Bəxtiyar SADIQOV : - Öndə Ali Baş Komandan idi

Bəxtiyar SADIQOV : Öndə Ali Baş Komandan idi

Allah öz bəndələrinə görmək və eşitmək üçün göz və qulaq verir!
Bir də görüb-eşitdiyindən lazımi nəticə çıxarmaq üçün ağıl!
Bunlarsız insan nə normal yaşaya bilər, nə də xoş güzəranlı sabahın qurar!
Uzaq məsafəni “görmək” çətindir.
Eşitmək üçün isə yaxın-uzaq yoxdur!
Hərçənd ki, kosmosdan peyk vasitəsilə baxmaqla hər şeyi “görüb-eşitmək”, nəyin necə olduğunu asanlıqla müəyyənləşdirmək də mümkündür!

***
Bir daha XX əsrin ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımından söhbət açırıq.
Həm də təkcə söhbət açmırıq! Erməni faşizmi tərəfindən insanlığa qarşı ən qəddar cinayətlərdən birinin 25 illiyi ilə əlaqədar ikinci dəfədir ki, “Xocalıya ədalət!” hayqırtısı ilə ümumxalq yürüşü keçiririk.
Bu yürüş sənin üçündür!
Sənin gözünü və qulağını açmaq üçündür!

Eşit, bil, ey Dünya!
Bir gecədə Xocalıda 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetiriblər!
Ona görə ki, onlar azərbaycanlı olublar!
Ona görə ki, onlar dədə-baba torpaqlarından çıxmaq istəməyiblər!
Dinc əhalinin milli mənsubiyyətinə görə kütləvi şəkildə öldürülməsi soyqırımı sayılır!
Soy-qı-rı-mı!!!

***
Budəfəki yürüşün önündə də daim dünyanı sülhə, əməkdaşlığa, həmrəyliyə və bir-birinə hörmətə çağıran, müstəqillik yaşı hələ otuza çatmayan dövlətin rəhbəri cənab İlham Əliyev gedir!
O İlham Əliyev ki, Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirərək qısa müddətdə Azərbaycanı Cənubi Qafqazın ən güclü və modern, sabit və əmin-aman dövlətinə çevirib!
O İlham Əliyev ki, Avropanın enerji resursları ilə təchizində ən etibarlı və sözünə sadiq tərəfdaşıdır!
O İlham Əliyev ki, təkcə regiona yox, bütün dünyaya fayda gətirəcək Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və “Cənub qaz dəhlizi” layihələrinin müəllifi və gerçəkləşdirənidir!
O İlham Əliyev ki, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin edərək IV İslam Həmrəyliyi Oyunlarına start verib!
O İlham Əliyev ki, Azərbaycanın multikulturalizm ənənələrini örnək kimi bütün dünyaya təqdim edib!
O İlham Əliyev ki, dövlətinin və xalqının maraqlarını hər şeydən uca tutmaqla yanaşı dünyanın da sabahını düşünür!

Bu, dünyaya ədalət çağırışıdır!
Bu, insanları obyektiv və qərəzsiz olmağa çağırışdır!
Bu, işğalçını, təcavüzkarı cilovlamağa çağırışdır!
Bu, terrorizmin qarşısını qətiyyətlə və birgə səylə almağa çağırışdır!
Bu, dünyadakı bütün insanları rənginə, irqinə, dininə və millətinə görə növlərə bölmədən bütün hüquqlarını qətiyyət və prinsipiallıqla qorumağa çağırışdır!

***
Eşit və bil, qoca Dünya!
Cinayət cəzasız qalanda qatillər azğınlaşır!
Sonra bənzər cinayətlərin də sayı artır!

Dünya XX əsrdə Avropada meydana çıxan faşizmi görmədi: milyonlarla yəhudi soyqırımına məruz qaldı!
İndi Berlinin mərkəzində Holokost qurbanlarının xatirəsinə həsr olunan soyqırımı abidəsi dayanır!
XXI əsrdə “köhnə” terrorizmin yeni təzahürlərinə laqeydliklə yanaşıldı: əvvəlcə “əl-Qaidə”, indi isə İŞİD dünyanı terrorizm meydanına çevirərək günahsız insanların qanını durmadan axıdırlar!
Nyu Yorkdakı əkiz binalar, ərəb və Avropa dövlətlərində törədilən terror aktları ara vermir...
Şəhərlər xarabalıqlara çevrilir, dinc əhali ev-eşiyindən qaçqın düşərək dənizlərdə boğula-boğula Avropaya üz tutur...
Nədənsə dünya erməni terrorizmi və onların törətdikləri Xocalı soyqırımı barədə də qətiyyətli mövqe nümayiş etdirmir!
Doğrudur, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər nəticəsində dünyanın 10-dan artıq ölkəsi və ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb! Amma Xocalı soyqırımını törədərək bugünkü Ermənistana rəhbərlik edən cinayətkarlar hələ də beynəlxalq tribunal qarşısına çıxarılmayıblar!
Biz israrla Xocalıya ədalət istəyirik!
Biz israrla əli dinc əhalinin qanına bulaşmış cəlladların cəzalandırılmasını istəyirik!
Biz erməni terroruna və işğalına dərhal son qoyulmasını istəyirik!

Əgər bunu vaxtında etməsəniz, yeni soyqırımları törədilməsinə rəvac vermiş olacaqsınız!
Əgər bunu vaxtında etməsəniz, yeni soyqırımı abidələri ucaltmalı olacaqsınız!
Əgər bunu vaxtında etməsəniz, yeni terrorçu qrupların və terrorçu dövlətlərin yaranmasına şərait yaratmış olacaqsınız!
Əgər bunu vaxtında etməsəniz, İŞİD terrorundan qaçan yeni miqrantlar ordusu sizin ölkənizə axışaraq yerinizi dar, gününüzü qara edəcək!
Və günlərin birində sizin yetişdirdiyiniz və qoltuğunuzun altında yaşatdığınız terrorçular nüvə silahını ələ keçirərək dünyanın varlığına son qoyacaqlar!
O ZAMAN HAMI:
* dünyanın ən firavan dövlətləri və onların bəxtəvər sakinləri də;
* planetin hər yerində yaşayan evsiz-eşiksiz, ac-yalavac binəvalar da;
* bütün siyasi oyunlardan kənarda qalan dövlətlər də;
* qeyri-insani şəraitdə və ümidsiz yaşamaqdan bezmiş qaçqın və miqrantlar da;
* milyonçuların və milyarderlərin topladıqları növbənöv sərvətlər də;
* indiyədək bəşəriyyətin nail olduğu bütün maddi və mənəvi nemətlər də
MƏHV OLUB GEDƏCƏKDİR!
Nə qədər ki gec deyil:
* Qulağınızı açın, eşidin!
* Gözünüzü silin, baxın!
* İkili standartları kənara qoyun, ədalətli və mərhəmətli olun!
* Özünüzə və dünya təşkilatlarının qəbul etdikləri qərar və qətnamələrə, beynəlxalq hüquqa və konvensiyalara hörmətlə yanaşın!
* Dünyanı özünüzünkünə və özgələrinkinə bölməyin!
* Dünya dağılanda heç kim salamat qalmayacaq!
* Dünyanın ədalətsizliyin və ikili standartların əlləri ilə məhv edilməsinə yol verməyin!
Hələ ki vaxt var!
Hələ ki fəlakəti cilovlamaq mümkündür!
Sonra gec olacaq!

Nə soyqırımlarından, nə terror əməllərindən ölənləri, nə də müharibədə qırılanları diriltmək mümkün olur!
Amma yeni faciələrin və qurbanların qarşısını almaq olar!
Ayıl, faciələrə və soyqırımlarına, insan fəlakətlərinə və qırğınlarına biganə Dünya!
Eşit bizi, kar Dünya!
Yoxsa sən özün də məhv ola bilərsən!



Bəxtiyar SADIQOV


Azərbaycan qəzeti 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !