Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib - + FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib + FOTO

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

 


Yanvarın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
İclasda Kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Komitə sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyətindən danışıb. O, bildirib ki, Komitə 2016-cı ildə mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, milli və dövlətçilik maraqlarının qorunması istiqamətində fəaliyyətini ardıcıl davam etdirib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.
Komitə sədri bildirib ki, “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın zəngin multikultural və tolerantlıq ənənələrinin ölkə daxilində, beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin Xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi, digər aidiyyəti qurumlar və dini mərkəzlərlə birgə tədbirlər reallaşdırıb.
Daha sonra Komitə sədrinin müavini Gündüz İsmayılov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, 2016-cı ildə dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə məlumat bazasının zənginləşdirilməsi prosesi davam etdirilib, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması, dini obyektlərin tikintisi ilə bağlı məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin öyrənilməsi və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər həyata keçirilib.
Gündüz İsmayılov bildirib ki, Dövlət Komitəsi ötən ildə Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri ilə bağlı dini durumun nəzarətdə saxlanılması məqsədilə məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirib, eləcə də dini maarifləndirmə istiqamətində silsilə görüş və tədbirlər təşkil edib. Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərə əsasən, əvvəlki illərlə müqayisədə ötən ildə Ramazan və Qurban bayramları namazının fərqli günlərdə icrası halı qeydə alınmayıb, dindarlar QMİ-nin təqviminə uyğun olaraq eyni tarixdə bayram namazlarını qılıblar.
Dövlət Komitəsinin əməkdaşlarının apardıqları müşahidələrə və daxil olmuş məlumatların təhlilinə əsasən, ötən il Aşura mərasimi ümumilikdə sabit keçib, eləcə də əvvəlki illərlə müqayisədə, həm təşkilati, həm də keçirilmə formasında bəzi müsbət dəyişikliklər baş verib.
Dövlət Komitəsi tərəfindən 2016-cı ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 749-a çatdırılıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Dövlət Komitəsinin sədr müavini hesabat dövründə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda 50-ə yaxın kitabın nəşr olunduğunu diqqətə çatdırıb.
Gündüz İsmayılov dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə diqqət çəkərək bildirib ki, bu istiqamətdəki işlər ötən il ərzində dini icmaları, yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil müəssisələrini əhatə edib. 2016-cı ildə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirib. Dövlət Komitəsi ötən il ərzində dini maarifləndirmə istiqamətində QMİ ilə də yaxından əməkdaşlıq edib və bu qurumla birgə 11 xüsusi tədbir baş tutub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2016-cı il ərzində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış vəsait hesabına dini icmaların layihələrinin maliyyələşdirilməsi prosesi davam edib. 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib.
Eyni zamanda, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış, dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən maarifləndirici səciyyə daşıyan “Fitnə” sənədli filmi böyük əks-səda doğurub. Sənədli film ictimaiyyətə təqdim olunmaq üçün ölkə ərazisində fəaliyyət göstərən telekanallara və Azərbaycanın bütün yerli icra hakimiyyəti orqanlarına göndərilib. Əksər rayonlarda, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda filmin nümayişi həyata keçirilib.
Ötən ildə Dövlət Komitəsinin sifarişi və “Trend” Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə “Vandalizm” adlı sənədli film də ərsəyə gətirilib və noyabr ayının 24-də Nizami Kino Mərkəzində təqdimatı keçirilib.
Gündüz İsmayılov Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm ili“ elan edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq Dövlət Komitəsi tərəfindən 160-dan artıq tədbir keçirildiyini qeyd edib, eyni zamanda, tədbirlərin hər biri haqqında ətraflı məlumat verib.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Dövlət Komitəsi tərəfindən ötən il dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması, qarşılıqlı əlaqələrin və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məqsədilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə “Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı” çərçivəsində respublikanın 62 şəhər və rayonunun icra və hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə maarifləndirici tədbirlər həyata keçirilib.
İcazəsiz dini ədəbiyyatların yayılmasının və icazəsiz fəaliyyət göstərən dini ədəbiyyat və əşyaların satış məntəqələrinin qanunazidd fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib, 40 mağazada monitorinqlər təşkil olunub, aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə cərimə edilib. 17 mağaza sahibi barədə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər ünvanlardan götürülmüş 856 adda dini ədəbiyyatın dinşünaslıq ekspertizası keçirilib, ümumilikdə onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev hesabat dövrü ərzində illik iş planlarına uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, dini radikalizmə qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, eləcə də maarifləndirmə işlərinin təşkili istiqamətlərində görülmüş işlərdən danışıb.
O bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə keçirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Vüqar Babayev Muxtar Respublikada yerləşən dini icmaların hər birinə maliyyə vəsaitinin ayrıldığını vurğulayaraq, ötən il ərzində dini icmaların həyata keçirdikləri maarifləndirmə tədbirlərindən danışıb. O bildirib ki, Naxçıvan MR-də dinin düzgün təbliğinə xüsusi diqqət yetirilib, din xadimlərinin biliklərinin artırılması üçün ötən il Naxçıvan şəhər Sarvanlar və Şərur şəhər məscidlərində müvafiq təkmilləşdirmə kursları təşkil edilib. İl ərzində 175 nəfər təkmilləşdirmə kurslarında iştirak edib. Vüqar Babayev 2016-cı il ərzində 458 din xadiminin attestasiyadan keçirildiyini, onlardan 365-nə vəsiqələr verildiyini deyib.
O bildirib ki, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının Muxtar Respublika ərazisində yayılmasına nəzarət edilib və nəticədə dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyini təbliğ edən 849 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb.
Vüqar Babayev 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə əlaqədar Multikulturalizm və dini məsələlər üzrə Komissiyanın iş planına əsasən il ərzində 17 tədbirin keçirildiyini bildirib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dövlətin din siyasətini həyata keçirən əsas strukturun - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusən son illərdəki fəaliyyəti diqqətçəkəndir. Komitənin rəhbərliyi, əməkdaşları Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən düzgün strategiyanın həyata keçməsi üçün Azərbaycanın bütün dini icmalarının, məscidlərinin real durumunu öyrənir, dinin yalnız maarifçilik xüsusunda təbliğinə şərait yaradırlar.
Səyyad Salahlı Dövlət Komitəsinin “Multikulturalizm ili”ndə həyata keçirdiyi tədbirlərdən bəhs edərək 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsinin qarşısında duran vəzifələrdən də danışıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iclasda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. O bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Dövlət müşaviri ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. Dövlətimiz tərəfindən müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara daim diqqət və qayğı göstərildiyini qeyd edib.
Kamal Abdullayev “Multikulturalizm ili” çərçivəsində bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir.Eyni zamanda, bu il Azərbaycan liderinin bəşəri dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir daha bütün genişliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiramını bir daha sübut etdi.
Dövlət müşaviri bu sahədə fəaliyyətin davam etdirilməsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əlaqələrin daha da gücləndirilməsinin, birgə tədbirlərin həyata keçirilməsinin önəmini vurğulayıb.
O, bildirib ki, Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməklə Azərbaycanda İslami dəyərlərə verilən qiyməti dünya səviyyəsində bir daha qeyd edib. Çünki bu dəyərlər Azərbaycan üçün son dərəcədə vacib mənəvi dəyərlərdir və Azərbaycan İslam dünyasının incisi olmağa layiq ölkədir.
İclasda ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Dövlət Komitəsinin hesabat ilində gördüyü işlər qənaətbəxş hesab edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !