Hüseyn Kərimov : - Məlumat yoxsa istinad ... + FOTO

Hüseyn Kərimov : Məlumat yoxsa istinad ... + FOTO

Azərbaycanda yüzlərlə qəzet , jurnal, informasiya portalları, onlarca radio və televiziya kanalları fəaliyyət göstərir. Bu informasiya vasitələrinin hər birinin öz xəbər mənbələri mövcuddur. Əksər mətbu və elektron informasiya vasitələri eyni xəbəri bir-birilərinə istinadən yaymaqla işlərinin bitmiş olduqlarını sanırlar. Belələri adətən mətbuatda biz də varıq görüntüsü yaratmaqdan başqa bir şeyə xidmət etmirlər. Çünki onların nə müəyyən olunmuş strategiyası nə də şəxsi imzaları mövcud deyil. Onların ona -buna istinadı əsas informasiya mənbəyi sayılır. Bəla burasındadır ki, onlar istinad etdikləri yazını heç nəzərdən belə keçirmirlər. Yəni həmin yazıda qramatik səhvlər, olduğu kimi təkrarlanır. Biabırçılıqdır... Əgər özünü baş redaktor adlandıran bir şəxs belə adi detallara fikir vermək iqtidarında deyilsə, görün mətbuat nə gündədir. Digərləri hazır məlumatın əvvəlinə və sonuna öz "fikirlərini" artırmaqla yazını utanmadan və çəkinmədən özəlləşdirərək "imzalarını" atmağa cəsarət edirlər. Bu hələ harasıdır. Ən dəhşətlisi isə, dövlət və qeyri hökumət təşkilatlarının pilot layihələri üzrə keçirilən müxtəlif mövzu müsabiqələrində plaqiat və sifarişli yazıların qalib gəlməsidir... Nədənsə belələri diplomlar, fəxri fərmanlar və içi dolu konvertlərlə mütamadi olaraq mükafatlandırılırlar. Qələmləri "iti" olanlar özlərini cəmiyyətə elə sırıyıblar ki, guya onlar olmasa Azərbaycan mətbuatı batar. Nəisə, əsas mövzudan uzaqlaşmayaq. Cəmiyyət arasında daha çox məlumata sahib olanlar taksi sürücüləri, bərbərlər, çəkməçilər və stomotoloqlardır. Bu peşə sahibləri unikal və fövqəl məlumatları ilə hər kəsi təəccübləndirmək imkanına malikdirlər. Onlardan müxtəlif mövzulara aid ən son və çox maraqlı informasiyanı əldə etmək mümkündür. Qəribəsi də odur ki, informasiya agentliklərindən fərqli olaraq onlar məlumatı pulsuz bölüşürlər. Azərbaycanda demokratik abu-havanın baş qaldırdığı 80 -ci illərdə son informadiyaları çayxanalardan alırdılar. O vaxtki çayxanalar əsl diskusiya klublarını xatırladırdı. Çayçılar ən məlumatlı insan sayılırdılar. Hətta bəziləri gizli məlumatların ötürücüsü missiyasını belə daşıyırdılar. O vaxt internet olmadığından və ya çox inkişaf etmədiyindən hər hansı bir obyekt haqda dəqiq məlumatı ensiklopediyaya müraciət edərək əldə etmək olurdu. Mənbənin doğruluğunu dəqiqləşdirmək üçün digər ədəbiyyatlar əsas götürülürdü. İndi kompyüterdə məlumat almaq üçün axtarışa istədiyin mövzunun adını yazırsan 10 saniyə ərzində qarşına yüzlərlə informasiya çıxır. Yüksək texnologiyaların tərəqqisi və tətbiqi bütün sahalərdə olduğu kimi informasiya cəbhəsində də insanların işini yüngülləşdirmişdir. Yəni hər bir informasiyaya çox sürətlə və sadə yolla sahiblənmək olur. Son illər internetin məlumat bazasının bolluğundan insanları təəccübləndirmək çətinləşib. Artıq oğul atasını öldürdü, ana qızını asdı tipli informasiyalar "dəbdə" deyil. Oxucunu kütləşdirən mətbuat indi bunun cəzasını çəkir. Sarı səhifələri oxuyanlardan başqa, digər insanların mətbuatı izləmək həvəsi itmişdir. Çünki əksəriyyət daha ciddi və maarifləndirici mövzulara üstünlük verir. Bu mövzuların isə son vaxtlar mətbuatımızda az olması qəzetlərə, jurnallara, saytlara radio və televiziya kanallarına olan marağı qat-qat aşağı salmışdır. Axı oxucu, dinləyici və tamaşaçı nə vaxta qədər şou xəbərlərdən ayrı -ayrı "müğənnilərin", "rəqqasələrin", "aparıcıların" və "aktrisaların" alt paltarlarının hansı rəngdə olduğu ilə məlumatlandırılmalıdır? Məgər onlar bu qeyri etik məlumatıları bilmək məcburiyyətindədirlər. Axı niyə adlarını jurnalist qoyanlar millətin zövqünü korlayaraq öz düşüncə tərzlərini xalqın arzusu ilə eyni tərıziyə qoyurlar ? Bu haqqı sizə kim verib? Hər bir kəs sərbəst düşünmək imkanına malikdir.Və bu Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuşdur. Yəni insanları düşünülmüş surətdə hansısa çərçivəyə salaraq təsir altında saxlamaq mənəvi və hüquqi baxımdan qəbuledilməzdir. Hər halda mətbuatda təqdim olunan müxtəlif tezislər, yanaşma tərzləri və mövzular insan psixologiyasında heçdə həmişə müsbət təəssürat yaratmır. Əfsuslar olsun ki, mətbuatımızda ara -sıra vandalizmə, ateizmə anarxiyaya və sabotaja meylli yazılarla üzləşirik. Dövlətin və millətin birliyinə balta vurmaq istəyənlər, bu tip mövzuların sosial şəbəkələrdə belə ayaq açıb yeriməsinə bacardıqları qədər şərait yaratmaqdan çəkinmirlər. Insanlarımız bəzən ya sadəlövhlükdən, ya iradələrinin zəifliyindən dolayı, maskalanmış düşmənlərin felinə gedərək onların qurduğu tələyə düşərək anlamadan və qeyri - ixtiyari müstəqilliyimizə, dövlətçiliyimizə xələl gətirə biləcək müxtəlif aksiyaların iştirakçılarına çevrilməklə özlərini istər-istəməz sorumlu hala gətirirlər... Əksinə, sosial şəbəkələrdə və mətbuatda bu tip mövzuları əngəlləmək, onlara təpki göstərmək və həmin məlumatların dezinformasiya və yalan olmasını məntiqi formada isbat etmək daha məqsədə uyğundur. Bir sözlə vətəndaşlıq və vətənpərvərlik borcumuz bizləri daim ayıq-sayıq olmağa ruhlandırmalıdır. O ki, qaldı yersiz, məntiqsiz, ucuz məlumatlara və istinadlara onların da ömrünə az qalıb. Hər halda şüzgəcin gözü onları tarixin arxivinə təslim edəcəkdir.


Hüseyn Kərimov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !