Kərim Kərimli : - “Kobra” ləqəbi ilə tanınan Ələkbər Əsgərov ...

Kərim Kərimli : “Kobra” ləqəbi ilə tanınan Ələkbər Əsgərov ...

Sizə böyük bir yazı təqdim edirəm. Başa düşürəm ki, indi bu qədər yazını oxumağa tək-tük adamın hövsələsi çatar. Ona görə də heç də hamının oxuyacağını gözləmirəm. Kimin bir az vaxtı, bir az da həvəsi olsa baxsın. Həvəsi, vaxtı olmayanların da olanlarınkı kimi canı sağ olsun...


Əvvəlcədən minnətdarlığımı bildirirəm.


2 yanvar - polkovnik Ələkbər Əsgərovun qətlə yetirildiyi gündür.


ƏSGƏROV ƏLƏKBƏR İSLAM oğlu


1953-cü il sentyabrın 17-də Bakıda anadan olmuş,
1993-cü il yanvarın 2-də Bakıda öldürülmüşdür.
1970-ci ildə Bakıdakı 39 nömrəli orta məktəbi bitirmişdi. Həmin il M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun neft sənayesi fakultəsinin gündüz şöbəsinə daxil olmuş, seçdiyi ixtisas ürəyincə olmadığı üçün 2-ci kursda institutu atıb Sovet Ordusu sıraların getmişdi. Xüsusi təyinatlı raket qoşunları hissəsində xidmətə başlamış və hərbi xidmətini leytenant kimi başa vurmuşdu. Ordudan tərxis olunandan sonra ilk seçdiyi instituta yox, S. M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdu. 1979-cu ildə institutu müvəffəqiyyətlə başa vurub məşqçi-müəllim ixtisasına yiyələnmiş, əvvəlcə “Neftçi”, sonra isə “Dinamo” könüllü idman cəmiyyətlərində çalışmışdı. Ə. İ. Əsgərov respublikamızda əlbəyaxa döyüş və karate üzrə mərkəzin ilk yaradıcısı idi. Əvvəlcə bu mərkəzin rəisi, təşkilat şöbəsinin rəis müavini, sonra isə həmin şöbənin rəisi vəzifələrində işləlmişdi.
1983-cü ilin noyabrında daxili işlər nazirinin əmri ilə Ə. İ. Əsgərova milis baş leytenantı rütbəsi verilir. 1989-cu ilin yanvar ayından etibarən Ə. İ. Əsgərov Daxili İşlər Nazirliyi aparatında siyasi şöbənin inspektoru təyin edilir. 1990-cı ilin avqust ayında onu xüsusi təyinatlı milis dəstəsinin komandir müavini vəzifəsinə irəli çəkirlər. Komandir müavini kimi dəfələrlə Qarabağa getmiş, Şuşa və Xocalı əməliyyatlarının iştirakçısı və rəhbəri olmuşdur.
1991- ci ilin avqustundan Şuşa rayon daxili işlər şöbəsində profilaktik tədbirlər üzrə komandir müavini işləməyə başlayan Ə. İ. Əsgərov sonra Şuşa fövqəladə vəziyyət rayonunun hərbi komendantı kimi məsul vəzifəyə qoyulur.
Ə. İ. Əsgərov Minvodı şəhərində Ter-Petrosyanla danışıqlar aparmaq məqsədilə Dağlıq Qarabağ azərbaycanlılarını təmsil edən nümayəndə heyətinə rəhbərlik etmək üçün 1992-ci il aprelin 25-də Bakı şəhərinə çağırılır. Danışıqlar gündən-günə təxirə salındığı üçün onu Bakıdan buraxmırlar.
Şuşanın işğalından sonra podpolkovnik Ə. İ. Əsgərov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi banditizm və terrorizmə qarşı mübarizə üzrə xüsusi idarənin kopmandir müavini təyin olundu. O, bandit dəstələri və qruplaşmalarının zərərsizləşdirilməsi üçün keçirilən müvəffəqiyyətli əməliyyatların bilavasitə iştirakçısı və təşkilatçısı idi. 1992-ci ilin dekabrında ona polkovnik rütbəsi verilmişdi. Düşmənə qarşı amansız olan, vətənini dərin məhəbbətlə sevən polkovnik Ə. İ. Əsgərov 1993-cü il yanvar ayının ikisində naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir.
Ələkbər Əsgərov Daxili İşlər nazirliyinin “Milis əlaçısı” döş nişanı ilə təltif olunmuşdu, reqbi üzrə idman ustası, karate üzrə Ümumittifaq dərəcəli hakim və nəhayət, tapançadan atəş açmaqda DİN üzrə çempion idi.
(Kərim Kərimli, “Hələ Şuşalıykən...” (Bakı, 1995.), səhifə 31.)
ƏLƏKBƏR ƏSGƏROVLA MÜSAHİBƏ
Bu müsahibəni məşhur polkovnik, o zaman ölkədə “Kobra” ləqəbi ilə tanınan, Şuşada çalışdığı dövrdə isə etdiyi hərəkətlərə, nümayiş etdirdiyi cəsur fəaliyyətə görə şöhrətinin zirvəsində olan Ələkbər Əsgərovla Şuşanın işğala qədərki ən ağır günlərində yazmışıq. Polkovnik Əsgərov (daha dəqiqi, o günlərdə o, həmin vaxtın termini ilə desək, podpolkovnik idi), müsahibəyə uzunmüddətli təkidlərimdən sonra razı olmuşdu və hesab edirəm ki, bu müsahibədə onun xarakteri də müəyyən qədər açılır, eyni zamanda o dövrün hadisələrinə də bir az işıq salınır, aydınlıq gətirilir.
Beləliklə,


QARABAĞDA HƏLƏ AÇILMAMIŞ DÜYÜNLƏR ÇOXDUR
ACI HƏQİQƏTLƏR HAQQINDA BİR NEÇƏ SÖZ


Vətən oğulluğa götürür bizi,
Vətən köynəyindən keçirir bizi.
Vətən köynəyindən qurd ürəklilər
Keçirlər, Vətənə oğul olurlar.
(Rəhman Babaxanlı)


I.
Haqqında sizə danışacağım və çox çətinliklər bahasına nail olduğum söhbətimi nəzərinizə çatdıracağım adam – Ələkbər Əsgərov çox maraqlı bir şəxsiyyətdir. Əvvəl onun həyat yoluna, maraqlı və mənalı ömrünə qısaca bir nəzər salaq.
(Qeyd: Ə. Əsgərovun tərcümeyi halını yuxarıda verdiyimizə görə müsahibənin bu hissəsini ixtisar edirəm.)
II.
Xidməti vəzifəmlə əlaqədar olaraq Ələkbər bəylə demək olar ki, hər gün, bəzən isə gündə bir neçə dəfə görüşürəm. Dəfələrlə onun keçirdiyi əməliyyatların şahidi olmuşam. Yüksək peşə hazırlığı, zəngin intellektual səviyyə, geniş erudisiya, dözüm, iradə, həyata keçirdiyi tədbirlərin, uğurla planlaşdırdığı əməliyyatın hökmən qələbə ilə nəticələnəcəyinə intuisiyadan deyil, öz işinin ustası olan bir adamın yüksək peşə hazırlığından doğan qəti və qırılmaz bir inam – bu keyfiyyətləri məndə ona qarşı dərin hörmət və ehtiram doğurub. Həmişə görüşlərimiz zamanı onun söhbətlərini qələmə almaq istədiyimi bildirmişəm. Hər dəfə də doyunca söhbət etsək də, bütün bunların mətbuat üçün deyil, yalnız mənim üçün olduğunu deyib və qəzetə yazılmasını istəməyib. Yalnız martın 2-də o, rəsmi söhbətə razılıq verdi və bizim səhərdən axşamadək çəkən söhbətimiz (ona tez-tez mane olurdular) zamanı mən lap az sual verməyə çalışdım. İstəyirdim ki, Ələkbər bəy özü danışsın. Çünki, bu onun qəzetlərə iri həcmdə ilk müsahibəsi idi. Və elə başlanğıcda bunun səbəbi aydın oldu:
Ələkbər Əsgərov: - Mən əvvəllər heç vaxt nə televiziyaya, nə də mətbuata müsahibə verməyə razı olmuşam. Son günlər bir neçə dəfə televiziyaya və ilk dəfədir ki, qəzetə müsahimə verirəm. Bizim rəhbərlərimizin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi nəticəsində mənim və digər əməkdaşların şəxsi işləri artıq Yerevandadır. Odur ki, daha “gizlənməyə”, nəyi isə “gizlətməyə” heç bir ehtiyac görmürəm.
Kərim Kərimli: - “Rəhbərlik” deyəndə kimi və ya kimləri nəzərdə tutursan?
Ələkbər Əsgərov: - DİN-in keçmiş rəhbərliyini və nazirliyin kadr idarəsini. Bizim şəxsi işlərimiz keçmiş DQMV Dİİ-də - Stepanakertdə idi. Şəxsi işlərimizdə ailələrimiz, ev ünvanlarımız, bioqrafiyamız barədə ətraflı məlumatlar var. Bəzi əməkdaşlarımızın ailələri isə respublikamızdan uzaqlarda yaşayır. Düşmənlərimiz bu fürsətdən xaincəsinə istifadə edə bilərlər. Şantaja əl atmaq isə onların peşəsidir. İradəcə zəif olan adamlar da ailəsinin xatirinə, körpəsini xilas etmək naminə hər şeyə razılaşır. Artıq indi bizim şəxsi işlərimiz ermənilərin əlindədir. Mən əvəlcədən bu barədə nazirliyə məlumat vermişdim. Ötən ilin avqust, sentyabr, oktyabr aylarında mən teleqramlar vurmuşdum, zəng eləmişdim. Təəssüf ki, əhəmiyyət verən olmadı. İlin sonunda bizim bütün xidməti əlaqələrimiz kəsildikdən sonra isə sənədlərimizi qaytarmadılar. Əlbəttə, qaytarmayacaqlar da... Mikayıl Gözəlovun ölümündən sonra isə vəziyyət daha da kəskinləşdi. Bütün əlaqələrimiz tamamilə kəsildi. Demək istəyirəm ki, indi artıq gecdir. Düşmənlərimiz bizim haqqımızda hər şeyi bilirlər.
K. K.: - Siz Gözəlovun ölümünü xatırlatdınız. Yəni bu bədbəxt hadisənin Qarabağ müharibəsinə nə qədər dəxli var?
Ə. Ə.: - Gözəlovun ölümündən sonra şərait, vəziyyət həddindən çox gərginləşdi. Özü də bütün regionda. Və bütün azərbaycanlı yaşayış məntəqələrindən əhalinin kütləvi surətdə qovulması başlandı.
K. K.: - Belə çıxır ki, ermənilərin işğal planına Gözəlovun öldürülməsi də daxildir.
Ə. Ə.: - Bəli, Gözəlovun öldürülməsi ermənilərin planında olub və onun qatillərinin arxasında dayananlar da elə bundan istifadə ediblər. Ancaq bu cinayət ermənilərin deyil, hakimiyyət uğrunda didişən müəyyən dairələrin işidir. Düzdür, həqiqəti istintaq aşkar edəcək. Lakin biz təxminən bilirik. Məsələ burasındadır ki, Mikayıl Gözəlov öz yerində idi. Öz işinin öhdəsindən məharət və layiqincə gəlirdi. Şəhərin və ətraf kəndlərin müdafiəsinin təşkil edilməsində də düzgün mövqe tutmuşdu. Bu isə çoxlarına sərf etmirdi.
K. K.: - Sən Gözəlov haqda həmişə belə yüksək fikirdə olmusan, ya vəfatından sonra...
Ə. Ə.: - Mən mövqeyimi dəyişmirəm. Həmişə bu fikirdə olmuşam.
K. K.: - Bəlkə, onun ölümü həm də öz ehtiyatsızlığının nəticəsi oldu?
Ə. Ə.: - O, mühafizəsini təmin etməmişdi. Tez-tez postlara, cəbhənin ön mövqelərinə gedirdi. Həmişə bizim aramızda idi. Onun kabinetinə kim istəsə girib-çıxa bilərdi. Mənfi cəhətləri də var idi.
K. K.: - Mən eşitmişdim ki, sizin münasibətləriniz o qədər də yaxşı olmayıb.
Ə. Ə.: - Adi insani münasibətlərdə heç vaxt kiçicik belə münaqişəmiz olmayıb. İşdə isə bəzən olurdu. Mən xarakterinə görə elə adamam ki, istənilən səviyyədə vəzifəli şəxsin nöqsanlarını üzünə deyirəm və bununla da xoşa gəlmirəm. Buna baxmayaraq, münasibətlərimiz pis olmayıb.
K. K.: - Şuşa ərazi müdafiə batalyonu yaradılarkən sən komandir getməliydin. Deyirlər Gözəlov mane olub...
Ə. Ə.: - Düz deyil, mənə təklif etdilər. Razılaşdım. Lakin mənim rəhbərliyim buraxmadı. Elə mən özüm də o vaxtkı müdafiə naziri V. Bərşadlı ilə görüşdən sonra qətiyyətlə imtina etdim. Başa düşdüm ki, bu müdafiə nazirliyi yox, hərbi alver nazirliyidir. Respublika vətəndaşlarının deyil, nazir şəxsi kabinetinin müdafiəsi ilə məşğuldur. Mən gördüm ki, müdafiə nazirliyi yalnız kağız üzərində yaradıır və mən öz sevimli işimi atıb xalqı aldatmaqla məşğul ola bilməzdim. Gözəlovun burda heç bir etirazı, maneçiliyi olmayıb. Əksinə, o, özü təklif etdmişdi.
K. K.: - Ələkbər bəy, deyirsən ki, mən əvvəllər müsahibələrə rzılıq vermirdim. Əsil səbəblərdən biri məncə, sənin XTMD komandirinin müavini olmağın və o vaxt keçmiş vilayət ərazisində sizin döyüşləri yaxşı təşkil etməyiniz, müdafiə əməliyyatlarına bilavasitə rəhbərliyin idi, elə deyilmi?
Ə. Ə.: - O vaxt mən respublika DİN XTMD-nin komandir müavini idim. Bizim həyata keçirdiyimiz əməliyyatlar düşmənlərimizi ciddi narahat edirdi. Ermənilər bütün dünyaya səs salmışdılar ki, “ay aman, belə asdı, belə kəsdi”. Bizim əməkdaşlarımızı gözdən salmağa, ləkələməyə, bununla da dünya ictimaiyyətini əleyhimizə kökləməyə hail olurdular. Ancaq özünü reklam xatirinə başlarına ermənilər tərəfindən böyük məbləğdə pul qoyulmasını aləmə car çəkənlərin dedikləri isə cəfəngiyyatdan başqa bir şey deyildi. Çoxları, o cümlədən Polyaniçko bunu millətin gözünə girmək xatirinə edirdi. Düzdür, ermənilər hər bir öldürülmüş, diri tutulmuş azərbaycanlılara görə pul verirlər. Ən iri məbləğ isə XTMD əməkdaşları üçün təyin edilmişdi. Bizim mətbuatda “ermənilər mənim başıma pul kəsib” – deyə özünü gözə soxmaq azarı isə Polyaniçkodan başladı. Sonra isə bu azarı prezident mitinqində təkrar etdilər.
K. K.: - Ermənilərin bu “mükafatı” hər hansı fərq ilə təyin edilirdimi?
Ə. Ə.: - Təbii ki, zabit üçün bir məbləğ, sıravi döyüşçü üçün digər məbləğ. Ümumiyyətlə, vətəndaşlar da, onlar da müəyyən kateqoriyalara bölünür.
K. K.: - Ələkbər bəy, sualıma görə üzr istəyirəm, bəs jurnalistlər necə, erməniləri çox maraqlandırırmı?
Ə. Ə.: - Bəli, maraqlandırır. Konkret olaraq misal gətirə bilmərəm. Ancaq bilirəm ki, jurnalistlər üçün də müəyyən məbləğ təyin edilib. Ümumiyyətlə, bu məsələ onlarda işə düşmüş maşın, sistem, mexanizmdir.
K. K.: - Gəlin indi keçək əsas məsələyə. Qarabağ məsələsində qələbəmizin təmin edilməsi yolları...
Ə. Ə.: - Bizim formalaşmış müəyyən fikirlərimiz, bu məsələnin həlli barədə konkret təkliflərimiz mütəmadi olaraq rəhbərliyə çatdırılıb. Ancaq heç vaxt fikir verən olmayıb.
K. K.: - Xahiş edirəm, bir qədər konkret...
Ə. Ə.: - Mütəllibova qədər...
K. K.: - Nə kimi təklifləriniz var idi?
Ə. Ə.: - Hələ qoşunlar burada olanda (Sovet Ordusu nəzərdə tutulur – K. K.), vəziyyət az-çox normal olanda mənim, məsələn, aşağıdakı təkliflərim var idi:
1. Respublika rəhbərliyinin və hökumətin ən başlıca və əsas səhvi; qoşunların və hərbi komendantlığın Stepanakertdə yerləşdirilməsi idi. Komendantlıq DQMV ərazisindən kənarda, məsələn, Ağdamda yerləşdirilməli idi. Təkcə Stepanakertdə deyil, ümumiyyətlə ermənilərin arasında yerləşdirmək olmazdı. Buna yol vermək ağır səhv idi. Əgər belə olmasaydı, komendantlığa bircə fəaliyyətdə və sonralar qoşunların çıxarılması zamanı heç bir problem olmazdı. Bundan əlavə, bütün evli hərbçilərin, o cümlədən, SSRİ DİN, prokurorluq, DTK əməkdaşlarının ailələri də Stepanakertə gətirilmişdi. Əgər onlar bizə kömək etmək istəsələr belə mümkün olmayacaqdı. Ermənilər müntəzəm olaraq onları şantaj edir, ailələrini məhv edəcəkləri ilə hədələyir və qorxudurdular. Məsələn, hərbi qulluqçuların Rostovda, Moskvada öldürülməsi. Bu bizim regionda olanların ermənilərə kömək etməyəcəyi təqdirdə onları da belə tale gözlədiyini bildirmək və qorxutmaq üsulu idi. İstər-istəməz hərbçilər üzüyola olur və razılaşırdılar.
K. K.: - Bəs bizim rəhbərlər?
Ə. Ə.: - Bütün son faciələrimizdə, Malıbəyli, Quşçular, Xocalı faciələrində birinci günahkarlar elə bizim rəhbərlərdir.
K. K.: - Bu ittihamı bir qədər əsaslandırmaq olarmı?
Ə. Ə.: - Azərbaycanlı yaşayış məntəqələrinə edilən bütün hücumlar əvvəlcədən, hətta bir neçə ay əvvəl hücum ediləcəyi günə qədər dəqiqliklə həmişə tərəfimizdən DİN-ə, müdafiə nazirliyinə, milli şuraya teletayp vasitəsilə bildirilib, xəbər verilib. Bütün bunları müxtəlif kanallar vasitəsilə biz öyrənir və vaxtında xəbər veririk. Təəssüf ki, bizim verdiyimiz məlumatlar gizlədilir və qulaqardına vurulurdu. Nəticələr isə göz qabağındadır.
K. K.: - Bu nə idi? Bacarıqsızlıq, səriştəsizlik? Ya başqa bir maddi maraq var idi?
Ə. Ə.: - Bunların hamısı var idi. Respublika DİN-i, prokurorluq özlərini reklamdan başqa heç nə ilə məşğul olmurdular. Vaqif Hüseynovun isə nə ilə məşğul olması məlum deyildi. Aydın Əzimov, Məbud Hüseynovun qrupundan olanlar külli miqdarda rüşvət alır, erməniləri – min bir əziyyətlə məsuliyyətə cəlb edilmiş başkəsən cinayətkarları azad edirdilər. Xatırlatmaq istəyirəm ki, belə faktlar məlumdur – Məbud Hüseynovun rəhbərlik etdiyi Vhid İstintaq Əməliyyat qrupu yaradılanda biz çox sevindik. Ancaq bir qədər sonra təəssüflə başa düşdük ki, səhv etmişik. Azərbaycan milisinin əməkdaşları min bir əziyyət bahasına həbs etdiyi bandit və cinayətkarlar, boyeviklər sonradan necə olurdusa, ya “qaçır”, ya da ermənilərin girov götürdükləri dinc azərbaycanlılarla dəyişdirilirdilər. Və ya qaldırılmış cinayət işləri “dəlil-sübut olmadığından” axıra çatdırılırdı. Məsələn, Ararat Danelyan və Vaqif adlı başqa bir erməni (biz onlar haqqında hələ danışacağıq) mötəbər bir əlin vasitəsilə müalicə olunmaq adı ilə Stepanakertə xəstəxanaya aparıldı. Xəstəxananın ikinci mərtəbəsindən, 2 nəfər erməni millətindən (!) olan milis işçisinin onlara qarovul çəkməsinə baxmayaraq, “qaçdılar” və heç kim məsuliyyətə cəlb edilmədi. Ümumiyyətlə, bu cür misalları istənilən qədər göstərmək olar.
II. İkinci səhv o idi ki, nəyə görəsə o vaxtlar regiona azərbaycanlı hüquq-mühavizə, milis və DTK əməkdaşlarını deyil, rusları ezam edirdilər. Düzdür, əsasən Bakı ruslarını göndərirdilər, ancaq hər halda azərbaycanlıları göndərmirdilər. Mən başa düşmürdüm ki, indiyədək də aydın deyil ki, niyə bizim özümüzü göndərmirlər. Niyə, biz özümüz bacarmırıqmı? Mən DİN-də işləyərkən əməkdaşlardan ibarət bir qrup Stepanakertə göndərilmişdi. Bizi hətta təlimatlandırırdılar ki, cinayətkarlarla kəskin danışmamalıyıq, tövsiyə edirdilər ki, çox da dərinə getməyək. Ancaq digər regionlarda azərbaycanlılara qarşı belə münasibət tələb edilmirdi. Eyni zamanda vilayət DİŞ-də isə həmin səhvlər, işdə pozuntular, hətta cinayətlər belə baş verirdi. Heç bir iş aparılmırdı. Hətta biz etiraz edəndə özümüzünkülər mane olurdular. Erməni millətindən olan əməkdaşlar diversiya əməliyyatlarında fəal iştirak edirdilər. Biz yuxarılara arayışlar yazır, raportlar verirdik. Heç bir tədbir görülmürdü. Bax, elə bunun özü satılmaq deyildimi?
K. K.: -
Ə. Ə.: - Qarabağ yenə də “kozır” rolunu oynamaqda davam edir. Ancaq indi keçmiş ittifaqın yeganə varisi olan Rusiyanın əlində.
KİÇİK ANALİZ EDƏK
Keçmiş DQMV-də bütün hərbi kontingent əsasən erməni yaşayış məntəqələrində yerləşdirilmişdi. Və guya fağır erməniləri vəhşi azərbaycanlılardan qoruyurdu. Eyni zamanda onların yaxından köməyi ilə ermənilər azərbaycanlı əhalini qırır, doğma yerlərindən qovurdular. Hərbçilərin “ayıq-sayıq” nəzarəti altında 15 min azərbaycanlı Stepanakertdən qovuldu. Evləri yandırıldı, sonralar isə ermənilər tərəfindən “özəlləşdirildi”. Bakıda isə indiyədək erməni mənzilləri boş qalıb və həmin “daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş” azərbaycanlılara verilmir.
Ə. Ə.: - Sonra Zvartnos hadisələri və onun arxasınca da qanlı Bakı qırğını və yanvarın 10, 11 və 12-də baş verən hadisələrdən çoxlarının xəbəri yoxdur. Sovet vertolyotlarından və hərbçilərin köməyindən istifadə edən ermənilər Gəncə və Xanlar rayonu əhalisini havadan atəşə tutaraq dinc əhalini qırdılar. Bunun ardınca və Bakıda yanvarın 13-16-da Mərkəz və SSRİ DTK-sı tərəfindən təşkil edilmiş talanlar baş verdi. Həmin günlər Bakıda Daxili qoşunların 15 minə yaxın hərbi qulluqçusunun olmasına baxmayaraq, işə qarışmaq və talanların qarşısını almaq onlara qadağan edilmişdi.
1991-ci ilin aprel-may aylarında isə istiqlaliyyət referendumuna doğru gedən Ermənistanı qorxutmaq məqsədi güdən “şanlı” Sovet Ordusu hissələri birdən-birə DQMV-də və Goranboyda erməni kəndlərini boşaltmağa başladı. Bizim rəhbərlər isə prezident seçkiləri qarşısında bunu öz şücaətləri kimi qələmə verib xalqı aldadır və lovğalanırdılar. Bununla da Mərkəzə tabe olmağa məcbur edilməliydik.
İndi də Rusiya rəhbərliyi eyni ssenari əsasında keçmiş mərkəzin siyasətini davam etdirir. Azərbaycanın müstəqilliyini dünya ölkələrinin tanımağa başladığı bir vaxtda azərbaycanlı yaşayış məntəqələrindən hərbçiləri çıxardılar. Qoşunların erməni məntəqələrindən də çıxarılacağı elan edilsə də, bu edilmədi və azərbaycanlı əhaliyə qarşı əsil genosid başladı. Xocavənd, Qaradağlı, Tuğ, Salakətin, Axullu, Cəmilli, Möşəli, Kərkicahan, Malıbəyli, Quşçular, Nəbilər, Qaybalı, Umudlu, İmarət-Qərvənd, Sırxavənd və nəhayət, Xocalı kimi kənd və şəhərlər yandırıldı, darmadağın edildi. Heç bir günahı olmayan dinc əhali kütləvi şəkildə məhv edildi. Və yenə də xalqımıza bu faciələr barədə lazımi səviyyədə məlumat verilmədi.
Dünya ictimaiyyətinə məlumat vermək barədə isə ümumiyyətlə, danışmağa dəyməz. Dünya mətbuatı yuxarıda qeyd etdiyimiz faciələrin əksini, Azərbaycanda guya ermənilərə qarşı genosid törədilməsindən yazır. Bax bu cür üsullarla da Rusiya Azərbaycan prezidentinin respublikada olan 4-cü ordunun MDB silahlı qüvvələri tərkibində onun Ali Baş komandanlığına tabe olması barədə protokola qol çəkməyə məcbur etdi. Elə həmin axşamı da Şapoşnikov 366-cı atıcı alayının Stepanakertdən çıxarılması barədə əmr imzaladı. Məgər bu heç nə demir? Düşünürəm ki, Azərbaycan prezidentinin yuxarıda dediyim müqaviləni imzalaması Azərbaycanda üç günlük demokratiyaya son qoyur. Rusiya istədiyinə nail oldu. Azərbaycan kimi yağlı tikəni xoşluqla əldən buraxmamaq arzusu açıq-aşkar özünü biruzə verir. Rusiya imperiyasının 200 ilə yaxın istismarçı hakimiyyəti dövründə biz azadlıqdan başqa hər şey görmüşük. Və fikirləşirəm ki, uzun müddət də belə olacaq. Çünki xalqımız hələ buna hazır deyil. Azadlıq uğrunda əldə silah mübarizə aparmaq lazımdır.
K. K.: - Yalnız?..
Ə. Ə.: - Bəli, yalnız əldə silah. Əlbəttə, bu mənim şəxsi fikrimdir. Tarixdən kifayət qədər misal gətirə bilərik; fələstinlilər, kürdlər... Əgər Rusiya Azərbaycandan əl çəksə belə bir başqası işğal edə bilər. Ona görə də əldə silah döyüşmək lazımdır. Və mən əminəm ki, mənim 30 milyonluq doğma xalqım tez, ya gec bu azadlığı qazanacaq.
K. K.: - İndi isə Şuşaya qayıdaq...
Ə. Ə.: - Şuşa bir neçə kəndi ilə keçmiş DQMV-də azərbaycanlılar yaşayan və üzdəniraq “Dağlıq Qarabağ Respublikası”na birləşməyən yeganə rayondur.
K. K.: - Bu gün Şuşa necə nəfəs alır?
Ə. Ə.: - Biz Şuşada vəziyyətin nəzarətdən çıxdığını görərək prezidentin fərmanını gözləmədən fevralın 14-dən etibarən şəhərdə fövqəladə vəziyyət elan etməyə və komendant saatı tətbiq etməyə məcbur olduq. Artıq bütün sağlam qüvvələr vahid rəhbərlik altında yumruq kimi birləşdirilmiş, postlar və müdafiə mövqeləri müəyyənləşdirilmişdir. Asayişi pozanlar dayandırılır. İlk üç gündə çətinliyimiz oldu. Narahat olub, etiraz edənlər də tapılırdı. Yaradılmış müdafiə qərargahına Rəhim Qazıyev başçılıq edirdi. O, fövqəladə vəziyyət rayonu qərargahının rəisi idi. Artıq mexanizm işə düşüb.
K. K.: - Ələkbər bəy, xahiş edirəm Rəhim Qazıyev barədə mümkünsə bir qədər geniş danışasan.
Ə. Ə.: - Açığını deyim ki, Rəhim Qazıyevin Şuşaya gəlişinə qədər mən onun haqqında mənfi fikirdəydim. Hətta bir həftə kənardan müşahidə etdim. Başa düşdüm ki, bu adam, əvvəla, çox sadə, hərəkətlərində və sözlərində çox səmimi, vicdanlı, ən əsası isə Vətənini həqiqətən sevən bir adamdır. Onun sayəsində bütün müdafiə qüvvələrimiz birləşmişlər. Şəxsən özü bütün Şuşa rayonuna çox böyük kömək edir. Respublikamızda hamı birlikdən danışır. Qoy gəlsinlər Şuşaya və bu birliyin əsil nümunəsini görsünlər. Əsas rol isə Rəhim bəyə məxsusdur. Düzdür, bizim aramızda da mane olanlar var, ancaq biz tezliklə bunu da yoluna qoyacağıq. Şuşa yaşayır və hökmən yaşayacaq. Əgər bizim işlərimizə Rusiyanınmı, Amerikanınmı, ya hər hansı digər ölkənin rəhbərləri qarışmasa, düşünürəm ki, ermənilərlə özümüz danışar, razılığa gələ bilərik. Əgər ermənilər razılığa gəlməsə, tarixən sübut olunub ki, Vətən, torpaq uğrunda döyüşmək gərəkdir.
K. K.: - İndi Şuşadan əhali köçürülür...
Ə. Ə.: - Şəhərdən qadınlar, uşaqlar, qocalar, əlillər, kimsəsizlər, xəstələr çıxarılır. Burada qeyri-adi heç nə yoxdur. Müharibədir. Müharibənin qnunlarına görə də evakuasiya olmalıdır. Düzdür, bu tədbir də bir qədər plansız həyata keçirilir, ancaq yenə də rəhbərlik günahkardır. Çünki biz hələ avqust ayında və sonralar rəhbərliyə lazımi məlumat vermişdik. Təəssüf ki, yenə də səsimizə səs verən olmadı.
K. K.: - Ələkbər bəy, indi demək olar ki, hamıya verilən bir sualı təkrar etmək istəyirəm. Yaranmış çıxılmaz vəziyyətdən çıxış yolu.
Ə. Ə.: - Çıxış yolu ikidir. Birinci yol – qanlı yoldur. Axıradək döyüşməli, torpaqlarımızı geri qaytarmalıyıq. Bu halda ləngimədən nə etməliyik? MDB qoşunlarında xidmət edən bütün azərbaycanlı zabit və əsgərləri geri çağırmalı, ümumi səfərbərlik elan etməliyik. Ali Baş Komandan bütün sərbəst silahlı qruplaşmaları və bölmələri birləşdirib dəmir hərbi intizam yaratmalıdır.
İkinci yol, humanist yoldur. Gecikmədən qan tökülməsini dayandırmaq. Danışıq stolu arxasında əyləşmək. Qarabağın dağlıq hissəsində azərbaycanlıların bütün hüquqlarını bərpa etməli və ermənilərin Azərbaycan Respublikasının qanunlarına tabe olmasını hökmən təmin etməli.
Rusiya sifətində olan mərkəz isə başqa yol təklif edir və çox güman ki, respublika rəhbərliyi də bu yolu seçəcək. Bu nədən ibarətdir? MDB ölkələri hökumət başçıları şurası regionda atəşin dayandırılması və buraya MDB qoşunlarının yeridilməsi barədə qərar qəbul edir. Və yenə də Safonov, Polyaniçko dövrü başlayır. Güman ki, Qarabağın Dağlıq hissəsində həm azərbaycanlıları, həm də erməniləri tərksilah edəcəklər.Azərbaycanlıları hökmən. Ordunu ləğv edəcəklər. Bizim ordunu şübhəsiz. Respublikada silahları yığacaqlar. Əminəm ki, bizdə bunu özümüzünkülər edəcəklər. Güman ki, Ermənistanda da tərksilah barədə qərar qəbul ediləcək. Lakin əvvəlkilərtək yerinə yetirilməyəcək.
K. K.: - Bəs biz bunu qəbul edəcəyikmi? Xalqımız, ziyalılar, ictimaiyyət nə deyəcək buna?
Ə. Ə.: - Məsələ burasındadır ki, bu vaxtadək bizim ziyalılar, alimlər hələ də ayılmağa çalışmırlar. Sanki xalq, Vətən hissini unudub və bəzən azadlıq hissini tox mədə hissi ilə qarışdırırlar. Ermənilər özgə torpaqlarını işğal etmək üçün vuruşurlar və ürəklərinə, beyinlərinə bu torpaqların onlara məxsus olması hissi hakim kəsilib. Onlar həmişə özgə torpaqları uğrunda öz vətənləri kimi vuruşurlar. Biz isə öz torpaqlarımıza, öz Vətənimizə özgə münasibət bəsləməkdə davam edirik. Ən acınacaqlı isə odur ki, biz vaxtilə özgə torpaqlarında, məsələn, 1941-45-ci illərdə, sonralar Kubada, Əfqanıstanda, Misirdə, digər ərəb ölkələrində öz torpaqlarımız kimi vuruşduğumuz halda, indi isə, öz torpaqlarımız müdafiəsiz qalıb.
K. K.: - Məgər bütün bunlara görə xalq günahkardırmı?
Ə. Ə.: - Bütün bunlara görə mən xalqımızı deyil. Bizdə Rusiya ruhu tərbiyə edən, bizim beynimizə Rusiya – Sovet tərbiyəsi yeridib, böyük Puşkin, Lermontov, Qoqolu və başqalarını özününkü kimi öyrətməklə dahi Nizamini, Füzulini, Nəsimini, Şah İsmayılı özgə kimi unutmağa məcbur edən sistemi günahlandırıram. Rüşvətxorluğu, əyyaşlığı, ləyaqətsizliyi tərbiyə edən sistem bizi o dərəcədə manqurtlaşdırıb ki, biz öz millətimizdən başqa bütün millətləri, öz dilimizdən başqa bütün dilləri, öz mədəniyyətimizdən başqa bütün mədəniyyətləri sevmişik. Ən dəhşətlisi isə odur ki, bu tərbiyə prosesində öz ziyalı və alimlərimiz də böyük rol oynayıblar. Alimlərimizin əksəriyyəti Vətənçün iş görmək, yeni nəsil tərbiyə etmək əvəzinə bir-birindən qeybət qırmaqla məşğul olmuşlar.
K. K.: - Ələkbər bəy, yəqin ki, biz jurnalistlər barədə də fikrin müsbət deyil.
Ə. Ə.: - İndi hamımız bir ağızdan qışqırırıq ki, bütün dünya bizim əleyhimizədir, informasiya blokadasına alınmışıq. Bəs bu blokadanı yarmaq üçün bizim jurnalistlərimiz nə edirlər? Hamını və hər şeyi günahlandırmaqdan və ittiham etməkdən, DİN-dən telefon zəngləri ilə “svodkalar” toplamaqdan başqa heç nə ilə. Xarici jurnalistlərin necə işlədiklərini gördükdə heyran qalmaya bilmirsən. Onlar ən təhlükəli zonalara getməkdən çəkinmədikləri halda bizimkilər hamısı bir vəzifəli şəxsin ətrafında mikrafon yolkası qurmaqla kifayətlənirlər. Azərbaycan televiziyası və mətbuatının bir neçə əməkdaşını çıxmaq şərtilə Qarabağın dağlıq hissəsinə heç bir jurnalist gəlməyib və gəlmir. Onların ezamiyyəti Ağdamda və ya yaxşı halda Laçında başa çatır.
K. K.: - Ələkbər bəy, belə çıxmırmı ki, sən hamıdan və hər şeydən narzısan. Bu nə deməkdir?
Ə. Ə.: - Elə deyil. Mən mahiyyətcə iş adamıyam. Mən çox çənə döyməyi xoşlamıram. İlk dəfədir ki, bu qədər çox danışıram və buna sən nail olmusan. Əsil vətənpərvər indi kişi işi ilə məşğul olmalıdır. Respublika rəhbərliyi də indi hər şeyi unudaraq yalnız və yalnız Qarabağ məsələsi ilə məşğul olmalıdır. Çünki, biz torpaqlarımızı itirsək, sadəcə olaraq, özümüzü millət, dövlət adlandırmağa haqqımız yoxdur.
K. K.: - Jurnlistlərimizi qınayırsan. Müqayisə etdiyin həmkarlarımızla bizim texniki təhcizatımız, maddi təminatımız eynidirmi?
Ə. Ə.: - Bizim də heç nəyimiz yoxdur. Buna baxmayaraq, biz ki, vuruşuruq.
K. K.: - Qəzetimiz Qarabağın adını daşıyır. “Qarabağ” qəzeti barədə nə fikirdəsən?
Ə. Ə.: - Son zamanlar mənə çox xoş gəlir. Qarabağda hadisələri işıqlandırmaq, bir çox başqa qəzetlərdən fərqli olaraq Qarabağa doğma münasibət göstərən və hadisələri telefon zəngləri ilə deyil, bilavasitə öz müxbirinin gözləri ilə görüb-yazan “Qarabağ” qəzetidir.
K. K.: - Çox sağ ol, qardaş! Qələbədən sonra ilk müsahibəni mən alacam və sənə, bütün dostlarına o qələbəni sağ-salamat yaşamağı arzulayıram.
“Qarabağ” qəzeti №№12 (92), 13 (93),
14 (94) 19 mart, 26 mart, 2 aprel 1992-ci il.
P. S. Müsahibə ixtisarla təqdim olunur.
ƏLƏKBƏR ƏSGƏROV HAQQINDA ƏLAVƏ MƏLUMATLAR
* Ələkbərin atası İslam Əsgərov Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. Onun əmisi oğlu, məşhur inqilabçı Gəraf Əsgərov 1921-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində daşnaklar tərəfindən xaincəsinə qətlə yetirilmişdi. Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı.
* Ələkbərin anası Mina xanım oğlunun çox şeylərdən xəbəri olan şahid kimi aradan götürüldüyünü söyləyirdi.
* O, Şuşada yaşayıb işlədiyi vaxtlarda xalasının evində qalırdı. Şuşanın hər gün atəşə tutulduğu, bombalandığı günlərdə xalasıgilə evdən nə isə çıxarmağa imkan verməmişdi : “Bu camaatın inamını sarsıdar...” – demişdi.