Lənkərandakı Yaşıl çay fermer təsərrüfatının plantasiyalarında budama aparılır - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatının plantasiyalarında budama aparılır + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatı MMC-nin çay plantasiyalarında budama işlərinə başlanılıb. Təsərrüfatın rəhbəri Araz Yağubovun sözlərinə görə, ümumilikdə 61 hektar sahədə budama işlərinin aparılması nəzərdə tutulub. 41 hektar məhsul verən plantasiyada normal şərtlərə uyğun, qalan 20 hektar cavan çay sahəsində isə yüngül formada budama aparılacaq. Təsərrüfat rəhbərinin qənaətincə, daha çox məhsul əldə etmək üçün budamanın keyfiyyətli aparılması vacib şərtlərdəndir. Çay plantasiyalarında kolların budanması aqrotexniki qulluğun ilkin mərhələsi hesab olunur. Bununla yeni yarpaqların cücərməsi prosesi sürətlənir və bol məhsul yetişir.
Kolların budanması tədbirlərinə 35 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub. İlk məhsul yığımına isə may ayının əvvəllərinindən başlanacaq. Mövsüm ərzində plantasiyalarda 5-6 dəfə yığım aparmaq mümkün olacaq.
Onu da qeyd edək ki, təsərrüfatda payız aylarında daha 30 hektarda yeni çay plantasiyası və mövcud sahələrdə seyrəkliyin aradan qaldırılması nəzərdə tutulub. Bu məqsədlə 1 hektar sahədə tinglik yaradılacaq.
“Yaşıl çay” fermer təsərrüfatında ilk dəfə 2015-ci ildə seçmə üsulla yaşıl çay yarpağı yığımı aparılıb. 2016-cı ildə isə 41 hektar çay plantasiyasından 90 ton yüksək keyfiyyətli yaşıl çay yarpağı tədarük olunub.


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !