Azərbaycanın ən yaşlı sakini Lənkəranda yaşayır - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Azərbaycanın ən yaşlı sakini Lənkəranda yaşayır + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Azərbaycan Milli Elmlər Akademiyası ölkənin ən yaşlı sakininin adını açıqlayıb. Belə ki, Akademiyanın Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, hazırda Azərbaycanın ən yaşlı adamı Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan 104 yaşlı Vəsmə Abbasovadır.
Şəxsiyyət vəsiqəsinə əsasən Vəsmə nənənin 106 yaşı var. Amma dəqiqləşdirilmiş məlumatlara görə, onun 104 yaşı olduğu müəyyən edilib.
Vəsmə Abbasovanın 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötükcəsi var. O, ailəsində yaşayan 65 nəfərin hamısını yaxşı tanıyır. Özünü müstəqil idarə edən ağbirçək ev işlərini görməkdən qalmır. Gözləri zəiflədiyindən tikişlə məşğul olmaqda çətinlik çəkməsinə baxmayaraq, Vəsmə nənə ömründə hələ heç vaxt yataq xəstələsi olmayıb, nə də hər hansı dərman preparatı qəbul edib. İldə 2 dəfə həkimlərin nəzarəti ilə o, yalnız vitamin müalicəsi qəbul edir.
Vəsmə Abbasova onların nəsillərinin uzunömürlü olduğunu bildirib. Onun sözlərinə görə, anası 111 il, bacısı isə 91 il ömür sürüb.
Lənkəran rayonunun Gərmətük qəsəbəsinin digər bir sakini Kafiyə Babayeva da uzunömürlülər siyahısında yer alıb. 96 yaşı olan bu ağbirçək uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzini seçməsində və düzgün qidalanmaqda görür. Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti göstərib. Çəltik, kartof, pomidor əkib-becərib. Kafiyə nənə hər səhər də süd içdiyini, sulu yeməklərə daha çox meyl göstərdiyini bildirib.
Ağbirçək bu gün də evdə təsərrüfat işləri ilə məşğul olur, təndirdə çörək bişirir.
Məlumat üçün bildirək ki, Lənkəran rayonunda hazırda yaşı 90-ı keçənlərin sayı 107 nəfər təşkil edir.


Ağaddin BABAYEV,
Lənkəran.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !