Musiqili Teatr Mehriban xanım Əliyevanı təbrik etdi -

Musiqili Teatr Mehriban xanım Əliyevanı təbrik etdi

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:


“Əziz və hörmətli Mehriban xanım!


Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kürsüsündə görmək bizi – Respublikanın bir əsirlik qocaman teatrının kollektivini ürəkdən sevindirdi! Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, çətin, şərəfli və məsuliyyətli işinizdə böyük uğurlar arzulayırıq.


Sizin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində gördüyünüz xeyirxah işlər, həyata keçirdiyiniz böyük layihələr, xalqımızın mənəvi dəyərlərinin qorunması sahəsində atdığınız inamlı addımlar, sənət adamlarına göstərdiyiniz qayğı bizim hər birimizin qəlbini fərəh və qürur hissi ilə doldurur. Məhz buna görə də Azərbaycan cəmiyyətində Birinci vitse-prezident vəzifəsi təsis olunanda, hamı bu kürsüyə ən layiqli namizəd Sizi bilirdi. Budur, xalqın inamı özünü doğrultdu. Cənab Prezident İ.Əliyev bu posta Sizi təyin etməklə bir daha xalqın ürəyindən xəbər verdi. Biz əminik ki, Sizin böyük səyinizlə Azərbaycanımız bundan sonra da dünyanın siyasi, iqtisadi və mədəni arenasında öz sözünü ucadan deyə, qazandığı nailiyyətləri inamla sərgiləyə biləcək. Dünyaya bir daha sübut edəcək ki, xalqımız yer üzündəki bütün dövlətlər və millətlərlə sülh, əmin-amanlıq şəraitində yaşamaq iqtidarındadır və bunun üçün əlindən gələni etməyə hazırdır.


Hörmətli Mehriban xanım!


Ümummilli liderimiz, mədəniyyətimizin böyük dostu və hamisi Heydər Əliyevin layiqli varisi olan cənab İlham Əliyev və Siz Azərbaycanda teatr sənətinin inkişafını həmişə diqqət mərkəzində saxlayır, ömrünü sənətə həsr edən istedadlı insanlara qayğı ilə yanaşırsınız. Biz bu qayğını və diqqəti bilavasitə hiss edən teatr kollektivlərindən biriyik.


Sizi əmin etmək istəyirik ki, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsi, gənc nəslin mənəvi-əxlaq dəyərlərinin zənginləşməsi, klassik irsimizin qorunması və təbliği sahəsində bundan sonra da yorulmadan səy göstərəcək, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə istedad və bacarığımızı əsirgəməyəcəyik.


Sizə bir daha uğurlar və yeni-yeni qələbələr arzulayırıq!”
Məktubu Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi adından teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev imzalayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !