"İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı" mövzusunda tədbir keçirilib - + FOTO

"İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı" mövzusunda tədbir keçirilib + FOTO

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurumun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Akademiyada ilk dəfə olaraq media ilə geniş tərkibli görüş keçirildiyini dedi. İ.Həbibbəyli Mərkəzi Elmi Kitabxananın gördüyü işlərdən, xidmətin səviyyəsindən, vikipedia təlimlərindən, Milli Rəqəmsal Yaddaş bazasından, keçirilən tədbirlərdən, fondlardakı nadir incilərdəndə bəhs edərək onları qənaətbəxş adlandırdı. İ.Həbibbəyli bu işlərin geniş ictimaiyyətə çatdırılması üçün medianın müstəsna rol oynadığını vurğulayaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməli olduğunu qeyd etdi. İ.Həbibbəyli kitaba marağın artdığını qeyd edərək buna görə də AMEA-nın kitabxanaya ikinövbəli rejimdə çalışmaq üçün dəstək verdiyini açıqladı. O, elmi jurnalistikanı inkişaf etdirməyin də vacib olduğunu önə çəkdi.

 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov AMEA-nın özünün inkişaf dövründə olduğunu qeyd etdi. O, bütün məsələlərə, xüsusən də problemli məqamlara elmin süzgəcindən keçirilərək baxılmalı olduğunu qeyd etdi. Media-kitabxana əməkdaşlığlını gücləndirməyə çalışdıqlarını deyən millət vəkili informasiya əldə olunmasında kitabın, kitabxananın böyük rolu olduğunu açıqladı. Ə.Amaşov bütün media işçilərinin kitabxanadan rahat bir şəkildə istifadəsini təmin etməyi təklif etdi. “Bu özülüyündə kitaba bağlılığı daha da gücləndirmiş olar” – deyə çıxışçı vurğuladı. Ə.Amaşov Mətbuat Şurasında təmsil olunan media qurumlarının görülən işlərə informasiya dəstəyi verməsini gündəmə gətirib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli AMEA-da çalışan alimlərin fəaliyyətinin mediada az işıqlandırıldığını qeyd etdi. O, əlaqələrin gücləndirilməli olduğunu söylədi. V.Səfərli KİV Dəstək Fondunun gördüyü işlərdən bəhs etdi. V.Səfərli əlaqələrin genişlənməsindən hər iki tərəfin qazanacağını dedi. Çıxışçı qəzetlərin öz nüsxələrindən kitabxanaya göndərmələrini təklif etdi.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova tədbirin mahiyyəti haqqında məlumat verərək, Azərbaycan üçün önəmli olan vətəndaş birliyini çox həssas sahə olan informasiya sahəsində media və kitabxana əməkdaşlığı nümunəsində bir daha nümayiş etdirməyin, informasiya təminatı sahəsində media və kitabxananın məsuliyyətlərinin kəsişən nöqtələrini tapmağın əsas məqsəd olduğunu vurğulayıb. O, deyib ki, MEK görülən işləri operativ şəkildə mek.az saytında, sosial şəbəkələrdə paylaşmaqla ictimaiyyətə çatdırır. Hazırda MEK-in oxucular üçün yüksək səviyyəli şərait yaratdığını deyən L.İmanova Mətbuat Şurası ilə əməkdaşlıq məsələsində təkliflərlə çıxış edib: “MEK Şura üzvləri olan jurnalistlərə akademiya üzvləri üçün olan şərtlər ilə oxucu vəsiqələri verə və növbədənkənar xidmət göstərə bilər. Jurnalist araşdırmaları və yazıları hazırlayan media nümayəndələrini etibarlı elmi mənbələrlə təmin edə bilər”.Direkotr media ilə perspektivdə görülməsi nəzərdə tutulan addımları da açıqlayıb. Media ilə gündəlik kommunikasiyanın onlayn avtomat rejimə keçirilməsi; VİS-in müəyyən komponentlərinin sayt ilə sinxronlaşdırılması; Kitabxana həyatından MEK-in saytına canlı yayımlanma; MEK-in elektron resurslarına şəxsi kabinetdən çıxış; Kommunikasiyanın daha əlçatan və sürətli olması; MEK-in saytının yeni versiyasının hazırlanması.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı jurnalistlərin peşəkarlıq baxımından elmi faktlardan yararlanmasının mühüm olduğunu qeyd etdi. Kitabların, əski qəzetlərin elektronlaşmasını mühüm amil kimi dəyərləndirən A.Aşırlı səslənən təkliflərin həyata keçməsini arzuladı. O, eyni zamanda Azərbaycandakı kitabxanaların öz elektron kataloqlarını birləşdirmələrini təklif etdi.

 

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz alimlərin jurnalistlərdən narazı olmasını, media nümayəndələrinin elmdən uzaq olmasını söyləyərək təkliflə çıxış etdi. Y.Oğuz kitabxananın imkanlarından internet vasitəsilə istifadə olunması, bir sıra görüşlərin, ədəbi-bədii, elmi tədbirlərin keçirilməsini də təklif kimi səsləndirdi.

 

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu MEK-in jurnalistlər üçün təklif etdiyi xidmətləri yüksək dəyərləndirdi. O, eyni zamanda kitabxanada vikipedia ilə bağlı görülən işləri yüksək qiymətləndirdi.

 

Tədbirdən sonra Mərkəzi Elmi Kitabxananın fəaliyyəti ilətanış olmaq üçün media nümayəndləri üçün mediatur təşkil olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !