Müxtəlif inanclı insanları bir amalda birləşdirən LİDER - + FOTO

Müxtəlif inanclı insanları bir amalda birləşdirən LİDER + FOTO

Dağ yəhudilərinin əbədi ehtiram ünvanı



Milix YEVDAYEV,


Azərbaycan dağ yəhudiləri dini icmasının sədri


- Müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələr, çəkişmələr, digər xoşagəlməz hallar olmamışdır. Nə üçün? Ona görə ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, tolerantlıq yüksək mədəniyyətin nəticəsidir. Azərbaycanda əsrlər boyu tolerantlıq olmuşdur, var və olacaq.
Biz, dağ yəhudiləri uzun əsrlərdir ki, bu torpaqda məskunlaşmışıq. Azərbaycan xalqı həmişə bizə dayaq olub və bütün bəlalardan müdafiə edib. Azərbaycanı özünə doğma vətən bilən yəhudilər də heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıblar. Biz azərbaycanlılarla doğmalaşıb, qardaşlaşmışıq. Bu qardaşlığın rəmzidir ki, Azərbaycanda yaşamış və indi bütün dünyaya yayılmış dağ yəhudilərinin hər biri özünü hər vaxt, hər zaman azərbaycanlı sayır və Azərbaycanı öz vətəni hesab edir. Onlar tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, adət-ənənələrini günümüzə qədər qoruyub saxlayıblar.
Xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanda tolerantlıq ənənələri Heydər Əliyevin ölkəmizdə rəhbərliyə gəlişindən sonra daha da möhkəmləndi. Bu mənada Heydər Əliyev bir zirvə idi. Zirvənin əzəməti isə ondan uzaqlaşdıqca aydın görünür. Ona görə, illər ötdükcə ulu öndərin əzəmətini biz daha aydın görürük. Heydər Əliyev xalqımızın, məmləkətimizin arzuları ilə yaşayırdı. Bu gün isə Prezident İlham Əliyev ulu öndərin layiqli siyasi davamçısı olaraq, o arzuları çin edir. Azərbaycanda müxtəlif xalqların, millətlərin mədəniyyətinin, tarixinin, adət-ənənələrinin saxlanılması və qorunması üçün xüsusilə indiki dövrdə böyük işlər görülür. Bu məsələdə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri misilsizdir.
Prezident İlham Əliyevin dəstəyi sayəsində qısa müddətdə Bakıda bizim üçün yeni və daha geniş sinaqoq inşa edilərək 2011-ci ilin martında istifadəyə verildi. Dünyada analoqu olmayan haldır ki, əhalisinin 96 faizi müsəlman olan bir dövlət yəhudilərə sinaqoq tikib. İcmamızın fəaliyyəti üçün daim dövlət tərəfindən maliyyə yardımı ayrılır. Buna dünyanın heç yerində rast gəlmək mümkün deyil. Bu ibadətgah Azərbaycanda yaşayan dağ yəhudilərinə, ümumiyyətlə, bütün dünyaya yayılmış dağ yəhudilərinə möhtəşəm bir töhfədir. Həmin möhtəşəm töhfəyə görə, Allah-Təalanın mənə verdiyi qismətdən istifadə edərək Prezidentə daim minnətdarlığımı bildirirəm. İsrailin Baş naziri bir neçə gün əvvəl Azərbaycana gəlmişdi. Onunla görüş zamanı mən Azərbaycan dövlətinin diqqət və qayğısını xatırlatdım.
Bizim dinimizdə üç əsas şərt var. Birincisi, Allahın tək olduğunu qəbul etmək, ikincisi, oğlanların sünnət olunması, üçüncüsü isə Şabat qanunlarına riayət edilməsidir. Bütün bu dini ayinlərin hamısını biz Azərbaycanda sərbəst icra edirik. Hər Şabat günü biz Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə və onun ailəsinə dualarımızı Allahdan diləyirik.
Bizim üçün fəxrdir ki, Prezident İlham Əliyev Azərbaycandakı yəhudilər və yəhudi icmaları haqqında həmişə gözəl fikirlər söyləyir. Cənab Prezident bir dəfə Qubada Qırmızı Qəsəbədə olanda deyib ki, yəhudilərlə dostdur, amma dağ yəhudiləri ilə qardaşdır. Bizim üçün bundan böyük şərəf ola bilməz.
Prezident İlham Əliyevin 25 iyul 2016-cı il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə, bundan əvvəl isə dövlət başçısının 16 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldüm. Hesab edirəm ki, bu təltiflər tək mənə deyil, Azərbaycandakı yəhudi icmasına verilən ali mükafatlardır. Mükafat xalqındır, mən sadəcə, onu daşıyıram. Belə mötəbər təltiflər dövlətimizn dini konfessiyalara, qeyri-islam dini icmalara göstərdiyi yüksək diqqət və qayğısının təzahürüdür. Mən bütün bunlara görə Prezident İlham Əliyevə minnətdaram və bundan sonrakı fəaliyyətimdə də daim Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət edəcəm. Yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və bundan qürur duyur, Azərbaycanı öz doğma vətəni hesab edirlər. Biz dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik. Bizi heç vaxt Azərbaycandan ayırmaq mümkün deyildir. Harada yaşamağımızdan, harada olmağımızdan asılı olmayaraq biz həmişə azərbaycanlıyıq.
Azərbaycanın xoşbəxtliyi ondadır ki, onun Heydər Əliyev kimi ulu öndəri, İlham Əliyev kimi Prezidenti var. Heydər Əliyev Azərbaycan üçün böyük bir xəzinə qoyub. Prezident İlham Əliyev isə xalqımıza göstərdiyi fövqəlbəşər xidmətlərlə bu xəzinəni daha da zənginləşdirir. Azərbaycan Prezidenti öz fəaliyyətində millətimizə, bu məmləkətdə yaşayan bütün xalqlara arxalanır. Çünki cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Cənab İlham Əliyev əlçatmaz yox, əlçatan bir Prezidentdir. Biz bunu daim görür və hiss edirik.

 



Azərbaycan pravoslavlarının səmimi himayədarı



Aleksandr İŞEİN,


Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu

 

- Bütün dinlərdə və təşkilatlarda olduğu kimi, Rus Pravoslav Kilsəsinin də həll olunası problemləri mövcuddur. Bunların həllində ölkə rəhbərinin köməyinə ehtiyac duyulur və sevinirik ki, Azərbaycanda bu məsələ daim uğurlu həllini tapır. Məsələn, dindarlar üçün xeyriyyəçilik məqsədilə binaların ayrılması, onların ehtiyaclarının təmin edilməsi üçün lazımi şəraitin yaradılması və digər məqamlar buna misaldır.
Üç il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bizim üçün dördmərtəbəli bina inşa edilmişdir. Orada Pravoslav Dini-Mədəni Mərkəzi açılmışdır. Mərkəzdə dindarlarla görüşlər keçirir, xəstələrin və imkansızların qayğısına qalırıq. Bazar günləri xristianlar Azərbaycan dilini öyrənmək imkanına malikdirlər. Bundan əlavə, mərkəzdə bayram tədbirləri, yubileylər keçirilir. Dövlət başçısının tapşırığı ilə Lənkəranda da binaların biri kilsə kimi rus icmasının sərəncamına verilmişdir.
Azərbaycanda bütün dinlər bərabərhüquqludur. Bunun sübutu isə dövlət institutları, biznes, təhsil, səhiyyə sahələrində bütün millətlərin və dinlərin nümayəndələrinin təmsil olunmasıdır. Biz bununla çox fəxr edirik. Bizdə məscidlər, məbədlər, kostyollar, sinaqoqlar var. Həm də onların yeniləri açılır, inşa olunur, köhnələri bərpa edilir.
Azərbaycan dövləti dini problemlərə son dərəcə diqqətlə yanaşır. Hər il Azərbaycan Prezidenti dini icmaları təbrik edir - xristianları Pasxa və Milad, müsəlmanları Qurban, yəhudiləri isə Roş-Ha-Şana bayramları münasibətilə. Azərbaycanda dini-tədris müəssisələri də mövcuddur. Məsələn, İslam Universiteti, məbəddə xristian məktəbi, həmçinin yəhudi tədris müəssisələri fəaliyyət göstərir. Bu, dövlətimizin dini məsələlərə nə qədər ehtiramla yanaşdığını sübut edir.
Azərbaycan mentalitetinin daha bir mühüm cəhətini qeyd etmək istərdim. Bu, hər kəsin dini hisslərinə olan dərin hörmətdir. Bizdə dini, yaxud milli məhəllə və ya küçələr yoxdur. Eyni küçədə, eyni binada, eyni tikilidə müxtəlif xalq və millətlərin nümayəndələri yaşayırlar. Azərbaycanda bayramlar birlikdə qeyd olunur. Məsələn, əgər müsəlmanlar Qurban, yaxud Ramazan bayramını qeyd edirlərsə, demək, bu, dini və ya milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bayramıdır. Əgər Milad və ya Pasxa bayramıdırsa, bütün vətəndaşlar bunu bilir və bir-birlərini bu bayram münasibətilə təbrik edirlər. Eləcə də Roş-Ha-Şana və Pesex də ümumi bayramlarımızdır.
Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bu məqsədlə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postu yaradılmışdır. Bu, Azərbaycan cəmiyyətinin milli dəyərlərinə, adət-ənənələrinə əsaslanır. Tarixi İpək yolunun buradan keçməsi, karvansarayların salınması, müxtəlif insanların bir-biri ilə ünsiyyəti buna müəyyən təsir göstərib. Azərbaycan multikulturalizm modeli artıq dünya universitetlərində öyrənilir, tədris olunur. Qırmızı Qəsəbə, İvanovka, Nic, Xınalıqda yaşayan etnik azlıqların hamısı Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvləridir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar birgə sülh, tolerantlıq şəraitində yaşayırlar. Onların haqları Azərbaycan milli qanunvericiliyi ilə də qorunur.
Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Çox zaman xarici qonaqlar bizdən təəccüblə soruşurlar ki, necə olur, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri qardaş və dost kimi yaşaya bilirlər. Biz də belə suallara təəccüblənirik: axı, başqa cür necə olar bilər? Azərbaycan Prezidenti öz qayğısını bütün konfessiyalara eyni səviyyədə göstərir. Azərbaycan bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib.
Fəxrlə qeyd etməliyəm ki, 60 illik yubileyimlə bağlı Azərbaycan Prezidenti məni “Dostluq” ordeni ilə təltif etmişdir. Bir müddət əvvəl isə “Şöhrət” ordeninə layiq görülmüşdüm.
Hər yerdə deyirəm ki, Azərbaycanda bütün sahələrdə - istər dövlət idarələri olsun, istər özəl, yaxud təhsil və səhiyyə müəssisələri - hər yerdə xristianlar təmsil olunmuşlar. Yaxşı xatırlayıram, dahi şəxsiyyət Heydər Əliyev deyirdi ki, Azərbaycanda 100-dən çox xalq yaşayır və bu, bizim varlığımızdır.
Cənab İlham Əliyev isə bu kursu davam etdirərək multikulturalizmi ölkənin daxili siyasətinin prioriteti səviyyəsinə qaldırmışdır. Bu, çox müdrik qərardır. Azərbaycandakı bütün ali məktəblərdə multikulturalizm öyrədilir, ölkə tolerantlıq nümunəsinə çevrilmişdir. Bakıda Prezidentin tapşırığı ilə Multikulturalizm mərkəzi yaradılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev böyük şəxsiyyətdir. O, yüksək mədəniyyəti, əxlaqı və dərin təhsili ilə digərlərindən seçilir. Geniş dünyagörüşünə malik olan dövlət başçısı ölkədə yeni teatrlar, stadionlar, digər obyektlər inşa etdirməklə, müxtəlif dünya və Avropa miqyaslı yarışlar, beynəlxalq forumlar keçirməklə Azərbaycanın qüdrətli və çiçəklənən bir ölkə kimi imicinin yaranmasına nail olmuşdur.
Layiqli liderə və dayanıqlı iqtisadiyyata malik olan Azərbaycan möhkəm addımlarla irəliləyir.



Katoliklərin dəyərli dostu



Vladimir FEKETE,
Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi

- Katolik kilsəsi dünyada ən iri xristian kilsəsidir. Onun tərəfdarları Azərbaycan ərazisində də yaşayırlar. Digər dinlərin tərəfdarları kimi, katoliklər də Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmamışlar.
Bu il dini icmaların Prezidentdən aldığı maliyyə dəstəyi, katoliklər icmasının başçısı kimi mənim müxtəlif dövlət tədbirlərinə dəvət olunmağım və bir çox başqa məsələlər dövlət başçısının bizim icmamıza göstərdiyi qayğı və diqqətin parlaq nümunəsidir.
Xüsusilə, bu il martın 6-da Azərbaycan Respublikası Prezidentinin Vatikana səfərini qeyd etmək istərdim. Cari ilin digər önəmli hadisəsi isə oktyabrın 2-də Prezident İlham Əliyevin dəvəti ilə Roma Papası Fransiskin Azərbaycana səfəri idi.
Azərbaycan dünyəvi dövlətdir. Respublikada din dövlətdən ayrıdır. Prezident bu dövlətin və respublikanın bütün əhalisinin başçısıdır. Onun vəzifəsi ölkənin bütün vətəndaşlarına - həm dindarlara, həm də ateistlərə qayğı göstərməkdir.
Fikrimcə, bütün cəmiyyət üçün xeyirlidir ki, Azərbaycan Prezidenti müasir cəmiyyətdə dini və ənənəvi dəyərlərin rolunu nəzərə alır. Dövlət başçısı bilir ki, əsl din təkcə ayrı-ayrı şəxslərə kömək etməklə yanaşı, həm də bütün cəmiyyətin inkişafına öz müsbət töhfəsini verir. Ölkədə elə şərait yaradılmışdır ki, dini icmalar öz fəaliyyətlərini maneəsiz həyata keçirir, dindarlar isə ehtiyac duyduqları mənəvi dəstəyi ala bilirlər.
Ölkəmizdə katoliklər üçün də münbit şərait yaradılmışdır. Mən milliyyətcə slovakam. Bir neçə ildir ki, Azərbaycanda yaşayıram və işləyirəm. Buna görə də Azərbaycandakı ümumi və dinlərarası münasibətlər barədə rəy bildirə bilərəm.
Katolik kilsəsi çox kiçikdir. Biz cəmi 500 nəfərik, üstə gəl, son illər Azərbaycana işləməyə gələn bir neçə min əcnəbi. Deyə bilərəm ki, cəmiyyətdə bizə hörmət var. Azərbaycandakı xristianların maarifçiliyə və cəmiyyətin inkişafına kömək edən statusu var. Beləliklə, çətinlik və problem olmadan biz dini rəhbərlər görüşüb maarifçilik və cəmiyyətlə bağlı məsələləri müzakirə edirik.
Dini rəhbərlər arasındakı yaxşı münasibətlərin bütün cəmiyyətə müsbət təsiri var. Katoliklər görəndə ki, mən pravoslav arxiyepiskopu ilə dostluq edirəm, məni Şeyxülislam hörmətlə ya iftara, ya da hansısa bir məsələ ilə bağlı dəvət edir - düşünürəm ki, bu, cəmiyyətə əlavə şərhsiz anlamağa kömək edir ki, biz bir yerdə yaşamalıyıq. Biz bir-birimizi sevməliyik və hörmət etməliyik.
Prezident İlham Əliyev təcrübəli siyasətçi və diplomatdır. Mən həmişə onun hətta bir-birləri ilə münaqişə aparan ölkələrlə yaxşı diplomatik münasibətlər qurmaq bacarığından heyrətlənmişəm.
Həmçinin Prezident İlham Əliyevin xidmətlərindən biri də odur ki, atası Heydər Əliyevin yolu ilə getməklə o, tolerantlıq və multikulturalizm siyasətini xeyli genişləndirmiş və möhkəmləndirmişdir. İlham Əliyevin bununla bağlı yüksək qayğısının nümunəsi kimi 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını və bu çərçivədə həm ölkə ərazisində, həm də onun hüdudlarından kənarda tolerantlıq mövzusuna həsr olunmuş xeyli sayda tədbirlərin keçirilməsini göstərmək olar.
Sadaladıqlarımız Azərbaycanın müxtəlif millətlərin və dini təriqətlərin adamlarının çiyin-çiyinə dostluq və əməkdaşlıq şəraitində yaşadığı bir ölkə kimi bütün dünyada müsbət imicinin yaradılmasına və möhkəmlənməsinə kömək edir.



Udilərin böyük xeyirxahı



Robert MOBİLİ,
Alban-udi xristian icmasının sədri

- Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır. Tarixin bütün dövrlərində Azərbaycanda dinlərarası heç bir problem yaşanmayıb. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçilib. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların qovuşduğu, sülh və əmin-amanlıq şəraitində yaşadığı bir məkandır.
Azərbaycan xalqının digər din və mədəniyyətlərə dözümlü münasibət bəsləməsinin bir çox səbəbləri var. Bu yanaşma Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, respublikada sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər. Odlar yurdunda bu gün azəri türkləri ilə bərabər, dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, saxurlar, avarlar, ləzgilər, qrızlar, udilər kimi etnik qruplar yaşayır.
Mən udi xalqının nümayəndəsiyəm. Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradılıb. Udi xalqı Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıb. Hazırda isə Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayonunda udi xalqının minə yaxın nümayəndəsi yaşayır.
Azərbaycan müstəqillik qazandıqdan sonra udilərin həyatında müsbət dəyişikliklər oldu. Prezident İlham Əliyevin bizə göstərdiyi qiqqət və qayğı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olundu, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri - Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edildi və icmanın istifadəsinə verildi. Bu gün Azərbaycan dövləti udi icmasının fəaliyyətinə zəruri şərait yaradır. Bunu sübut edəcək faktları göstərmək yetər. Udi xalqının kompak yaşadığı Qəbələnin Nic qəsəbəsində 5 orta məktəb, 3 kilsə, 2 məscid mövcuddur. Udilər ibtidai təhsillərini öz ana dillərində alırlar. Bundan sonra isə seçim özlərinindir - ya rus, ya da Azərbaycan dilində təhsillərini davam etdirmək imkanları var. Həm islam, həm də xristian dininə aid bütün bayramlar qeyd edilir. Ramazan bayramında hətta kilsənin həyətində iftar süfrələri təşkil edilir. Nic qəsəbəsinin bazarı isə tolerantlığın barometridir. Orada azərbaycanlılar, udilər, ləzgilər və digər xalqların nümayəndələri mehriban şəkildə alış-veriş edirlər.
Bu gün Avropa multikulturalizmi qəbul etməsə də, Azərbaycan dövləti bu ənənənin mövcud olduğunu sübut edir. Nümunələrlə, görülən işlərlə, faktlarla dünyaya multikulturalizmin Azərbaycan modeli təqdim olunur.
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multukulturalizm ili” elan edib. Odlar yurdunda multikulturalizm adi həyat tərzidir. Bu, tarixən mövcud olub və bu gün də davam edir. Dünyada yeganə Azərbaycan dövlətidir ki, burada həm dağ yəhudiləri, həm də udilər kompakt şəkildə yaşayırlar.
Son 10 ildə dövlət başçısının udilərə göstərdiyi qayğı göz önündədir. Prezident İlham Əliyevin 2005 və 2011-ci illərdə 2 dəfə Nic qəsəbəsinə səfər etməsi, hər il icmamıza maddi yardımların edilməsi, 2013-cü ildə Alban-udi kilsəsinin dirçəlişinin 10 illiyinə və Qafqaz Albaniyasında xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunan rəsmi tədbirin keçirilməsi, Nic kəndinə qəsəbə statusu verilməsi, məktəblərin, kilsələrin tikilməsi, öz ana dilimizdə kitabların buraxılması dövlət tərəfindən icmaya edilən diqqət və qayğının göstəricisidir.
Bir faktı da qeyd edim ki, indiyədək Nic qəsəbəsində təbii qaz olmayıb. Prezidentin tapşırığına uyğun olaraq bu il qəsəbəyə təbii qaz xətti çəkilib və bütün yollar asfaltlanıb. Qəsəbəyə daxil olarkən qarşında gözəl bir şəhər canlanır.
Ümumiyyətlə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına ciddi diqqət yetirilir. Buna dəstək olan isə Azərbaycan dövləti və onun Prezidentidir. Cənab İlham Əliyev multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına, dini qurumların problemlərinə həssas münasibət və özəl qayğı göstərir. Bu, dünyada nadir və analoqu olmayan bir dövlətçilik təcrübəsidir.
Bütün bunlara görə, Prezident İlham Əliyevə udi xalqı adından təşəkkür edirəm və hesab edirəm ki, dövlət başçısının 2014-cü ildə məni “Şöhrət” ordeni, 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etməsi udi xalqına verdiyi qiymət, göstərdiyi qayğının bariz nümunəsidir. Əminəm ki, dövlət başçısının dəstəyi ilə bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim etdiyimiz Azərbaycanın tolerantlıq modeli bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verəcək.

 

Azərbaycan qəzeti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !