MƏRKƏZİ ELMİ KİTABXANADA 20 YANVARA HƏSR OLUNAN SƏRGİ TƏŞKİL EDİLİB - + FOTO

MƏRKƏZİ ELMİ KİTABXANADA 20 YANVARA HƏSR OLUNAN SƏRGİ TƏŞKİL EDİLİB + FOTO

20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin faciə təkcə minlərlə günahsız insanın qətlə yetirildiyi tarix deyil, eyni zamanda gələcək azadlığın carçısı idi.
Qanlı Yanvar xalqımıza qarşı keçmiş SSRİ rəhbərliyinin növbəti məkrli siyasəti idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, öz azadlığını, müstəqilliyini, suverenliyini, ərazi bötüvlüyünü arzulayan geniş xalq kütləsi Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti şəkildə etirazını bildirdi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, misli görülməmiş qəddarlıq törətsə də, xalqın əzmini qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Gözü heç nəyi görməyən sovet ordusu Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbiçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, avtobusda gedərkən, evlərində güllələrə tuş gəlirdilər. Vəhşiləşmiş sovet ordusu yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdu. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi bir daha Azərbaycan xalqının mübarizliyini, dönməzliyini, əyilməzliyin nümayiş etdirdi. Həmin faciəli günlərdə ölkəsinin ərazi bötüvlüyünü, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixdə düşdü. Günahsız insanın qətlə yetirildiyi faciədə Azərbaycan xalqı ölkənin ərazi bötüvlüyünü və müstəqilliyini qorumaq üçün qanından, canından keçdi.
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) hər zaman xalqımızın qan yaddaşı ilə bağlı olan ildönümlərini sərgilər, aksiyalar, tədbirlər vasitəsilə ilə qeyd edir. Mərkəzi Elmi Kitabxana bu dəfə də öz ənənəsinə sadiq qalaraq Sərgi salonunda “Qanlı Yanvar” faciəsi ilə əlaqədar sərgi təşkil edib. Sərgidə R. Səməndər “Şəhidlər”, A. Balayev, R.Mirzə “20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər”, R. Tağızadə “Qarabağ rüzgarları”, Q. Təngər “Qara yanvar şəhidləri”, E. Məmmədov “28-dən 29-na keçən gecə”, S. Qarayev, İ. Cəfərzadə “Azərbaycan Dövlət Neft Akademiyası Yanvar şəhidləri”, Q. Ədülsəlimzadə ” 20 yaşlı 20 yanvar”, A. Qurbani “Şəhidlər dastanı”, H.N. Şıxlar “Dünyamızın 20 yanvar faciəsi” Q.Y. Əbdülsəlimzadə “Nikbin faciə”, M. Süleymanzadə, Ş. Yaqubov “Qara Yanvar dialoqu”, İ. Vəlizadə “Qanlı Yanvar”, Ş. Göyçəli “Vətən çağırır”, Q. Əbdülsəlimzadə “Qanlı Yanvardan 15 il keçdi” və s. kimi kitablar nümayiş olunur. Sərgi yanvar ayının sonuna kimi davam edəcək.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !