ADU-da 20 Yanvar faciəsinin qurbanları anılıb - + FOTO

ADU-da 20 Yanvar faciəsinin qurbanları anılıb + FOTO

Tədbirdə universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin qəhrəmanlığından da söz açılıb
Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) professor-müəllim və tələbə heyəti Şəhidlər Xiyabanına gedərək ölkəmizin tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsində həyatını itirən şəhidlərimizin məzarlarını ziyarət edib və önünə tər gül dəstələri qoyublar.
Daha sonra ADU-nun şəhid tələbəsi Ülvi Bünyadzadənin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə universitetin foyesində yaradılan açıq muzeyin qarşısında tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və ADU-nun birgə təşkilatçılığı ilə baş tutub.
Anım mərasimində universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev başda olmaqla ADU-nun professor-müəllim və tələbə heyəti, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Ülvi Bünyadzadənin bacısı professor Könül Bünyadzadə iştirak edib.
Öncə çıxış edən professor Ə.Abdullayev qanlı olay günü ilə bağlı xatirələrini bölüşüb. O, yanvarın 19-dan 20-nə keçən gecə şəhərdə tankların və digər hərbi texnikaların səsini eşidən hər kəsin üzündə bir təlaş, narahatlıq, qəlbində isə qəhrəmanlıq, əzmkarlıq hiss olunduğunu söyləyib. “Azadlıq istəyən xalq həmişə qurbanlar verir”-deyən Ə.Abdullayev həmin gecə xalqımızın azadlıq uğrunda meydanlara, küçələrə çıxaraq şəhidlər verdiyini sözlərinə əlavə edib, onlardan birinin də Ülvi Bünyadzadə olduğunu diqqətə çatdırıb: Bizim şəhidlərimiz əbədi olaraq yaddaşlara həkk olunub. 20 Yanvar hadisəsi xalqımız üçün ağır itkilərlə nəticələnsə də, xalqımızın tarixində qəhrəmanlıq səhifəsi, öz gələcəyi, azadlığı üçün oyanış günü olub. İllərdən bəri xalqın qəlbində olan o azadlıq həsrəti məhz həmin gün özünü büruzə verib. O gecədə qazanılmış azadlıq bu gün müstəqil Azərbaycan Respublikasını dünyada inkişaf edən, sayılıb-seçilən dövlətlərdən birinə çevirib”. Çıxışının sonunda Ə.Abdullayev ADU tələbələrinə dil potensiallarından istifadə edərək Azərbaycanın qəhrəmanlıq salnaməsini və azadlıq uğrunda mübarizəsini, həmçinin 20 Yanvar gerçəklərini dünyaya çatdırmağı tövsiyə edib.
YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı tədbirin keçirilməsinə görə rayon təşkilatı adından ADU rəhbərliyinə təşəkkürünü bildirib. O, xalqımızın tarixində unudulmaz şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisəsini Azərbaycanın istiqlaliyyətinə qovuşmasında önəmli rolu olan bir gün kimi qiymətləndirib. M.İbrahimqızı qeyd edib ki, həmin dövrlərdə Azərbaycan qapalı ölkə olan SSRİ-nin tərkibində olduğundan, dünyanın heç bir beynəlxalq təşkilatına çıxışının, onu dəstəkləyən tərəfdaşların olmaması ucbatından böyük bir qanlı faciə baş verib. Amma yenə də bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilməyib. Bu qanlı olaya ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini söyləyən deputat, onun təzyiqlərə baxmayaraq hakim rejimə qarşı etiraz səsini ucaltdığını və kommunizmin işğalçı mahiyyətini aşkarladığını diqqətə çatdırıb. Daha sonra o, Azərbaycan gəncliyinin, xüsusilə də ADU tələbələrinin ağır və ziddiyyətli dövrdə xalqının müstəqilliyə qovuşması üçün çalışan Ülvi ilə fəxr etməsinin, onu özlərinə örnək götürməsinin, daima anmasının zəruriliyini bildirib. Sonda o, Ülvinin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Ülvi Bünyadzadənin bacısı, professor Könül Bünyadzadə bu gün ölkəmizdə hökm sürən əmin-amanlıq və sabitliyin başlanğıcının 20 Yanvar azadlıq mübarizəsindən başladığını qeyd edib. “Bir millətin var olması üçün onun uğrunda canından keçən qəhrəmanlar lazımdır”- deyən Könül Bünyadzadə həmin qəhrəmanların canına qıyaraq ömrünü vətənin ömrünə caladığını söyləyib.
K.Bünyadzadə universitetin foyesində millət uğrunda canından keçən qəhrəmanımızın muzeyinin və bu qəhrəmana sahib çıxan ulu öndərimizin büstünün yer almasını ADU-da böyük bir tarixin yaşanması kimi qiymətləndirib, bu tarixi yaşadan və sahib çıxan Dillər Universitetinə təşəkkurünü çatdırıb. O, belə bir tarixi yaşayan gənclərin bu millətin dayağı olacağına inandığını bildirib.
Tədbirdə, həmçinin 20 Yanvar hadisəsinə qədərki tarixi proseslər, olayın siyasi motivləri haqqında məlumat verilib, ADU-nun tələbəsi Kamran Abbaszadənin Ülvi Bünyadzadəyə həsr edilmiş şeirləri səsləndirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !