlığımızı xalqımız Allahın köməyi və Heydər Əliyevin müdrik rəhbərliyi ilə qoruyub saxladı, yeni, daha gözəl bir Azərbaycan yaratdı. Bu gün mərhum ulu öndərimiz, ülvi qardaşlıq münasibətlərimizlə hər zaman fəxr etdiyim Heydər Əliyev cismən bizdən ayrıdır, fəqət onun arzuları, ideyaları, qurduğu ölkə, yaratdığı dövlətçilik məktəbi, həyat verdiyi müstəqilliyimiz İlham Əliyevin varlığı və əməlləri ilə yaşayır və inkişaf edir.
Onun özü qədər inandığı və bizim də inandığımız möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi xəttini şərəflə davam etdirir. Məhz Prezidentimizin yorulmaz fəaliyyəti sayəsində xarici siyasətimiz ölkəmizi dünyanın tanınmış dövlətləri sırasına çıxarıb. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etmiş, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olan qüdrətli bir ölkədir. Bu, əlbəttə, dövlət rəhbərimizin səyləri nəticəsində əldə etdiyimiz beynəlxalq nailiyyətlərdir.
Azərbaycanın dünya miqyasında öz dəstxətti ilə seçilən, milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiram və sədaqəti ilə tanınan müdrik lideri İlham Əliyev həzrətlərinin fəaliyyətini səciyyələndirən əsas cəhətlər - sözlə işin vəhdəti, verilən vədlərlə əməllərin bir-birini tamamlaması, yüksək amalların gerçəkləşməsidir. Millət atası Heydər Əliyevin milli müstəqillik yoluna, ulu öndərin başlatdığı ali mənəviyyat yoluna sadiqlik İlham Əliyev dövlətçilik xəttinin uğurunu təmin edən başlıca cəhətlərdəndir.
Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş ulu öndərimiz Heydər Əliyevin dühası və siyasi xəttinin davamçısı İlham Əliyev həzrətlərinin misilsiz əzm və səyləri sayəsində Azərbaycan xalqı müstəqilliyimizin həqiqətən əbədi və dönməz olduğuna əmin oldu.
***
Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə artıq təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən, mənəvi-humanitar məqsədlər ətrafında cəm edən qabaqcıl bir ölkə kimi gündəmdədir. Təbii ki, burada siyasi iradə, dövlət başçısının lider rolu böyük önəm daşıyır. Zati-aliləri İlham Əliyev həzrətlərinin multikulturalizm ideyasının fəal təbliğinə xidmət edən, qlobal miqyasda dəyər kəsb edən humanitar təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə bizim Prezidentimiz bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları keçirərək Vətənimiz Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir. Uca Allahın bəyəndiyi multikultural həyat tərzini yaşayan və təbliğ edən cəmiyyətimizin o bir olan Yaradanımızın nəzərində dəyəri yüksəkdir.
Qafqaz ərazisində yaşayan bütün xalqlar və etnoslar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında İlham Əliyevin misilsiz xidmətlərinin canlı şahididir. O, bir dövlət başçısı kimi milli-mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunması sahəsində fövqəladə işlər görmüş bir şəxsiyyətdir. Cənab İlham Əliyevin milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətin sayəsində ölkəmiz islam mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycan UNESCO-nun, ISESCO-nun və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İslam dünyasının problemlərinə dair bir sıra nüfuzlu konfranslara, o cümlədən bilavasitə islam mədəniyyətini ehtiva edən beynəlxalq miqyaslı “Qafqazda İslam sivilizasiyası” (1998) simpoziumuna, “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” (2007) konfransına, Dünya dini liderlərinin Sammitinə (2009), “Mədəniyyətlərarası dialoq üzrə Beynəlxalq Forum”a (2011), Beynəlxalq Humanitar forumlara (2013) və digər toplantılara evsahibliyi etmiş, 2009-cu ildə Bakı şəhəri islam mədəniyyəti paytaxtı seçilmiş, Naxçıvan şəhəri isə 2018-ci ildə bu statusu daşımağa layiq görülmüşdür.
İlham Əliyevin beynəlxalq müstəvidə mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm ideyalarına sədaqəti, etnik və dini tolerantlığı Azərbaycanın sərvəti kimi dəyərləndirməyi sayəsində ölkəmiz nəinki region, bütün dünya üçün nümunəyə çevrilib. Bu tədbirlərin Azərbaycanın dövlət başçısının ali təşəbbüsü ilə keçirilməsi dövlətimizin sadiq olduğu ümumbəşəri və milli-mənəvi dəyərlərə sahib çıxmasına bariz nümunədir. Məşhur Bakı prosesinin müəllifi olan dövlət başçısının xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün qürur mənbəyi, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir.
Bu gün dünyanın müxtəlif yerlərində dinlər, məzhəblər arasında toqquşmalar, separatizm, ksenofobiya, islamofobiya, İslam dini adından sui-istifadə edərək insanların qətl edilməsi kimi çox təhlükəli təzahürlər yaşanır. Dünyada dözümsüzlük, ekstremizm, radikalizm, terror kabusu dolaşır. Etnik, dini, irqi ayrı-seçkilik halları dünyanı zorakılıq, qətl və sonsuz ədavət girdabına sürükləyir.
Bu əsnada Azərbaycandakı müxtəlif etnik və dini mənsubiyyət daşıyıcılarının arasındakı dostluq, qardaşlıq, dinlərarası dialoq, dövlət-din münasibətləri bizə adi gəlir, çünki bu, adət etdiyimiz gündəlik yaşam tərzimizdir, lakin dünyanın başqa yerlərində bu nümunə yoxdur.
***
Azərbaycanda dini məbədlər - məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlar dövlətin maddi, mənəvi yardımı ilə təmir, bərpa olunur. Şükürlər olsun ki, Azərbaycanda hər il Ramazan bayramında dövlət başçısı ilə birgə olmaq, iftar süfrəsi ətrafında bir araya gələrək Ramazan sevincini paylaşmaq bir töhfədir. Ölkəmizdə yaşayan səmavi din nümayəndələrinin müqəddəs iftar süfrəsi ətrafında toplaşması ulu öndərin xilaskar azərbaycançılıq məfkurəsinin ruhuna, amalına uyğun idi. Bu nümunəni bizlərə ilk olaraq məhz o göstərdi. Bu gözəl ənənə bugünkü dövlət başçımız İlham Əliyev tərəfindən yaşadılır. Etnik, dini müxtəlifliyi ölkəmizin sərvəti sayan möhtərəm İlham Əliyev Azərbaycanımızı bütün dünyada multikulturalizm diyarı kimi tanıdır.
Ulu öndərin başlatdığı ali mənəviyyat yolu, əlhəmdülillah, davam edir!
Möhtərəm Prezidentin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləri qürur mənbəyimizdir. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımları, milli-mədəni irsin dirçəlişinə göstərdiyi maddi və mənəvi yardım müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir.
Dindarlar hər zaman dualar edirlər ki, Vətənimizin taleyinə zati-alilərimiz kimi müdrik, səriştəli, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahədə də fəxarət doğuran anlar yaşadan dövlət başçısı qismət olmuşdur. Zati-aliləri İlham Əliyevin ən böyük mükafatı Azərbaycan xalqının məhəbbət və etimadı, müstəqil və tərəqqi edən Azərbaycan adlı şah əsərdir.
Əminəm ki, Azərbaycanın uğurlarının ilham mənbəyi olan Prezident İlham Əliyevin qurub yaratdıqlarını görən əziz qardaşım Heydər Əliyevin ruhu şad olur.
Həqiqətən Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, o, həlledici anlarda düzgün seçim etməyi bacarmışdır. Zati-aliləri İlham Əliyev Azərbaycanın XXI əsrdə yeni lideridir. Dindarlar olaraq 2013-cü ilin prezident seçkilərində zati-aliləri İlham Əliyevin seçimini müqəddəs məkanda - Həcc ziyarəti dövründə Məkkədə etmək kimi tarixi fürsətə malik olduq.
Uca Allaha yaxın mübarək məqamda İlham Əliyevin dövlət başçılığına xeyir-dua verilməsi Əliyevlər ailəsinin Azərbaycan xalqı naminə fəaliyyətinə Allah-təalanın mərhəməti, lütfüdür!
***
Mövcud statistikaya əsasən, sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci ildən indiyədək ölkədə ümumi sayı 2000-ə yaxın olan dini ibadətgah bərpa edilib, o cümlədən 814 məscid inşa olunub. Sovetlər dönəmində partladılan Bibiheybət məscid-ziyarətgah kompleksi, anbarlara və əyləncə yerlərinə çevrilən Təzəpir və Əjdərbəy məscidləri, erməni daşnakları tərəfindən yandırılan Şamaxı Cümə məscidi və onlarla repressiyaya uğramış dini abidələrimizdə əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq, həmçinin Heydər Əliyev Fondu tərəfindən məscidlərimizlə yanaşı, xristian kilsələri, yəhudi sinaqoqları, alban-udin məbədləri də inşa və ya əsaslı təmir edilib. Bütün bunlar ölkədə aparılan genişmiqyaslı işlərin bir hissəsi olsa da, müsəlmanların qəlbində dini dəyərlərə verilən böyük önəm və diqqətin təzahürü kimi əksini tapır. Hamı görür və dünya da şahid olur ki, ölkəmizdə necə böyük miqyaslı işlər aparılır. Bakıda dünənin “Qaraşəhər”i bu gün “Ağşəhər”ə çevrilib, digər tərəfdə Heydər Məscidi kimi Azərbaycanın ən böyük məscidi ucaldılıb. Əlbəttə, bu işlərdə əlahiddə olaraq 10 il ərzində Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdıran Heydər Əliyev Fondunun prezidenti, möhtərəm Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətini də xüsusi qeyd etmək lazımdır.
***
Qadir və mərhəmətli Allaha həmd-sənalar olsun ki, Azərbaycanda ilbəil yeni inşa olunmuş, böyük məhəbbətlə bərpa olunaraq yeni nəfəs verilmiş əzəmətli məscid və ibadətgahları ziyarət etmək imkanına nail oluruq. Biz, Azərbaycan müsəlmanları, bunu Uca Allahın lütfü ilə qovuşduğumuz dövlət müstəqilliyinin dindarlara bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndiririk.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev Təzəpir məscidində Hz.Məhəmməd (s) Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən, şəhid Bibiheybət məscidinə yeni həyat bəxş edən, islam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuşdur. Şükürlər olsun ki, bu ənənəyə sadiqlik hissi bu gün də vardır və həm dövlət-din birliyinin, həm də məzhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq imkanımız mövcuddur.
Beləcə, Bibiheybətdən başlanan uca mənəviyyat yolu Təzəpirdən, Əjdərbəydən, İçərişəhər Cümə məscidlərindən, Azərbaycanın ən qədim və erməni ekstremistləri tərəfindən şəhid olmuş Şamaxı Cümə məscidindən keçərək müasir Azərbaycanın dini memarlığının yeni ənənəsini təcəssüm etdirən Heydər Məscidinədək uzandı. Heydər Əliyev ocağının və bu yüksək mənəviyyat yolunun davamçısı İlham Əliyev həzrətlərinin təbirincə desək: “Bizim milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi. Biz buna sadiqik”.
Gəncədə İmamzadə kompleksinin bərpası isə öz miqyası və nəfisliyi ilə bu şərəfli yolun növbəti mərhələsi oldu. Misli görünməmiş yüksək səviyyədə geniş bərpa, abadlıq işlərinin miqyası insanı riqqətə gətirirsə, Prezident həzrətlərinin bu işlərin gedişatına göstərdiyi böyük qayğı dindarların qəlbinə sonsuz fəxarət və qürur hissi bəxş edir.
Bu yol, inşallah, davam edəcəkdir. Uca Allahın nəzəri və mərhəməti ilə biz Azərbaycanımızda hələ neçə belə gözəl mənəvi ocaqların şahidi olacaq, islam dünyasının şərif məkanlarından biri kimi daha artıq tanınacağıq. Qoy Allah-təala bizlərə tezliklə dövlət başçımızın rəhbərliyi altında Qarabağda şəhid məscidlərimizin bərpa və tikintisini gerçəkləşdirməyi nəsib etsin, inşallah!
***
Əlbəttə, ailə ocağının rolu danılmazdır. İlham Əliyevin mənəvi aləminin, dini dünyagörüşünün formalaşmasında Heydər Əliyev ocağının hikməti böyük rol oynamışdır. İlham Əliyev yüksək mədəniyyət və mənəviyyata malik insan kimi dinin yüksək ideallarını hər zaman dəyərləndirmək iqtidarında olmuşdur. Gənc yaşlarından Təzəpir məscidinə ziyarətə gələn İlham Əliyev hələ Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyində çalışarkən Təzəpir məscidinin cari təmir işlərini həyata keçirmək kimi savab, dəyərli missiyanı yerinə yetirmişdi. Bu, İlham Əliyev qəlbinin mənəvi tələbatı idi. Və illər keçdikdən sonra ulu öndərin təbirincə: “Bizim edə bilmədiklərimizi davamçılarımız edəcək” fikri təsdiqini İlham Əliyevin misilsiz əməli tədbirlərində tapdı. Təzəpir məscid-kompleksinin bərpa-yenidənqurmadan sonra açılışını edən İlham Əliyev həzrətləri nəinki Azərbaycan, bütün Qafqaz müsəlmanlarına böyük ərməğan etmiş oldu.
Müqəddəs Məkkə ziyarəti zamanı niyyət etdiyi kimi möhtəşəm məscid inşa etdirmək arzusunu gerçəkləşdirmiş İlham Əliyev həzrətləri bölgəmizin ən böyük və ən nəfis məscidi - Heydər Məscidini dindarlara hədiyyə etdi. Bu, xalqının tarixi mənəvi irsinə, müqəddəs dininə ehtiram bəsləyən müdrik liderin əsrlərə yadigar töhfəsi oldu.
Mən əminəm ki, müstəqil Azərbaycanda dini-mənəvi dəyərlərə ehtiramlı münasibətin əsasını qoymuş ulu öndər Heydər Əliyevin ruhu şaddır. Onun ailə ocağında bu ənənələr yaşadılır, inkişaf etdirilir. Şadam ki, Əliyevlər ocağında iman işığı bu gün də gur yanır!
İstər möhtərəm İlham Əliyev həzrətlərinin, istərsə də ulu öndərin adını yaşadan fondun rəhbəri Mehriban xanımın ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda fəaliyyətlərində biz bunun şahidi oluruq.
Allah-təala bir xalqı istəsə, o xalqa müdrik rəhbər göndərəcək və bu xalqı zülmətdən nura tərəf aparacaq. Bəli, Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev həzrətləri Azərbaycana gəldi və dövlətçiliyimizin bünövrəsini bərqərar etdi, müstəqilliyi bizə əmanət qoydu.
Heydər Əliyevin bizə ən böyük əmanətlərindən biri də onun irsinin və siyasətinin davamçısı İlham Əliyev həzrətləridir. Mən bunu həm də Allah-təalanın Azərbaycan xalqına lütfü kimi qiymətləndirirəm.
Mənim yadıma Heydər Əliyev həzrətlərinin sözləri düşür. O, mənə deyərdi: “Şeyx həzrətləri, mən həmişə Allahlayam, Allah da mənimlədir. Heç kim mənə qalib gələ bilməz”.
Mən İlham Əliyev həzrətləri ilə birlikdə müqəddəs Məkkə, Mədinə ziyarətləri dövründə bir daha əmin oldum ki, Allah-təalanın yandırdığı Heydər çırağı heç bir zaman qara qüvvələrin təsiri altında, istəməyənlərin arzusu ilə zəifləyə, söndürülə bilməz! Xatiri mənim üçün qardaş qədər əziz olan Heydər Əliyevə və onun ömür-gün yoldaşı Zərifə xanıma Allah-təala rəhmət eləsin!
Fəxrlə deyə bilərik ki, Azərbaycanın mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu, fəal mövqeyi ulu öndərin başlatdığı yolun uğurla davam etdirilməsi sayəsində mümkün olmuş reallıqlar Heydər Əliyev irsindən qaynaqlanır.
Bu gün hər bir vətənpərvər insan kimi dindarlarımız da fəxr edirlər ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdırlar. Həqiqətən Azərbaycan bu gün milli-mənəvi dəyərlər üzərində qurulan müasir hüquqi, dünyəvi dövlət modelinin ən parlaq nümunəsidir. Bu möhkəm təməl üzərində bütün sahələrdə uğurlarımız intişar tapır.
***
Tale elə gətirib ki, İlham Əliyev ilə dəfələrlə xarici ölkələrdə səfərdə olmaq şərəfinə nail olmuşam. Təbii ki, ən müxtəlif ölkələrdə Azərbaycanın dövlət başçısına bəslənən böyük hörmət və etimad hissi bizi çox qürurlandırır.
Mən Heydər Əliyev həzrətlərinin Azərbaycanda “dostum”, “qardaşım” deyə müraciət etdiyi şəxs kimi hər zaman bununla qürur duymuşam. Eynilə Prezident İlham Əliyev həzrətlərindən hər zaman ünvanıma, məqama ehtiramın şahidi olmaq olduqca fəxarətlidir.
Bizim üçün çox önəmli və fəxarətlidir ki, Əliyevlər ailəsinin təməlində olan milli ruha, dəyərlərə, mənəviyyata ehtiram hissi bu gün də layiqincə davam edir. Zati-aliləri İlham Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş, bütün qüvvəsini xalqının rifahına və dövlətinin qüdrətinə həsr etmişdir.
Biz dindarlar İlham Əliyevin timsalında Azərbaycanın gələcəyinə, dünya miqyaslı xarici siyasətimizin və dövlətçiliyimizin qarantına səs vermişik. Və bu gün də öz seçimimizlə qürur duyuruq, çünki Azərbaycandakı din-dövlət münasibətləri, tolerantlıq ənənələri, milli-mənəvi mədəniyyət və etiqad azadlığının bərpasına verilən önəm məhz Prezidentimizin müdrik siyasətinin nəticəsidir.
Çox arzu edir və inanıram ki, əzəli Azərbaycan torpağı olan Qarabağda tezliklə bizim bayrağımız ucalacaq, himnimiz səslənəcək. Ali Baş Komandanımızın rəhbərliyi ilə biz buna nail olacağıq, haqq işimizdə zəfər çalacağıq, inşallah! Ulu öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi. Mən əminəm ki, inşallah, xalqımız Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə bu arzunu da gerçəyə çevirəcəkdir. Allah bizə nəsib edəcək, imkan yaranacaq, biz o torpaqlardakı məscidləri, kilsələri, sinaqoqları, ziyarətgahları bərpa edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq!
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezidentimiz İlham Əliyevə sonsuz xeyir-dualar edir, Ali Baş Komandanımızın doğma Qarabağda müzəffər olmasını Uca Yaradandan diləyirik!
Allah cəmi dualarımızı və niyyətlərimizi qəbul etsin, inşallah!
Allah Vətən torpağı uğrunda şəhid olan övladlarımıza rəhmət eləsin!
Uca Allah Azərbaycan xalqını, Vətənimizi hifz etsin!
Allah dövlət başçımıza və onun ailəsinə cansağlığı, səadət bəxş etsin!
Allah-təala dövlətimizi baqi, dövlət rəhbərimizi müzəffər, müstəqilliyimizi əbədi etsin, inşallah!..


Şeyxülislam
Allahşükür PAŞAZADƏ,
Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, tarix elmləri doktoru, professor 

 

Azərbaycan qəzeti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !