Bəxtiyar SADIQOV : - ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

Bəxtiyar SADIQOV : ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

Göz görə-görə dünya dağılır!
Hərdən buna qloballaşma, hərdən birqütblü hökmranlığın formalaşması deyirlər!
Amma nə deyilməsindən asılı olmayaraq təhlükəli vəziyyət fəlakətə doğru inkişaf edir, baş verən hadisələr yaxşı heç nə vəd etmir, sabaha xoş olan heç nə gözlənilmir!
Bu nə bədbin proqnozdur, nə də adamları qorxutmaq üçün sensasiyalı fikir!
Dünyanı nəhəng dövlətlərin mənəm-mənəmliyi, ambisiyası və ədalətsiz əməlləri dağıdır!


Deyilənlərin əlamətləri hansılardır?

* Dünyaya “bəh-bəh”lə təqdim edilən “demokratiya”nın sürətlə tətbiqinin “açarı” sayılan “rəngli inqilab”lar ölkələrdəki sabitliyi uzun müddətə pozdu, dövlətlərin ərazi bütövlüyünün dağılmasına səbəb oldu;
* “Ərəb baharları” ölkələrdəki sabitliyi qarşıdurmalar, vətəndaş müharibəsi, dağıntılarla əvəz etdi, yüz illər boyu tikilən və formalaşan maddi-mənəvi dəyərlər yerlə yeksan oldu, insanlar isti ocaqlarından uzaq düşdü;
* 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən dəhşətli terroru bu superdövlət cilovlaya bilmədi, nəticədə terror aksiyaları bütün ölkələrə yayılaraq dünyanı bürüdü, hətta orta əsrlər vəhşıliyi törədən terror dövləti - İŞİD-in yaradılması ilə nəticələndi;
* Antihumanist siyasət nəticəsində ölkələrin dağıdılması dünənədək sakit və rahat yaşayan insanlardan ibarət böyük qaçqınlar ordusu yaratdı və həmin binəsib insanlar dənizdə batıb qırılmaqla bu fəlakətin səbəbkarlarından biri olan Avropaya axın etdilər;
* Mənəviyyat, demokratik dəyərlər, insan hüquqları və onun qorunması məsələləri puça çıxır, avropalılar onlara pənah gətirən qocaları, qadınları, uşaqları tikanlı məftillərlə, itlərlə qarşılayır, dəmir qəfəslərə salır, xristianları qəbul edib müsəlmanları geriyə qaytarır, dənizdə boğdururlar;
* Dünyanı bürüyən iqtisadi böhran bəlaya çevrilir, işsizlik, bahalıq, inflyasiya, maliyyə çətinliklərinə görə əmək haqlarının vaxtlı-vaxtında ödənilməməsi insanlar və ailələr üçün ciddi problemlər yaşadır;
* Təbii fəlakətlər ara vermir, şəhərlər sel sularının altında qalır, torpaq sürüşmələri evlərilə birlikdə insanları yerin altına aparır, sunami və qasırğalar dəhşətli fəlakətlər törədir;
Deyirlər dünya üçüncü cahan savaşına hamilədir, bəlkə də bu ağrı-acı doğuşqabağı fəsadlardır...
Allah eləsin yalan olsun!
İnsanların özlərinin yaratdıqları problemlər az qala təbiət hadisələrini kölgədə qoyur!

Qərbdə radikallar fəallaşıblar, onlar hakimiyyətə gəlsələr, yeni qarşıdurmalar, toqquşmalar, qanlar qaçılmaz olacaq!
Qaçqın və terror təhlükəsindən qurtulmaq üçün monokulturalizmə üstünlük verənlər “sərhədsiz müharibəyə” də rəvac verdiklərini anlamırlar.
İkili standartlar isə ədalətsiz dünya düzəninin formalaşmasına səbəb olaraq sülh və sabitliyin, asayiş və əmin-amanlığın, sabit və qansız dünyanın qəniminə çevrilir!

Bu sadaladıqlarımız hər gün mavi ekranlarda gördüyümüz, sayt və qəzetlərdə oxuduğumuz, sosial şəbəkələrdə paylaşdığımız gerçəkliklərdir.
Həm də müasir dünyanın yaşam tərzidir!
Nə yaxşı ki, balaca Azərbaycan bütün bu təlatümlərdən uzaqdadır!
Həm də müharibə vəziyyətində olduğuna, hər an hərbi əməliyyatların başlanma ehtimalına baxmayaraq!
Çox şükür!

25 ildir yol gəlirik.
Çətin və məşəqqətli, qan və itkilərlə dolu, həm də heyranedici uğurla əlamətdar olan bir yol!
Bu yola Heydər Əliyev siyasi kursu deyilir!
Bu yola Azərbaycan yolu deyirlər!
Bu yola İlham Əliyevin kapitanı olduğu gəmini fırtınalı dənizdə sabitlik adasına aparan yol deyilir!
Bu yol qırmızı imperiyanın parçalanmasından, 20 Yanvar faciəsindən başladı. Ərazilərimizin 20 faizinin işğalından, 20 min vətən övladının şəhidliyindən, Xocalı soyqırımından keçdi.
Müstəqilliyin ilk illərində ölkə daxilində xaos və anarxiya burulğanına düşdü, informasiya blokadasına salındı.
Xalq öz sınanmış oğluna, ulu öndər Heydər Əliyevə qovuşmasaydı, yəqin, bu yola gəlib çıxa bilməyəcəkdik, bizə qurulan tələlərə düşərək vassal, yaxud forpost dövlətə çevrilərək 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yenidən yaşamaqla dövlət müstəqilliyinə həmişəlik tamarzı qalacaqdıq!
Ancaq bu dünyada müstəqil yaşamaq asan deyil!
Bəlkə daha çətindir!

İlk növbədə yaşadığın dövlətə vətənini və xalqını sevən, müdrik və uzaqgörən, müasir dünya siyasətindən baş çıxaran insan rəhbərlik etməlidir.
Həm də xalq onu sevməli və daim dəstəkləməlidir!
Cənab İlham Əliyev kimi!

Qlobal iqtisadi böhranın davam etdiyi, dünyanın siyasi kataklizmlər yaşadığı və qan çanağına çevrildiyi bir vaxtda Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, abadlıq və quruculuqla məşğul olurlar. Müxtəlif etnosların yaşadığı ölkəmizdə vətəndaş həmrəyliyi, qarşılıqlı anlaşma, mehriban və səmimi mühit formalaşmışdır.
Qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü bir zamanda cari ilin 9 ayında qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında isə 2,4 faiz artım baş vermişdir. Son on ildə ümumi daxili məhsul istehsalını 3 dəfə artıran, ən yüksək inkişaf tempinə nail olan bir ölkədə bu rəqəm kiçik görünə bilər. Lakin unutmayaq ki, hamının gerilədiyi bir vaxtda bu artım daha dəyərlidir! Nəzərə alsaq ki, dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliyinə görə dünyada 37-ci yerə layiq görüb, milli iqtisadi inkişaf modelinin davamlığı ilə də fəxr edə bilərik. İşsizliyin və yoxsulluğun beş faiz səviyyəsinə endirilməsi, sosial layihələrin icrası, il ərzində daha 121 min daimi iş yerinin yaradılması da uğur göstəricisidir.
Azərbaycan Avropa Şurası ilə uğurla əməkdaşlıq edir, Qoşulmama Hərəkatı ölkəmizin mövqeyini birmənalı şəkildə dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ərazi bütövlüyümüzü növbəti dəfə müdafiə edərək kontakt qrupu yaradıb. Bizə qarşı ədalətsizlik etdiyinə və diplomatiyada qəbuledilməz sözlər işlətdiyinə görə Avropa Parlamenti ilə bütün əlaqələrini kəsmiş, Avronest qurumundan çıxmışdıq. Azərbaycanın kəskin mövqeyi və əsaslı arqumentləri qarşısında geriyə çəkilərək üzrxahlıq etdikdən sonra ölkəmiz Avropa Parlamenti ilə əlaqələri yenidən davam etmək barədə qərar verdi.
Biz hamı ilə əməkdaşlığa hazırıq: ancaq bərabərhüquqlu, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və obyektiv münasibətlər zəminində!
Azərbaycan borc istəyən və heç kəsə boyun əyən ölkə deyil!
Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi prinsiplərdir!

Bu prinsiplər əsasında fəaliyyət göstərən və öz yolu ilə gedən Azərbaycan:
* Cənubi Qafqazın ən güclü və modern dövlətinə, bölgədə söz sahibinə çevrilib;
* Dünyadakı nüfuzunu və xüsusi çəkisini görünməmiş dərəcədə artırıb;
* Transmilli layihələrin təşəbbüsçüsü, maliyyəçisi və icraçısı olub;
* Xalqın rifahının yüksəldilməsi sahəsində sistemli addımlar atıb;
* Güclü və müasir, yeni texnologiyaya əsaslanan silahlarla təchiz edilən ordu qurub;
* Uğurlu gənclər siyasəti aparmaqla idman dövlətinə çevrilib;
* Milli mədəniyyətini inkişaf etdirməklə Avropa və dünya mədəniyyətinə yaddaqalan töhfələr verib;
* Multikulturalizm ideyalarını real həyatda gerçəkləşdirməklə dünya üçün nümunəyə çevrilib.
Müstəqillik dövründə Azərbaycanın dünya birliyindən, beynəlxalq qurum və təşkilatlardan bir istəyi olub: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, həm də beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli!
Problemin həllində ən mühüm istinad sənədi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsidir.
Məsələnin həlli ilə iyirmi ildən çoxdur ki, Rusiya, ABŞ və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu məşğuldur.
Heç bir irəliləyişə, dəyişikliyə nail ola bilməyiblər!
Halbuki özləri etiraf edirlər ki, hazırkı status-kvo qəbuledilməzdir!
Amma yenə hüquqa söykənən ədalətli qərar verməkdə acizdirlər. Çünki Ermənistanın mövqeyini müdafiə edirlər. Biri onlara pul yardımı edir, biri havayı silah verir, biri təbliğatını aparır.
Əslində, hər üç dövlət bu və ya digər şəkildə erməni diasporundan asılıdır!
Həm də hamısı birlikdə ikili standartların əsiridir!

Aprel ayında Azərbaycan onların iyirmi ildən çox müddətdə edə bilmədiklərini etdi: bir günün içində iki min hektardan çox ərazini hərbi yolla geri qaytardı.
Müharibənin gedişində ilk dəfə olaraq Azərbaycan işğal altındakı torpaqlarının kiçik bir parçasını azad etdi!
Gec-tez bütün ərazisini azad edəcəkdir!

Bu, Azərbaycan xalqının istəyidir!
Bu, Ali Baş Komandanımız cənab İlham Əliyevin iradəsidir!
Azərbaycan xalqı və onun rəhbəri heç zaman öz yollarından dönən deyillər!
Xalq daim Heydər Əliyev yolu ilə gedir və bu yolun ən ali bayraqdarı İlham Əliyevi dəstəkləyir, inanır, etibar edir və qəlbən sevir!
Azərbaycan güclü dövlətdir və onun güclü Prezidenti var!
Azərbaycan heç kimdən asılı deyil və müstəqil siyasət yürüdür!
Azərbaycan özünün müəyyən etdiyi yolla gedir!

Bu, çoxlarında qıcıq yaradır!
Buna qısqanclıqla yanaşanlar var!
Buna paxıllıq edənlər də var!
Amma mənasızdır!

Nə qədər ki, cənab İlham Əliyev Azərbaycana rəhbərlik edir Azərbaycan güclü və müstəqil olacaq, müstəqil siyasət yeridəcək, öz yolu ilə gedəcək, daha da güclənəcək və inkişaf edəcəkdir!
Uğurlarımıza dostlar sevinəcək, düşmənlər isə kor olacaqlar!
Bu, 25 ildir belədir, bundan sonra da belə davam edəcəkdir!



Bəxtiyar SADIQOV 

Azərbaycan qəzeti

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !