Əbülfət MƏDƏTOĞLU : - MƏNİ GÖRƏN OLSA…

Əbülfət MƏDƏTOĞLU : MƏNİ GÖRƏN OLSA…

Harda olduğumu mənə də desin


Yəqin ki, başlığı oxuyan kimi dodağınıza bir təbəssüm qonacaq. Fikrləşəcəksiniz ki, ya Əbülfətin başı xarab olub, ya da nostalji duyğulardan havalandığı üçün bizi öncə güldürür. İstəyir ki, bu təbəssümlə yazının ardını oxuyaq və o ağrılı nöqtələrə, o kirpikləri nəmləndirən məqamlara hazır olaq. Necə deyərlər, dərdin üstünə gülə-gülə gedək. Təbii ki, siz fikirlərinizdə haqlısınız, bu dediklərinizdə həqiqət də var. Amma doğrudan-doğruya insanın bir havalanan məqamı olur. Bu da sevincdən, yəni sevincin dərəcəsi o qədər yüksək olur ki, ürək ona dözmür… Ya da dərdin dərəcəsi kəllə-çarxa vurur və onda da həmin o havalanma hər nədisə çıxır ortaya…


Bəli, mən indi hardayam, nə işlə məşğulam və ümumiyyətlə, niyə bu durumdayam onu anlaya bilmirəm. Elə bilməyin ki, ona ağlım, savadım çatmır, ölçmək, biçmək anlayışını itirmişəm. Yox, sadəcə olduğum durum zəlzələ nöqtəsinin üzərində dayanmağa bənzəyir. Bir az da sərt desəm, sanki ayaqlarımın altında mina basdırılıb. Tərpənsəm partlayacaq. Ona görə də o son deyilənin bütün cizgiləri ağlımda, gözümün qarşısında canlanır və mən də onun təsir gücündən havalanmışam. Digər tərəfdən mənim iç dünyama bir sevinc də, bir xoş əhval-ruhiyyə də axıb dolubdu. Məhz bu da həmin dayandığım nöqtənin təsirindəndi. Belə ki, yazılarımı oxuyan, yaşadıqlarımdan xəbərdar olan dost, tanış, uzaq, yaxın ellərin adamları mənə telefon açır, vəziyyətlə, durumla maraqlanır. Kimi nəsihət verir, kimi köməyini təklif edir. Hətta iki otaqlı mənzilinin bir otağının mənə qurban olduğunu da söyləyənlər var. Elə bu da məni sevindirir. Deməli, bu həyatda heç də mənasız, boş-boşuna yaşamamışam. Deməli, bu həyatda kimlər üçünsə iynənin ucu boyda da olsa mövcudam, varam, yaşayıram. Və deməli, mənim ən böyük qazancım olan bu diqqət, bu münasibət mənə hələ bir az da yaşamaq haqqı verir. Və nəhayət, söylədiyim hər iki məqamın məni havalandırmasının nədəni ortaya çıxır. Və siz görürsünüz ki, mənim havalanmağım səbəbsiz deyil və havalı adamlar da nə etdiklərinin, harada olduqlarının bəzən fərqinə varmırlar. İnanın ki, «Azərbaycan» nəşriyyatının 6-cı mərtəbəsinin Yasamal qəbiristanlığına baxan pəncərəsi önündə dan yeri sökülməmiş azan yenicə səslənəndə ağlıma qəribə bir fikir gəldi. Və bir də baxıb gördüm ki, o fikir misralara çevirilib.


Sənə
şeir yazmaq
çətindən çətin
çünki sən
şeirlik deyilsən-
Vətən!
Bağışla,
keç günahımdan
sənə
şeir yaza bilməyən
Əbülfətin!..

 

Yəqin ki, bu misralar elə havalanmağımın bəhrəsidir və mən havalandığım bu məqamda güzgüyə baxmaqdan da qorxuram. Qorxuram ki, baxıb gördüyüm adam başqa biri olar. Və güzgüdən mənə baxan başqa birisiylə hətta göz-gözə də gələ bilərəm. Və…


Onda hər şey ya məhv olar, ya da… Ya da onda hər şey daha sürətlə öz yolunu davam etdirər. Bunun da səbəbi gözlərin dərinliyindəki həqiqətdir. Mən bu həqiqətin etirafı üçün sinov gedirəm. Təəssüf ki, onu dilə gətirən yoxdur. Ona görə də mən özüm özümə bəzən nağıl uydururam… özüm-özümə təsəlli verirəm… özüm-özümə «möhkəm ol!» deyirəm. Bütün bunlar isə mənə misralar pıçıldayır. O misraları ki, heç sən də onları dinləmək istəməzsən. Amma mən yazıram:

 

Mən ürəyimi
və bütün istəyimi
qoydum ortaya…
sən
uzaqdan baxıb
gülümsədin
və heç nə də
demədin-
çünki
ürəyimi
və istəklərimi
qoyduğum ortalıqda
qalmışdı
öləziyən ocaqdan
bir ovuc
qor, taya!-
o da
ölüm ayağında…


***


Deməli, insan özü-özünə təsəlli uydurur. Bu, hər kəsdə mümkün olan haldı. Mən də belə edirəm. İynə ucu boyda işartını bəzən od sayıram, ocaq sayıram. Dodağın qaçmasını «hə» sözü kimi anlayıram, «hə» sözü kimi yozuram. Təbəssümü «hər şey yaxşı olacaq» kimi qəbul edirəm. Telefon zəngini ümid sayıram. Üstəlik, bir-birinə sığınan, bir-birini köynəkdən keçirən duyğuları həyatın özü bilirəm. Amma bütün bunlar mənim özümün özümə təsəllimdir. Elə bir təsəlli ki, o bəzən ilğım olur, bəzən sabun köpüyü, bəzən yuxu, bəzən xəyal. Bax, bu bəzənlər bir-birinə calanıb anı günə, günü aya çevirir. Və mən də həmin o təsəllilərin ətəyindən yapışıb anı, günü, ayı ömrə çevirirəm, xəyalla, yuxuyla, ilğımla yaşayıram. Kənardan baxanlar bu yaşamı öz arşınları ilə ölçürlər, öz baxış bucaqları altında qiymətləndirirlər. Mən isə şair deimşkən: «Mən nələr çəkirəm, özüm bilirəm». Çəkdiklərimin isə nələr və necə olduğunu çəkən bilir, yəni ürəyim. Burdaca etiraf edim ki, bəlkə də mənim qədər ürəyinə qarşı haqsız olan, ürəyinə dərd yükləyən, əzab verən, ürəyini hər məqamda şişləyən ikinci bir Allah bəndəsi yoxdur. Amma ürək hələ ki, dözür və mən də hələ ki, ona zülm etməkdən yorulmuram. Ona dərd yükləməkdən, ona ağrı çəkdirməkdən usanmıram.
Düzdür, hər şeyin bir sonu olur. Yəqin ki, bunun da bir sonu olacaq. Amma o sona qədər yaşamağın özü də zor bir işdi. Çünki:

 

Başımı qatıram
dərdlə
və başımı qatanda
çıxıram
həm şərtdən
həm də sərhəddən…
sən belə anlarında
durmasan da yanımda
günahı
məndə axtarma
arama…
toxunsan da yarama
səbəbi gör
dərddə
və məhəbbətdə
axı onlardı məni
çatdıran bu həddə-
yəni dəlilik yaradan
Əbülfətdə!...


***


İndi yeni ilin birinci ayının ikinci ongünlüyü addım-addım irəliləyir. Və bu addımları müşahidə edib gəldiyim qənaət budur ki, özündən əvvəlki tarix yerişini heç dəyişməyibdi. Elə həmin qayğılarla bu ikinci ongünlüyü də yarılamaq üzrədir. Demək dəyişən təkcə ayların, illərin adıymış. Və mən də həmin o qurduğum xəyalların, bəlkələrin ümidinə 2016-dakı problemlərdən qurtulmağı düşünmüşdüm. Amma bu 15 gün göstərir ki, problemlər boy artımı verir. Sırası sıxlaşır və uzanır. Deməli, mənim üçün yaxşılığa doğru heç nə dəyşiməyib. Və mən çəkdiklərimin ağırlığı altında yerə bir az da yaxınlaşıram. Çünki bu ağırlıq məni dizlərimə qədər torpağa yeridir. Hələ qatlanmasa da, amma bu gedişlə dizlərin qatlanması qaçılmazdı. Ona görə də iç dünyamın qapı-pəncərəsini taybatay açıram. Necə deyərlər, qoy yel vurub yengələr oynasın… qoy hər nə varsa olduğu kimi, hamının gözü qarşısına çıxsın və özünü, sözünü qoysun ortaya…


Hə, deyə bilərsiniz ki, problemləri anlar, günlər, aylar yaratmır, insan yaradır – həm özü-özünə, həm də qıraqdakılara. Bu bir həqiqət. Bununla razılaşmamaq qeyri-mümkündür. Amma Allahı olan, Peyğəmbərini yaddaşında yaşadan normal insan bir kimsəyə problem yaratmamalıdır. Bir az da açıqlasam, Allah hər kəsə verdiyi ömür payında onun yaşamını da nəzərə alıb. Təəssüf ki, bəzən insan yolundan, cızığından çıxır. Hərislik və nəfs onu çaşdırır. Sonda bir insan başqa bir insana ya meydan oxuyur, ya yolunu kəsir, ya da biri o birisinin haqqına sahib çıxır. Və beləcə, Allahın yaratdığı bəndələr bir göyün altında, bir yerin üstündə cırmaqlaşa-cırmaqlaşa, el diliylə desək, itlə pişik kimi yola gedir. Nəticədə əsəblər korlanır, ürəklər qırılır, evlər dağılır və daha nələr, nələr baş verir. Özü də hər kəs sonunun nə olacağını bildiyi halda.


Mən bütün bu dediklərimi, yazdıqlarımı bir fikrə istinadən, bir fikri şərh etmək üçün dilə gətirirəm. O fikri də yazıma başlıq çıxarmışam. Deməli, mənə problem yaradanlar, mənim haqqımı tapdayanlar, mənim yaşamağıma imkan verməyənlər düşünürlər ki, onlar ölməzlərdi… onların sonu yoxdu. Amma unudurlar. Daha doğrusu, hissə qapılırlar. Unudurlar ki, sonu olmayan bir şey var, o da ölümdür, bitib-tükənmir bütün canlılar ölür. Bir də yaranışdı, bütün canlılar təkrar doğulur. Amma başqa adda, başqa mühitdə, başqa missiyayla. Biz isə…


Hə, mən indi özümü axtarıram, heç harda tapa bilmirəm. Elə axtara-axtara da qalmışam. Bilmirəm Qarabağdayam, bilmirəm Bakıdayam və daha haralarda. Təkcə onu bilirəm ki, bu yazı yazılan məqamda sağ-salamatam. Amma oxunan məqamda sağ-salamat olacağımı deyə bilmərəm. Və bir də onu bilirəm ki, mənim yaşamım Allahdan və səndən ümid alır, bəhrələnir!.. İnanıram ki, Allah məni tək buraxmayacaq… İnanmaq istəyirəm ki, sən də məni tək qoymayacaqsan. Çünki:


Gündüz yanımdasan çox qüvvətliyəm
Gecələr üstümə dərd, qoşun gəlir…
Xətrinə dəyməsin təklənməyimdən-
Deyəsən ay gülüm, çox xoşun gəlir!..


Sən də bu seçimi etdin həyatda
Sevib uzaq tutdun, gözündən uzaq…
Bilmirəm nə gördün sınıq qanadda-
Min ağac canından, özündən uzaq!..


İndi həm qüvvətli, həm də ki, şikəst
Bir bəndə başına pərvanə olub…
Mənim sevgi dinim, sevgi Allahım-
Sənin inancına bəhanə olub!...

 

***


Bəli, indi siz özünüz də bir fikirləşin. Rica edirəm, bu yazını, bundan öncəki yazılarımı da xatırlayın. Xəlbirinizdə ələyib, ələyinizdə yenidən qarşınıza gətirin. Və həmin o qarşınıza qoyduğunuz fikirlərimə baxa-baxa bir anın milyonda bir hissəsi ötən zaman içində məni düşünün. Siz onda məni görəcəksniz. Halımdan, durumumdan xəbərdar olacaqsınız. Və sonra gördüyünüz mənə qiymət də verə bilərsiniz, sözünüzü də deyə bilərsiniz, bu ixtiyar sizdədi. Sadəcə, ədalət hissini nəzərə alın. Bilin ki, çıxardığınız qərar şoumenlərin dediyi kimi, «tamam, ya davam» deməkdir. Hansını seçsəniz mən onunla razılaşacam. Birincisi, başqa yolum yox, ikincisi də azlıq çoxluğa tabedir. Və nəhayət, siz bununla məni görmüş olduğunuzu etiraf edəcəksiniz və mən də harda olduğumu sizdən öyrənəcəm. Və biləcəm ki, özümü axtarmağa ehtiyac var, yoxsa yox?!.


Ədalət - İnternet Portal