Anri Jorj Kluzo. Totalitarizmdən qalan problemlərin ekran həlli - + FOTO

Anri Jorj Kluzo. Totalitarizmdən qalan problemlərin ekran həlli + FOTO

Na­şir ai­lə­sin­də do­ğul­maq­la yed­di ya­şın­dan pyes ya­zıb, hüquq və siyasi elmlər fakültəsini bitirdikdən sonra jurnalistlikdən sse­na­ri­çi­li­yə ke­çən An­ri Jorj Klu­zo (1907-1977) iyir­mi al­tı ya­şın­dan dörd il ya­taq xəs­tə­si­nə çev­ril­sə də vərəm sanatoriyalarında belə, ki­no­ya dair məq­səd­yön­lü qi­raə­tin­dən qal­ma­ya­raq sa­ğal­dıq­dan son­ra re­jis­sor­lu­ğa baş­la­yır. Re­jis­sor ki­mi nəin­ki təs­vi­rə, adi rep­li­ka­ya da xü­su­si əhə­miy­yət ve­rən An­ri Klu­zo­nun fər­di üs­lu­bu «Və­tən­pər­vər­lik qız­dır­ma­sı ən mü­tə­rəq­qi xalqların da ba­şı­nı du­man­lan­dı­ra bi­lər» ide­ya­lı «Qar­ğa» (1943) fil­min­də üzə çı­xır. Uşaq­lı­ğı mü­ha­ri­bə döv­rü­nə dü­şən Fran­sua Tr­yuf­fo­nun: «İş­ğa­l döv­rün­də ki­nop­ro­kat­da ame­ri­ka filmləri çox­luq ya­rat­sa da mən bir ovuc fran­sız lentlərinin tə­si­ri­lə for­ma­laş­dım. Ona gö­rə bir ovuc de­yi­rəm ki, 42-44-cü il­lər ara­sı 40-50 film ya­ran­mış­dı ki, on­la­rın da ən əhə­miy­yət­li­si şüb­hə­siz ki, «Qar­ğa» idi. Bəl­kə də bu onun­la bağ­lı idi ki, mən özü­mə ya­xın dün­ya­nın real­lı­ğı­nı gör­mək is­tə­yir­dim»[1] xa­ti­rə­si pe­şə­kar tən­qid­çi və re­jis­so­run dia­loq­la­rı­nı be­lə, əz­bər­dən bil­di­yi ek­ran əsə­ri­ni yük­sək də­yər­lən­dir­mə­si­dir. Hal­bu­ki mü­ha­ri­bə­dən son­ra­kı do­la­şıq dövrdə mil­lət­çi­lə­rin həcv say­dığı bu fil­mə gö­rə An­ri Klu­zo həbs olun­maq təh­lü­kə­si ilə də üz­ləş­miş­di.

 

 

Anri Jorj Kluzonun quruluş verdiyi Fransanın Tyule əyalət şəhərində baş verməklə qəzet səhifələrinə çıxarılmış real hadisələrə əsaslanan (1917) “Qarğa” filmi (ssenari müəllifləri Jorj Lotner, Anri Jorj Kluzo.1943) totalitarizmə xas anonimliyin yaratdığı fəlakətdən bəhs edir. Qarğa imzası ilə göndərilən çoxsaylı məktublarda tanınmış adamların gizlinlərinin, şər –böhtan ruhunda qabardılması öz əksini detektiv janrında tapır. Guya həqiqət carçısına çevrilən bu məktubların ilk qurbanlarında həkim Remi Jerminin (Pyer Frene) mərkəzi fiqura çevrilməsi təhkiyəni nizamlayır. Qadağan qoyulan abort fəaliyyətində günahlandırılan həkim Jermenin üstəlik Ruhi xəstəxanın baş həkimi Mişel Vorzenin gənc xanımı Lora ilə sevgi məcarasında da günahlandırılması əhali arasında təlatüm yaradır. Loranın əvvəllər baş həkim Mişel Vorzenin nişanlı olmuş bacısı Mari Korbenin (Helena Manson) anonim məktubların müəllifi olması gümanı çaşdırıcı element kimi detektiv janrının tələbini yerinə yetirir. Xəstəxanada tibb bacısı kimi çalışan Mari Korbenin bacısı Lora ilə Reme Jermenin münasibətlərinə maneə törətmək cəhdi bu gümanı dolğunlaşdırır. Mari Korbenin həbsindən sonra anonim məktubların yenidən göndərilməsi mövzunu davam etdirir. Avtomobil qəzasında zədə alsa da axsadığını müxtəlif ölçülü dikdaban ayayaqqabılar hesabına gizlədə bilən Denis Sayanın (Jinet Lekler) Remi Jermenlə əlaqəsindən hamilə qalmasının da anonim məktubla faş olması strukturu zənginləşdirir. Denisin qardaşı, məktəb direktoru cənab (Noel Rokver) Sayanında baş verənlərdən anonim məktub hesabına xəbərdar olması mövzu istiqamətini gücləndirir. Anonim məktubların müəllifinin Denisin poçtda çalışan, şantaj yolu ilə bir neçə nəfərdən müəyyən məbləğ qopardan Rolandanın şübhə doğurması detektivin növbəti çaşdırıcı elementi kimi üzə çıxır. Xərçəng xəstəliyindən ölümə məhkumluğu anonim mətktubla bildirilən Fransuanın (Roje Bilen) anasının üz qırxmaq üçün gətirdiyi ülgüclə intiharı ilə dramataurji zirvəyə qalxan hadisələrin nizamlanması bütün qüvvələri əsl günahkarın tapılmasına səfərbər edir. Anonim məktub müəllifini tapa bilməyən bələdiyyəsi rəhbərliyinin, prokurorluğun və ekspert kimi səfərbərlikdə iştirak edən psixoloq Mişel Vorzenin qərarı ilə həkim Remi Jerminin şəhərdən uzaqlaşdırılmasının qərara alınması şərin miqyasını genişləndirir. Vaxtilə ölkənin məşhur neyrocərrahı olduğu xanımı ilə körpəsini doğuş zamanı itirməklə həkimlik fəaliyyətini davam etdirməsi üzə çıxan Remi Jerminin anonim məktubla ailələrinin dağılması, atasının evdən getməsi ilə çayda intihara cəhd göstərən qızcığaza əsl cinayətkarın tapılacağını söz verməsi ideyanı istiqamətləndirir. Anonim məktub yazmaqda şübhəli bilinənləri bir otağa yığıb məktublardan sətirlər yazdırmaqla xəttləri araşdıran Mişel Vorzenin yaratdığı gərginliyə dözməyib bayılmaqla şübhə doğuran Denis Sayan daha bir çaşdırıcı personaja çevrilir. Remi Jerminlə yarımqaranlıq otaqdakı söhbətində tavandan asılan lampanı yellətməklə masanın üstündəki qlobusun üzərinə qatı kölgə salmaqla şərin obrazını yaradan Mişel Vorzenin gənc xanımı Loraya diqtə etməklə yazdırdığı anaonim məktubların əsl müəllifi olduğunun üzə çıxması filmi gözlənilməz sonluqla bitirir. Denis Sayan dünyaya gətirəcəyi körpəsinə görə sevinən Remi Jerminin Mişel Vorzenin həyatına oğlunun intihar etdiyi ülgüclə son qoyan ananın uzaqlaşmasını görməsi həyatın davamını səciyyələndirir.

 

 

Faşizminin əsarəti altındakı ölkədəki “Kontinental” adlı alman şirkətində yaranan, işğalçıların ağlasığmaz düşgünlük, müqavimət hərəkatının liderlərinin isə müllət üçün təhqiramiz saydığı, 1969-cu ilə qədər qadağa altında qalan “Qarğa” filmi psixoloji detektiv janrının incilərindən sayıldı. Fransua Tryuffonun “Tənqidçilər nəyi arzulayır?” məqaləsindəki: “Mən bu filmi ekrana çıxması ilə qadağan olunana qədər (may 1943) beş-altı dəfə görmüşəm. Sonralar filmin nümayişinə icazə verildikdə, ildə bir neçə dəfə, dialoqlarını əzbərləyənə qədər baxmışam. Digər filmlərlə müqayisədə bu dialoqlar böyüklər üçün isti; onlarla çətin kəlmələrin mənasını dəfələrlə baxmaqla anladım. “Qarğa” nın əsas ziddiyyəti abortu, zinanı, müxtəlif korrupsiyaları ifşa edən anonim məktubların epidemiyası ətrafında fırlanırdı. Hərbi və sonrakı dövrlərdə ətrafda baş verən kollaborasionizm, xəbərçilik, “qara bazar”, işbazların fırıldaqları, abırsızlıqlar bu fildə öz əksini tapırdı” [2] mülahizələrinin obyektivliyi nəzərdən qaçmır. Fransua Tryuffodan başqa digər mütəxəssislərin də ümumi rəyinə görə Anri Jorj Kluzo psixoloji detektiv janrının ustadı sayılan Alfred Hiçkokun sələfinə çevrildi.

 

 

 

***

 

 

Anri Jorj Kluzonun (1907-1977) maarifçilik cərəyanının nümayəndəsi Abbat (Antuan Fransua) Prevonun (1697-1763) çoxsaylı bəstəkarların, o cümlədən Cakomo Puççininin operalarının librettosuna çevrilmiş “Süvari de Qriyenin tarixçəsi və Manon Lesko” (1731) romanı əsasında, hadisələrin müasir dövrə keçirilməsi ilə ərsəyə gətirdiyi “Manon” filmi (ssenari müəllifləri Anri Jorj Kluzo, Jan Ferri, 1943) məhəbbət mövzusunun bədii həllini yeni yozumda verir. Ekran hadisələrində gərginliyin ritminin tutulması dramatizmin önə çəkilməsinə təkan verir. Ölkəni gizli yolla tərk edən yəhudi qaçqınların pul hesabına mindikləri gəmidə gizlənən Manonla (Sesil Obri) axtarışda olduğu qəzetlərdən bilinən Rober de Qriyenin (Mişel Okler) üzə çıxarılması ilkin hadisəni təqdim edir. Manonun pullarını, bəzək əşyalarını koka-gəminin aşpazına rüşvət verməklə yağışın altında barmaqlıqlar arxasındakı zirzəmidən baxan Roberin əllərindən tutması sevgi motivini gücləndirir. Rüşvətdən xəbər tutan gəmi kapitanının öz kayutuna gətirdiyi koku-aşpazı cəzalandırması ilə sevgililərlə tanışlığı mövzu-xatirəyə fleşbekə meydan verir. Fransa müqavimət hərəkatının üzvlərinin faşist zabitləri ilə yaxınlıq etmiş qadınların saçını qırxmaq istəyən əhalini sakitləşdirməsi ilə həbs edilən Manonun qorunmasının Roberə həvalə olunması tarixə ekskurs edir. Şəhərin bombalanmasına məhəl qoymayan Roberin mindiyi üstüaçıq hərbi avtomaşınla Manonu gecə kəndə çatdırması və onların birlikdə Parisə yola düşmələri hadisələri yeniləşdirir. Atası əsirlikdə olub anası itkin düşən Manonu Parisdə vaxtını qumarla, qadınlarla keçirən şərabçılıq sahibkarı Pola - Qeronta ötürən qardaşı Leo romandakı Kristian kimi şəri səciyyələndirir. Ləkəli keçmişinə baxmayaraq Manonla evlənmək istəyən Roberin kənddən gəlmiş atasının namuslu gəlin arzusunda olması problemini gündəmdə saxlayır. Zəngin yaşamağa öyrəşmiş Manonun varlı kişilərlə görüşməklə fahişəliyini davam etdirsə belə Roberin sevgisinin sönməməsi personajlararası münasibətlərin analogiyasızlığını təmin edir. Amerika ordusunun vəzifəli mayoru Ralfla yaxınlıq edən Manonun qardaşı kimi təqdim etdiyi əri Roberi ölkəyə yardım kimi göndərilən pensilinin qara bazarda satılmasına qoşması ailənin maddi vəziyyətini düzəldir. Leonun təhriki ilə Manonun Roberi qoyub həmin zabitlə Amerikaya köçmək istəyinin üzə çıxması təklif olunan vəziyyəti dəyişir. Şərin mənbəyi saydığı Leonu telefon naqili ilə boğaraq qatarla ölkədən qaçan Roberə yarı yolda çatan Manonun sevgi etirafları romandan fərqli mövzu istiqamətini nizamlayır. Fleşbekin sona çatması ilə real hadisədə İsgəndəriyyə limanına çatan (romanda sürgünün məkanı Yeni Orleandır) gəmidəki yəhudilərlə birgə xırda qayıqlara doluşması digər mövzunu gündəmə gətirir. Və dövrün real hadisələri fonunda siyasiləşən digər mövzunun ekrana gətirilməsi janr qarışıqlığı da yaratmaya bilmir. Gəminin rəsmi qeyd dəftərində qaçarkən sularda qərq olmaqları yazılan Manonla Roberin kapitanın icazəsi ilə İncildəki mifologiyaya görə vəd olunmuş torpağa üz tutan yəhudulərə qoşulması sevgi və tarixi mövzularını birləşdirir. Qaçqınların gəlib çatdıqları bol sulu cənnətə bənzər yaşıl vadidə qalmayan sevgililərin yəhudilərlə birgə vəd olunmuş torpağa üz tutarkən dəvələrin belindəki ərəblər tərəfindən güllələnməsi tarixi mövzunu qabartmaqla filmin strukturunu siyasiləşdirir. Yaralı sevgilisini arxada qalan vadidəki “cənnətə” çatdıra bilməyən Roberin qumluqda basdırdığı Manonun film boyu səslənən qaynar cümlələrini xatırlamaqla öpüb - oxşaması finalı nekrofiliyaya yuvarladır. Bununla belə sevgi ilə var-dövləti qarşılaşdıran romanı siyasiləşdirən filmdə məhəbbətin qalibiyyətinin təminatı ilkin ədəbi mənbənin əsas ideyası kontekstində tamamlanır.

 

 

Maarifçilik cərəyanının ilkin mərhələsini qadağalara məhəl qoymayan ehtiraslarla əks etdirən romanda De Qriyenin Manona söylədiyi: “Ağıl, zövq, həssaslıq kimi qabiliyyətlərimizə baxmayaraq; əfsus ki, biz onları nə qədər kədərli, üzüntülü məqamlara sərf edirik, halbuki bir çox əclafların, dəyyusların talenin mərhəmətindən bəhrələndiklərinin şahidiyik”[3] fikirləri cəmiyyət kontekstindən kənarlaşmağa davam edən növbəti cərəyanın – romantizmin fatalizmə-alın yazısına söykənən şəxsi motivini canlandırır. Müəllif təhkiyəsində bütün personajlarına bəraət qazandırmaqla mükəmməl sayılan romanın əvvəlki ekranlaşdırmalarından (rejissorlar Artur Robinson.1926, Karmine Qalonne. 1940) kinematoqrafik həlli ilə seçilən “Manon” filminin Beynəlxalq Venesiya kinofestivalında “Qızıl Şir” (1949) Kannda münsiflər heyətinin baş mükafatlarına (1952) layiq görülməsi Anri Jorj Kluzonun sənətkarlığını yenidən təsdiqlədi.

 

 

 

***

 

 

An­ri Klu­zo­nun Jorj Ar­no­nun ro­ma­nı əsa­sın­da tril­ler jan­rın­da çək­di­yi «Qor­xu­nun ödə­ni­şi» fil­min­də (ssenari müəllifləri Jorj Arno, Anri Kluzo, Jerom Jeronimi, 1952) söz ar­xa pla­na keç­mək­lə təs­vir im­kan­la­rı­nı qa­bar­dır. Fran­sız ki­no­şü­na­sı Pyer Lep­roo­nun yaz­dı­ğı: ««Qor­xu­nun ödə­ni­şi» «a sen­sa­tion» filmlərinin ti­pik nü­mu­nə­si­dir. Onun məq­sə­di ta­ma­şa­çı his­siy­ya­tı­nı məğ­lub et­mək, onun əsəb­lə­ri­nə bü­tün va­si­tə­lər­lə tə­sir et­mək­dir»[4] söz­lə­ri psi­xo­lo­ji tril­le­rin ma­hiy­yə­ti­ni açır. İş­siz­lik, sə­fa­lət, rüş­və­tin, qız­dır­ma və zə­hər­li hö­rüm­çək­lə­rin mey­dan su­la­dı­ğı, ti­ki­li­lə­rin ya­rım­çıq qal­dı­ğı, ye­ga­nə iş ye­ri olan neft mə­də­nin­də və 1500 kilometrlik kə­mə­r­də, həm­kar­lar bir­li­yi­nin, təh­lü­kə­siz­lik təd­bir­lə­ri­nin yox­lu­ğun­dan baş ve­rən qə­za­lar­da sı­ğor­ta­sız hə­ya­tı­nı qur­ban ve­rən­lə­rin gün­dən-gü­nə artdığı, baş gö­tü­rüb qaç­maq üçün bi­let pu­lu­nun da ol­ma­dı­ğı Las-Ve­qas­da ha­sar­lan­mış «Sok» Ame­ri­ka şir­kə­tin­də yalnız Bill Brayn (Uilyam Tabbs) ki­mi mə­mur­la­rın kef çək­dik­lə­ri mə­lum olur. Uzaq neft mə­dən­lə­ri­nin bi­rin­də çox­say­lı fəh­lə­lə­rin hə­ya­tı­na son qo­yan neft fon­ta­nı­nın yan­ğı­nını partlayışla sön­dür­mək ide­ya­sı fa­bu­la­nı işə sa­lır. Partlayış üçün tə­ləb olu­nan nit­ro­gi­li­se­rin yük­lən­miş iki ağır yük ma­şı­nı­nı mən­zi­lə çat­dır­maq üçün dörd sü­rü­cü­nün hə­rə­si­nə 2000 dol­lar ve­ri­lə­cə­yi şər­ti ajio­taj ya­ra­dır. Mü­sa­bi­qə­dən ke­çə bil­mə­yən gən­cin özü­nü as­ma­sı, Bill Bray­nın stə­kan­dan sü­zü­lən bir ne­çə dam­cı nit­ro­gi­li­se­ri­nin tö­rət­di­yi partlayışı əya­ni nü­ma­yiş et­dir­mə­si, av­to­ma­şın­lar­dan bi­ri­nin uzaq mə­sa­fə­li, na­ha­mar yol­da sıradan çıxacağının ön­cə­dən nə­zə­rə alın­ma­sı dra­ma­tiz­mi ar­tı­rır. Pul qa­za­nıb bu yer­lər­dən baş gö­tü­rüb get­mə­yin ça­lı­şan­la­rın ye­ga­nə çı­xış yo­lu olması möv­zu­nun so­sial ma­hiy­yə­ti­ni qa­bar­dır. Püşk nə­ti­cə­sin­də ça­lış­dı­ğı ti­kin­ti­də se­ment to­zun­dan ci­yər­lə­ri ki­rəc­ləş­miş Lui­co ilə ka­fe­yə daim borclu olan Bim­bo (Piter Van Eyk) bir, Co lə­qəb­li dün­ya gör­müş yaş­lı Kor­si­ka­lı Er­nan­des (Şarl Vanel) və ilk epi­zod­da bu həm­yer­li­si­ni fi­tin­dən ta­nı­yan Ma­rio (İv Mon­ta­n) isə di­gər yük ma­şı­nın­da sə­fə­rə çıx­sa­lar da təh­lü­kə­nin ilk an­dan göz­lə­nil­mə­si hə­yə­ca­nı ar­tı­rır. Ya­rı in­dus, az sa­vad­lı Lin­da­nın (Vera Kluzo) sev­gi­li­si Ma­rio­nu yol­dan sax­la­maq cəh­di be­lə, bir nə­ti­cə ver­mə­dik­də hə­rə­kət edən av­to­ma­şın­dan itə­lə­nib yı­xı­lan qı­zın fər­ya­dı təh­lü­kə­ni sə­ciy­yə­lən­di­rir.

 

 

Yol bo­yu təhlükəli yük dolu iki ağır av­to­ma­şını ida­rə edən dörd nə­fər sü­rü­cü­nün psi­xo­lo­ji gər­gin­lik­lə­ri ma­neə­lə­ri dəf et­mək­lə dra­ma­tiz­mi güc­lən­di­rə­rək ha­di­sə­li pau­za­lar­la mü­şa­hi­də olu­nur. Adi ehtiyatsızlıq ucbatından hər an gözlənilən təhlükənin dəf edilməsi prosesində yük yerinə bərkidilmiş qarmağın dəmir trosu iri planda necə qırmasından tutmuş, Lui­co ilə Bim­bonun idarə etdikləri avtomaşının ümumi təsvirdə partlayıb toz-dumana dönməsinə qədər hər məqam öz zəngin bədii həllini tapır. Hər an hiss etdiyi təhlükədən qaçmaq istəyən, partlamış kəmərdən axan neftdən yaranan gölü keçərkən avtomaşının altına düşən Co ləqəb­li Er­nan­desin mənzil başına çathaçatda dünyasını dəyişməsi, tək qalan Ma­rionun qaranlıq gecəni işıqlandıran yanğının bir neçə addımlığında yerə sərilməsi hadisəliliyi maneələri dəf etməklə həyata keçirir. Təh­lü­kə­li yü­kü son mən­zi­lə çat­dır­maq­la qa­zan­dı­ğı pu­lun kartını alıb ge­ri­yə qa­yı­darkən yolda boş, təh­lü­kə­siz av­to­ma­şınını vals sə­da­la­rı al­tın­da sanki oynadan, Ma­rio­nun sağ qal­ma­sı xə­bə­ri­nə se­vi­nən Lin­da­nın ra­dio­dan səs­lə­nən mu­si­qi sə­da­la­rı al­tın­da­kı rəq­si ilə paralel montajı dinamizmi artırır. Rəqs edən Lin­da­nın qəflətən bayılması ilə pa­ra­lel mon­taj­da sıl­dı­rım də­rə­yə yu­var­la­na­raq par­ça­la­nıb ya­nan ağır yük av­to­ma­şı­nının güc­lə­nən si­re­na­sı al­tın­da Ma­rio­nun ovcundakı pul kartının alovun fonunda görünməsi bü­töv bir so­sial züm­rə­nin fa­ciə­si ki­mi səs­lə­nir.

 

«Qor­xu­nun ödə­ni­şi» filminin Beynəlxalq Kann kinofestivalında “Qızıl palma budağı”, Berlin kinofestivalında “Qızıl ayı” mükafatlarını qazanması (1953) təbii idi. Artıq qazancın yaratdığı ruhi sarsıntını yol süjetinin yeniliyi, gözlənilməz detallarla zəngin fabula dinamikası hesabına yaradan «Qor­xu­nun ödə­ni­şi» filminə növbəti illərdə rejissorlardan Hovard Koxun “Cəhənnəm yolu” (1958), Uilyam Fridkinin “Cadugər” (1977) remeyklərinin üzə çıxması ekran əsərinin örnəyə çevrilməsini təsdiqlədi.

 

 

***

 

 

Anri Jorj Kluzonun lentə aldığı “Pikassonun sirri” sənədli filmi (1956) rəssamın bir neçə əsrinin yaranma prosesini müşahidə metodu hesabına uğurla əks etdirməklə mütəxəssislərin diqqətini cəlb etdi. İyirmiillik dostu Pablo Pikassonun bir neçə əsərinin yaranışını replikaları, çəkilişlərin başlanılması, durdurulması barədə göstərişləri gizlədilməyən, özü, operatoru, işıqçısı belə ekranda görünən Anri Jorj Kluzo məqsədini reallaşdıra bildi. “Seans” jurnalının 2008-ci il 33-34-cü sayındakı ““Pikassonun sirri”nə şərh”məqaləsində: “Pikasso Amerikadan kağızın o üzünə keçən mürəkkəblər almışdı. Elə ideya həmən yarandı; Pikassonun kağıza bu mürəkkəblərlə çəkdiklərini kamera isə aşkarlanan xəttləri həmən tutacaq. Hərarətlə tezliklə sınaqlara başladıq. Kluzonun nə istədiyini Pikasso təxmin edirdi; yaradıcılıq gizlinlərini almaq, rəssamın yaradıcılıq sirrlərini, işini, üslubunu, niyyətini əməli hərəkətlərini, axtarışlarını, dəyişkən düşüncələrini lentə köçürmək” yazan filmin montajçısı Anri Kolpinin: “Kluzonun “Hə necədir?” sualına özünün əvəzolunmaz sadəlövhlüyü ilə Pikassonun: “Mənə xoş gəlməyən məqamlar var, hərdən özümdən soruşuram ki, bu təxminən nə deməkdir”[5] xatirələri dəqiq ssenarinin yoxluğundan xəbər verir.

 

 

Filmdə qısa şalvarla, lüt bədənlə ekrana gələn rəssamın göstərildiyi kimi məxsusi parlaq rəngli mürəkkəblərdən istifadə ilə kağız üzərində yaratdığı sirli “möcüzə” bəstəkar Jorj Orikin müvafiq musiqinin müşayiəti ilə sanki canlanır. Sonuncu, çətin strukturlu, çoxfiqurlu əsərinin əksər yerlərini pozub qaralamaqla: “Həqiqət gizlindədir!” xitabı ilə obrazlılığı önə çəkən Pablo Pikassonun bəyaz lövhədə imzasını yazmaqla kadrdan çıxması filmi tamamlayır. Halbuki öküzü yalnız yumurtalarını və buynuzlarını göstərməklə təkrarsız obraz yaratmaq ustalığını son nəticədə üzə çıxaran sənətkarın ekranda uzun-uzadı qalması nəzərdən qaçmır. Filmin montajçısı Anri Kolpinin: “Bir həftəlik çəkilişdən sonra əlimizdə atılası yerləri olmayan tutarlı kinematoqrafik material var idi. Hərçənd ki, Kluzo qısametrajlı film çəkmək istəyirdi”[6] məlumatı da alınan nəticənin təsadüfiliyindən xəbər verir.

 

 

“Seans” jurnalının 2008-ci il 33-34-cü sayındakı ““Pikassonun sirri”: Berqson ruhlu film” məqaləsində: «Film bizə o dərsi verir ki: “sənətkarı iş prosesində müşahidə sənətin, o cümlədən dahiyanəliyin sirrini aça bilmir»[7] yazan kinoşünas Andre Ba­ze­n intuisiyaya varmaqla ənənəvilikdən uzaqlaşan Anri Jorj Kluzonun peşəkar üslubundakı kortəbiiliyi nəzərdə tutur. Yeri gəlmişkən məqalənin başlığında adı çəkilən, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) professor Anri Berqson (1859-1941) intuitivizm fəlsəfəsinin məşhur simalarından sayılır. Kinoşünas Andre Ba­zen də sənət nümunəsinin dəyərləndirilməsində yaranış prosesinin deyil, nəticənin önəmliliyini vurğulayır. Bununla belə Beynəlxalq Kann kinofestivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülən, əlbəttə ki, müasir mərhələdə elmi-kütləvi film kimi dəyərləndirilən “Pikassonun sirrliyi”nin çəkiliş metodu müvafiq mürəkkəb olmadıqda şüşə lövhənin kağızı əvəzləməsi ilə sonrakı mərhələdə geniş vüsət aldı. Bununla belə Anri Jorj Kluzo yaradıcılığının artıq dünya şöhrəti təsdiqlənən Yeni Dalğa cərəyanının kölgəsində qalması nəzərdən qaçmadı.

Aydın Dadaşov - professor

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !