Məzahir Süleymanzadə : - "Hərəmiz bir cür dəliyik - hamımız gülməliyik..."

Məzahir Süleymanzadə : "Hərəmiz bir cür dəliyik - hamımız gülməliyik..."

Bizim toplaşdığımız by sosial şəbəkə - FB var ha, bura dəli yığıncağıdır. Hərəmiz bir cür dəliyik...Hamımız gülməliyik...Birimiz həqiqət axtarana gülürük, o birimiz həmin həqiqəti örtbasdır edənə. Düz də eləyirik. Mütləq həqiqət kimə lazımdır? Hərənin öz həqiqəti oldu, bəsdir. Bax, bizim bu FB - dəki kimi...Burada heç kəs öz ayranına turş demir. Milləti maarifləndirmək fikrinə düşən də haqlıdır. cahilləşdirmək istəyən də...İşığa tərəf çəkən də haqlıdır, qaranlığa sürükləyən də...FB heç bir svetoforu, yol nişanı olmayan ikitərəfli, izdihamlı, geniş küçədir. Kim hara istəyir, ora da gedir. Gedənlərin sayı elə gələnlərin sayına bərabərdir...Yol hərəkəti nizamlanmadığından burada hər gün çoxlu qəza olur. Qəza törədənlərə cəza da verirlər -- dostluqdan çıxarırlar... FB meşədir, profil şəkillərinin yerində hansı heyvanın şəklini istəsəniz görərsiniz. İt, pişik, canavar, at, dovşan, ceyran, şir, pələng, xoruz şəkillərini soyuqqanlıqla qarşıladım. Amma kimsə öz şəklinin yerinə eşşək şəklini yerləşdirmişdi. Bax, buna deyərəm etiraf, cəsarət...FB başdan - başa mənzərədir. Hər gün bizə çoxlu dəniz, meşə, dağ, dərə, laləli düzlər, yaşıl yamaclar, dolanbac yollar, şaqraq şəlalələr fonunda şəkillər təqdim olunur. Adam var mənzərənin gözəlliyini tamamlayır, adam var, korlayır...FB sərgi salonudur. Burada ahu gözlər, açıq sinələr, əyri ayaqlar, xınalı əllər nümayiş etdirilir və ekspozisiya hər gün yenilənir. FB xalq yaradıcılığıdır, elə adamdan elə söz çıxır ki...Mənim həmişə lətifə danışan, xoş ovqat yaradan adamlara rəğbətim olub. FB şeir məclisidir, elə bir məclis ki, "Məclisi - üns" bunun yanında heç nədir. O məclisə ancaq qüdrətli şairlər dəvət olunurdular. FB məclisinə isə, qafiyəli - qafiyəsiz, istedadlı - istedadsız, hamı qatıla bilər. Arxayın olun, dəyərindən asılı olmayaraq butun şairlərin qazancı eyni olacaq: "Əllərinə sağlıq!", "Təbinə qüvvət!", "Əhsən!", "Canımmmm!", "Qəşəydi"...FB - də neçə qızın bəxti açılıb, neçə oğlan kişilər, neçə kişi nakişilər cərgəsinə qoşulub. FB unikal bir məkandır, kim istəsə elə - belə fahişəlik, kim istəsə, siyasi fahişəlik eləyə bilər. Hər ikisi pulsuzdur...
...FB dünyada ən azad, ən demokratik ölkədir...Bayrağı mavi fonda "F" işarəsindən ibarətdir. Prezidenti Markdır. Əhalisi bizim qədərdir. Bu ölkədə biz prezidenti yox, o bizi seçir. O, bizi seçir, biz də biri - birimizi...

 

Məzahir Süleymanzadə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !