OLDUĞU KİMİ GÖRÜNƏN İNSAN - + FOTO

OLDUĞU KİMİ GÖRÜNƏN İNSAN + FOTO

Böyük türk şairi və düşüncə adamı Mövlanə Cəlaləddin Ruminin ayrı-ayrı dillərə çevrilmiş «Məsnəviyi Şərifi» əsəri yeddi yüz ildən artıqdır ki, aktuallığını bu günədək qoruyub saxlamış və bəşər tarixinin ölməz əsərləri sırasında yer tutmuşdur. Ortaq türk mədəniyyətinin parlaq və əvəzolunmaz şəxsiyyəti olan Ruminin gözəl deyilmiş düşündürücü bir kəlamı var. O deyir: «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol». Bu sözlər böyük anlam daşıyır. Dərindən düşündükdə bəlli olur ki, dünya, elə belə insanların üzərində qurulub, belə insanlara güvənir, duruş gətirir, yaşayır. Deyirlər ki, belə insanlar azdır. Olduqca az. Ola bilsin. Nə mən saymışam, nə də başqa birisi. Çünki, bu gerçəkdən də zor bir iş. Doğrusu, olamaz bir çalışma. Görünür, qızılın başlıca dəyərlərindən biri də onun azlığı və çətin tapılmasındadır. Odur ki, gerçək dəyərinin yüksək olması da elə bununla bağlıdır. Gerçək yaşamda olduğu kimi.


Ancaq az da olsa, belə insanlar yaxşı ki, var. Onlara mən də rast gəlmişəm. Yaşam və yaradıcılığımın ayrı-ayrı dönəmlərində. Belə insanlar mənə güc verib, özümə inam duyğusu aşılayıb, gerçəklikləri üzə çıxarmaqda yardım ediblər, əllərindən gələni əsirgəməyiblər. Doğru-düzgün yolda olduğumu dönə-dönə bildiriblər. Gördüyüm işləri, yaradıcılıq uğurlarımı dəyərləndirməyi də unutmayıblar. Yoluma su səpməkdən də çəkinməyiblər. «Toz-tozanaq» olmasın deyə. Ayrı-ayrılıqda onların hər biri ilə bağlı söz açmaq, gördüklərimi, bildiklərimi söyləmək istəyində bulunuram. O insanların hər biri gerçək dəyərindən də artıq dəyərlidir mənə. Çağı yetişdikcə, yaddaşımın dərin qatlarına baş vuracaq, gördüklərimi, bildiklərimi, eləcə də eşitdiklərimi tələsmədən, ardıcıllıqla sayğılı oxuculara çatdırmağa çalışacağam. Bilənlər bilsə də, qoy bilməyənlər də bilsin. İndi söz açacağımız insanı isə çoxları tanıyır. Tanımayanlar isə, bu fani dünyada çox şey itiriblər. Çünki, ulu Tanrının yaratdığı belə insanları, düşünürəm ki, hər kəs tanımalıdır. Odur ki, bir daha tanış olaq:


Elmira Muradəliyeva. Tarix elmləri doktoru, professor, tanınmış siyasi-ictimai xadim, maraqlı və dəyərli monoqrafiyaların yazarı, bir sıra sənədli-publisistik televiziya filmlərinin bilim konsultantı. Tələbələrin sevimlisi, gənc bilim insanlarının yetişməsində və sonrakı gəlişməsində əlindən gələni əsirgəməyən böyük pedaqoq. Ən başlıcası isə, «ya olduğun kimi görün, ya da göründüyün kimi ol» fəlsəfəsinin klassik örnəyi.


Cəlaləddin Rumi Mövlanənin yüz illər öncə söylədiyi bu düşüncənin günümüzdə də yaşarılı olmasının başlıca nədənlərindən biri, bəlkə də birincisi, düşünürəm ki, çağdaş dünyada Elmira Muradəliyeva kimi hər baxımdan bütöv insanların var olmasıdır. Özəlliklə Elmira xanıma gəldikdə isə, bu düşüncə, məndə illər boyu etdiyimiz əməkdaşlıq prosesində formalaşdı və sonucda bütünlüklə özünü doğrultdu. Əməkdaşlığın çevrəsi isə olduqca geniş idi.


Əməkdaşlığımızın, dostluğumuzun özülü 1996-cı ildə qoyuldu. Bir az da aydın və konkret desək, «Odlu məmləkət»də. Elmira xanımla bağlı gərəyincə bilgilərim olsa da, ilk vizual tanışlıq elə o ildə Bilim Akademiyasının tarix institutunda baş tutdu. O çağda heç düşünməzdim ki, bu qısa tanışlıq sonrakı dönəmdə başlanan, gündən-günə genişlənən əməkdaşlığın, böyük dostluğun, qardaşlığın özülünü qoymuş olacaq. Dost, qardaşlıq dedim, yenə də yadıma Cəlaləddin Ruminin sözləri düşdü. O deyir: «Ey mərd insanlar! Ağlınızı başınıza toplayın, özünüzə yaxşı dostlar, uyğun yoldaşlar tapın». Çünki, «könül hər dostdan bir qida alır».


«Odlu məmləkət» filmindən çox deyilib, çox da yazılıb. O sıradan onun bir neçə il sonra işıq üzü görmüş monoqrafiya variantından da. Odur ki, onlarla bağlı nəsə demək, danışmaq, yazmaq istəyində bulunmuram. Yalnızca onu bildirmək istəyirəm ki, neftinin minilliklərə söykənən tarixini araşdırıb vizual olaraq ortaya qoymalı olan gələcək filmlə bağlı danışmalara aktiv qatılan, dəyərli düşüncələrilə məni ruhlandıran, bu sorumlu işin olduqca gərəkli olduğunu dönə-dönə təkrarlayan Elmira Muradəliyevanın özünün də, sözün gerçək anlamında alovlandığını öz gözümlə görə bildim. Elmira Muradəliyeva intellektinin potensialı göz qabağında idi. Bakı neftinin tarixini yetərincə bilən Elmira xanımın «Nobel qardaşları» şirkətinin Azərbaycandakı böyük çalışmaları ilə bağlı apardığı araşdırmaları, əldə etdiyi bilgiləri, gəldiyi sonucları, tezliklə «Odlu məmləkət» filmində tamaşaçılarla bölüşdü. İstər kommentator, istərsə bilim konsultantı kimi.


1996-cı ilin yay aylarından start götürən bu yaradıcılıq prosesi, ta 1998-ci il iyun ayının 22-nə kimi sürdü. O gün axşam çağlarında Azərbaycanda ilk kərə olaraq yaradılmış 12 seriyalı «Odlu məmləkət» filminin birinci seriyasının Azərbaycan televiziyasında premyerası keçirildi. Ancaq, o çağadək başqa bir önəmli olay baş verdi. Onu önəmli olduğu kimi, eləcə də tarixi olay kimi də dəyərləndirənlər tapıldı. Onlardan biri Elmira xanım idi…


1996-cı il dekabr ayının ilk günləri idi. Norveç krallığının başkəndi Oslo və İsveç krallığının başkəndi Stokholm «Nobel qardaşları» şirkətinin qurucularından biri, Alfred Nobelin adını daşıyan Uluslararası ödüllərin verilməsi törəninə hazırlaşırdı. O ilki törənlər Alfred Nobelin ölümünün 100 illiyi ilə eyni çağa düşürdü. Törənə, bu sözlərin yazarı da başçılıq etdiyi çəkiliş qrupuyla qatılmaq istəyində bulunurdu. Arzumuz və istəyimiz «Odlu məmləkət» üçün çəkilişlər aparmaq, eləcə də Uluslararası Nobel Barış ödülünün verilməsi törəniylə bağlı ayrıca televiziya filmi çəkmək idi. Odur ki, Norveç Kralığının Bakıdakı baş konsuluğuna, eləcə də Norveçin «Statoil» neft şirkətinə çağırış etdik.
Bir neçə ay sürən danışıqlardan, inandırmalardan, ortaya qoyulan tutarlı arqumentlərdən, inkaredilməz faktlardan sonra Norveç Krallığının yetkili qurumları çağırışımıza olumlu yanaşma sərgilədilər. Bu azman törənə qatılmağımıza yaşıl işıq yandırdılar. Yola düşmək çağı çatdıqdan az öncə, gərək ola biləcək bir sıra konkret bilgilər almaqdan ötrü, yubanmadan Elmira Muradəliyeva ilə bağlantı yaratdım. Bir neçə konkret sorunu ona çatdırdım. Onlara aydınlıq gətirməsini istədim. Oslodakı törənə akkreditasiya olunduğumu eşidəndə çox sevindi. Uğurlar dilədi. Mənə gərək olan bilgiləri toplamaq üçün bir azca gözləməyimi istədi. Mən də gözlədim. Çox az. Gözlədiyimdən də tez telefonun zəngi çalındı. Elmira xanım idi. Operativliklə tapdığı dəyərli və gərəkli bilgiləri mənə çatdırmağa tələsdi. Bilirdi ki, yol üstündəyəm…


Bir neçə gündən sonra Osloya çatdım. İlk olaraq, Norveç Alfred Nobel institutunun direktoru Heyr Lundestadla görüşdüm. Elmira xanımdan aldığım bilgilərlə onu yaxından tanış etdim. Sözsüz, intervü aldığım çağda. Sorularımı dəyərləndirməkdə çətinlik çəkdiyi açıq-aydın duyulurdu. Odur ki, onlara ötəri yanaşma sərgilədi. Dolayısıyla başqa nəsnələrdən danışmağa üstünlük verdi. Onu anlamaq olardı. Çünki, «olanlara-keçənlərə» görə o suç yiyəsi deyildi. Özü də, Elmira Muradəliyevanın bildiyini o haradan bilə bilərdi?


Ancaq bu hələ başlanğıcdı. Başlıca olay ertəsi gün, Nobel ödülünün verilməsi törəninin başlanmasından yarım saat öncə yaşandı. Keçici gərginliyin yaranması da, elə bu olayla bağlı idi. Belə ki, gərəyincə çəkiliş aparmaqdan ötrü əlverişli yer ayrılmasını istədikdə, törənin güvənliyini qoruyan, onun problemsiz keçirilməsinə çalışan yetkili şəxslər bunun olamaz olduğunu bildirdilər. Ardınca bizə yer də göstərdilər. Onlarla kino və video kameraların quraşdırıldığı, yüzlərlə jurnalistin sıx-sıx toplaşdığı bir yerdə. Bir az da aydın desək, törən keçirilən salonun uzunsov balkonunda. Sağa-sola boylandıq. Hər yerdə Norveç televiziyasının kameraları göz oxşayırdı. İstər-istəməz, yaxşı anlamda qısqanclıq duyğusu baş qaldırdı. Nədənini sorduqda, «bu, bizim törəndir axı. Sizə gərəkdirsə, hər dəqiqəsinə pul ödəməklə istənilən görüntünü əldə edə bilərsiniz» – dedilər. Elə bu anda, Elmira xanımın verdiyi yarağı – yəni faktları inkaredilməz arqument kimi işə saldım. Dedim: «bu törən sizinki olduğu kimi, eləcə də, bizimkidi. Yoxsa, Bakıdan boş-boşuna bura gəlməzdik ki? Odur ki, Azərbaycan televiziyasının çəkiliş qrupuna əlverişli, özü də ayrıca yer ayrılmasını istəyirik». Beləliklə, ortaya qoyduğumuz arqument, açıqladığımız faktlar, gözlədiyimizdən də artıq kəsərli oldu. Bilməyənlər də bildi ki, Alfred Nobelin adını daşıyan Ödüllər fondunda Bakı neftinin də payı varmış.
Beləliklə, bu gözlənilməz bilgi anlaşılmazlığa son qoydu. Gərginliyi aradan qaldırdı. Sıra mobil telefonlara çatdı. Yetkili qurumlara ard-arda zənglər edildi. Bizdən alınan bilgilər kimlərəsə ötürüldü. O sıradan istədiklərimiz də. Olumlu sonuc olmasa, Bakıya əliboş qayıtmaqda israrlı olduğumuzu da yüksək instansiyalara çatdırmağı unutmadılar. 10-15 dəqiqə sürən telefon dialoqu axır ki, bitdi. Qırmızı pencəkli, sinəsində anlamadığım nişan olan ortayaşlı, zərif görünüşlü qadın üzünü mənə çevirib bircə kəlmə söz dedi: «Okey!» Sonra çalışacağımız yeri göstərdi və uğur dilədi. Sevincim yerə-göyə sığmırdı. İrəli baxdıqda törənin keçiriləcəyi salonu gördüm. Sanki ovcumun içində idi. Kiçik də olsa, bunu ilk uğurlu addım da saymaq olardı. Sonra sola boylandım. Bir-birinin dibində sıxlaşaraq yer tutmuş dürlü ölkələrin tanınmış televiziya qurumlarının kameralarını, eləcə də ora-bura vurnuxan çoxsaylı reportyorları görə bildim. Öz-özümə dedim: «Elmira xanımın iki daşın arasında mənə çatdırdığı bilgilər olmasaydı, biz nə edə bilərdik? Sözsüz, nə etmək istəyirdiksə, onu edə bilməzdik».
İstədiklərimiz, «Norveç eskizləri» kinodilogiyasında gerçəkləşdi. Dilogiya 1997-ci il yanvar ayının başlanğıcında Azərbaycan televiziyasında göstərildi. Elə o günlərdə, Norveç parlamentinin bir qrup millət vəkili Bakıya gəldi. Onların gəlişiylə bağlı keçirilən törəndə, «Norveç eskizləri»nin bir nüsxəsi onlara bağışlandı. Parlamentarilər razılıqlarını bildirdilər. Ancaq, başlıca törən sonra keçirildi. «Statoil» neft qurumunun, Norveç krallığının Bakıdakı baş konsulluğunun Bakı kino evində gerçəkləşdirdikləri törəndə. Yabançı neft qurumlarının, dürlü ölkələrin böyükelçiliklərinin yetkili şəxslərinin, kinematoqrafçıların, jurnalistlərin və başqa sənət adamlarının qatıldıqları törəndə, ingilis dilində göstərilmiş «Norveç eskizləri»nin böyük uğurunu görməmək olmazdı. Bu istər məni, istərsə filmin ərsəyə gəlməsində mənə yardımçı olanları sevindirməyə bilməzdi. Ancaq düşünürəm ki, Norveçə yola düşməzdən az öncə, məni təkzibedilməz faktlar, dəyərli bilgilərlə yaraqlandıran, zənginləşdirən Elmira Muradəliyeva heç də az sevinmirdi. Bəlkə də məndən də çox o sevinirdi. Nəyə görə? Ona görə ki, düşündüyümüz iş bütünlüklə gerçəkləşmiş, verdiyi faktlar, bilgilər ekrandan səslənmiş, bununla da Bakı neftinin zəngin tarixinin ən önəmli və düşündürücü dönəmlərindən, maraqlı epizodlarından biri, bilməyənlərə də çatdırılmışdı. İstər özümüzünkülərə, istərsə də yabançılara. Başqa bir yandan yanaşdıqda, Elmira xanımın Nobel qardaşlarının Bakı qolunun yurdumuzdakı çalışmalarını illər boyu ardıcıllıqla araşdırdığını gərəyincə bilirdim. Odur ki, Nobellər fenomeninin bilicisi olaraq, bildiklərinin bir qisminin, azacıq olsa da kino diliylə deyilməsi və göstərilməsi, eləcə də kral ailəsinin də qatıldığı Uluslararası Nobel Barış ödülünün verilməsi törənində yaşananlar, ordakı atmosferin yaratdığı, insanları duyğulandıran anlar, sözsüz, onu da duyğulandırır, düşündürürdü.


«Odlu məmləkət» filminin uğuru, tezliklə yeni bir əməkdaşlığa yol açdı. Bunun nədəni, yenə də «Odlu məmləkət»lə bağlı idi. Böyük bir yaradıcı kollektivin bir neçə il sürən gərgin əməyiylə ərsəyə gətirilən filmin vur-tut 2 kərə göstərildikdən sonra yasaq edilmiş filmlər sırasına salınması, bununla da toplumdan gizlədilməsi, öncə heç mənim də gözləmədiyim bir çağda yeni bir situasiyanın yaranmasına nədən oldu. Sonucda, «Odlu məmləkət» yeni bir libasda «yeriməyə» başladı. Filmin yasaqlanmasından üzgün olan dürlü peşə yiyələri, tanış-bilişlər və eləcə də, kitab sevərlər, «Odlu məmləkət» üçün edilmiş bilim araşdırmalarından, eləcə də ədəbi ssenaridən yararlanaraq, onun kitab variantını hazırlamağımı istədilər. İstədiklərini dönə-dönə təkrarladılar da. Doğrusu, bu çağırışlara, öncə sıcaq yanaşmadım. Nədəni mənə aydın olmasa da. Çünki, yeni filmlər üzərində işləmək arzusunda idim. Ancaq mənə edilən çağırışlar da səngimək bilmirdi. Tərsinə, getdikcə intensivləşirdi. Bunu Elmira xanıma da bildirdim. Nə düşündüyünü sorduqda, bunun gərəyincə dəyərli bir iş olacağını söylədi. İstər kitabsevərlər, istərsə gələcək tarix uzmanları üçün. Bu azmış kimi, onu da söylədi ki, işdi, gərək olarsa, kitabın bilim redaktorluğunu da öz üzərinə götürməyə hazırdır.
Elmira Muradəliyevanın xeyir-duası öz işini gördü. Monoqrafiyanın çapına tezliklə start verildi. Bakı neftinin zəngin tarixinə, onunla bağlı çoxsaylı olaylara işıq salan «Odlu məmləkət» monoqrafiyası, axır ki, 2002-ci ildə çap olundu. Eyni adlı filmin premyerasından düz dörd il sonra. Ancaq Elmira xanımın çalışqanlığı yalnız bununla bitmədi. Kitaba ön sözü də o yazdı. Orada belə sözlər də vardı: «…qeyd etmək istəyirəm ki, həqiqətən neftin hesabına Azərbaycanın uluslararası imicini xeyli yüksəltmək mümkündür. Bu baxımdan Nazim Rzanın «Odlu məmləkət» elmi-publisistik kitabı Bakı neftinin tarixinin öyrənilməsində uğurlu əsərdir. İnanıram ki, bu kitab mütəxəssislərin, geniş oxucu auditoriyasının diqqətindən kənarda qalmayacaqdır».


Belə də oldu. Monoqrafiya geniş yayıldı. İstər Azərbaycanda, istərsə yabançı ölkələrdə. Öncə Bakı Dövlət Universitetində tarix bilimləri doktoru, professor Elmira Muradəliyevanın hazırladığı, əməkdar bilim xadimi, tarix bilimləri doktoru, professor Süleyman Əliyarlının redaktoru olduğu magistr hazırlığı üçün «Azərbaycan tarixində neft amili» (XIX yüzilliyin sonu – XX yüzillik) fənnindən Proqram 2004-cü ildə işıq üzü gördü. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyi, Elmi Metodik Şuranın «Tarix» bölməsinin 16 fevral 2004-cü il tarixli 2 saylı protokolu ilə təsdiq edilmişdi. Proqramın 2 bölümündə «Odlu məmləkət» monoqrafiyasına da yer ayrılmışdı.


Beləliklə, Elmira Muradəliyevanın əli yüngül oldu, «Odlu məmləkət»in isə yolu açıq. 2006-cı ilin iyulunda Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı böyükelçiliyindən bir telefon zəngi gəldi. Böyükelçiliyin əməkdaşı Fethi Gedikli məni arayıb, İstanbulun Mərmərə Universitəsindən tarix üzrə bir bilim adamının «Odlu məmləkət»lə maraqlandığını söylədi. Onu əldə etmək istədiyini bildirdi. Mən yubanmadan kitabı böyükelçiliyə, Fethi bəyə çatdırdım. Üstəlik, Elmira xanımın bilim redaktorluğuyla yenicə çapdan çıxmış «Neft və Cahan savaşı» kitabını da. Sayın Fethi bəy də yubanmadan hər iki kitabı Mərmərə Universitəsində çalışan bilim adamına çatdırdı. Bir il ötdü. 2007-ci ilin yay aylarından birində Türkiyə böyükelçiliyindən telefon zəngi gəldi. Məni arayan yenə də böyükelçiliyin əməkdaşı Fethi bəy idi. O mənim böyükeliçiliyə gəlməyimi istədi. Mən də getdim. Fethi bəy, adıma İstanbuldan banderol gəldiyini bildirdi. Onu açdıqda bəlli oldu ki, bir kitabdır. «Petrolün sihirli dünyası Bakü» adlanır. Yazarı Yrd. Doç. Dr. Nesrin Sarıahmetoğlu Karagürdür. Orada bu sözlər yazılmışdı: «Sayın Nazim bey. Bakü petrollerini dünyaya anlatan çalışmalarınızın devam etmesini diliyor, en derin sayğılarımı sunuyorum». Sözsüz, bu sayğılarda Elmira xanımın da payı yetərincədir.
Çox keçmədən «Odlu məmləkət»in səsi-sorağı Almaniyadan gəldi. Ölkənin Halle şəhərindəki Martin Lüter Universitetindən. Belə ki, «Odlu məmləkət» universitetin fundamental kitabxanasında yer aldı. Adı, Online – Katolog-a salındı.


Vizual görüşlərimiz az-az olsa da, telefon bağlantılarımız gərəyincədir. Əməkdaşlığımızın və dostluğumuzun yenicə qol-qanad açdığı bir çağda, telefon zəng çalındı. Elmira xanımın artıq yaxşı tanıdığım səsini eşitdim. O, Bakı Xəzər Universitəsində Bilim Konfransının keçiriləcəyini bildirdi. Konfransın adını da dedi: «Qafqazda sovet totalitarizmi. 20-30-cu illər». O, konfransa özü ilə birlikdə mənim də qatılmağımı və çıxış etməyimi istədi. Öncə razı olmadım. Birincisi, nədən danışacağımı bilmirdim. İkincisi, belə bir nüfuzlu auditoriya qarşısında tribunaya çıxıb, professional tarixçi olmadan çıxış etməyi gerçəkdən də zor bir iş sayırdım. Çünki, burada etika sorununun da olduğunu düşünürdüm. Ancaq Elmira xanım başqa cür düşünürdü. Sonucda özünün inandığına məni də inandırmağı bacardı. Birlikdə ərsəyə gətirdiyimiz çıxış konfransın proqramına salındı: «Genuya konfransında Azər¬baycan neftinin aqibəti». 1998-ci ilin noyabr ayında baş tutmuş Bilim Konfran¬sındakı çıxışdan sonra, «Odlu məmləkət» filminin mövzuyla bağlı bölümü də gös¬tərildi. Bu, eləcə də yaradıcılıq əməkdaşlığımızın yeni səhifəsinin yazılması demək idi.


E.Muradəliyeva ilə yaradıcılıq bağlantıları bununla bitmədi. 2005-ci ildə yazarı olduğum «Neft və Cahan savaşı» monoqrafiyasının da bilim redaktoru Elmira xanım oldu. Üstəlik, dəyərli “Ön söz” də yazdı. Uğurlu bilim-publisistik əməkdaşlığı sonrakı illərdə də səngimədi. 2006-cı ildə, yazarı olduğum «Mirzə Məhəmməd Axundzadə» monoqrafiyası çapdan çıxdı. Elmira xanım burada da söz deməyi unutmadı. Öncə, monoqrafiyaya rəy verdi, bilim yanaşması sərgilədi. Ön səhifədə «Azərbaycan siyasi hərəkatının öncüllərindən olan Mirzə Məhəmməd Axundzadə» yazısı ilə çıxış etdi. Dəyərli sözlər yazdı, o çağdakı olaylara özəl yanaşma sərgilədi.


Dünya neft tarixi ilə bağlı başqa bir araşdırma ideyası gündəmə gələndə, professor E.Muradəliyeva yenidən yardım əlini uzatdı. 2009-cu ildə işıq üzü görən «Neft. Qlobal münaqişələr mənbəyi» monoqrafiyasının da bilim redaktorluğunu öz üzərinə götürdü.


Bilim-publisistik əməkdaşlığı indi də sürür. Hazırda çapa hazırlanan, yazarı olduğum «Qara üçbucaq və kentavrlar dünyası» monoqrafiyasının da bilim redaktoru professor E.Muradəliyeva olacaq. Ancaq düşünürəm ki, bu, hələ başlanğıcdır. Çünki, irəlidə başqa proyektlərin də olacağı düşünülür. Ümidvaram ki, onların da gerçəkləşməsində, qabaqlarda olduğu kimi professor E.Muradəliyeva yenidən öz sözünü deyəcək.


Elmira Muradəliyeva bilim konsultantı olaraq, bilim-publisistik televiziya filmlərinin ərsəyə gəlməsində də eyni uğurla çalışdı. Odur ki, bu çalışmaları ayrıca olaraq dəyərləndirmək gərəkir. «Odlu məmləkət»dən başlanan əməkdaşlıq sonrakı illərdə də sürdürüldü. Öncə, 2007-ci ildə «Mücadilə» kino-dilogiyası yaradıldı. Ardınca, 2008-ci ildə «Ermənilər: Riyakarlığın anatomiyası» kino-dilogiyası Azərbaycan televiziyasında yayımlandı. Sonra isə, «1915-ci il. Erməni saxtakarlığının başlanğıcı» və «Timsahın göz yaşları» (hər ikisi 2010-cu ildə ekranlarda göstərilib) filmləri ərsəyə gətirildi. Elmira xanımın özünə xas olan operativliyi, sorumluluğu, filmdə göstərilən və səsləndirilən hər bir tarixi faktı dönə-dönə araşdırıb dürlü qaynaqlardan yararlanması, istər ədəbi ssenarinin, istərsə kadr arxasından aparıcının səsləndirdiyi düşüncələrin, ortaya qoyduğu faktların, arqumentlərin doğru-düzgünlüyünə, gerçəkliyə uyğun olmasına böyük inam yaradırdı. «Mücadilə»ni çıxmaqla, qalan filmlər qanlı 20 yanvar, Xocalı soyqırımı, 1918-ci il 31 mart Bakı qırğını və başqa bu kimi qanlı olayların olduğu günlərdə hər il Azərbaycan televiziyasının ekranlarında dönə-dönə yayımlanır, geniş tamaşaçı auditoriyasına hələ 1826-1928-ci illərdə Rusiya imperatoru I Nikolayın göstərişilə İrandan və Türkiyədən Quzey Azərbaycanın Qarabağ, İrəvan, Naxçıvan xanlıqları, eləcə də, Ordubad torpaqlarına kütləvi şəkildə köçürülmələri ilə bağlı geniş və dərin bilgilər verirdi. O sıradan, 1918-ci ildən başlayaraq, erməni-quldur çetelərinin Azərbaycanda, Türkiyədə törətdikləri ağlasığmaz qırğınlar, tökdükləri qanlar, dağıtdıqları, altını üstünə çevirdikləri kəndlər, qəsəbələr, şəhərlərlə bağlı bilgilər də az deyildi. Erməni millətçi-şovinist örgütlərinin, özəlliklə Daşnaksütyun-Hnçak terror tandeminin azğınlıqlarını, insan ağlını oynadan vəhşiliklərini topluma gərəyincə çatdırmalı olan bu filmlərin uğur qazanmasında professor E.Muradəliyevanın çalışqanlığı, əməyi danılmazdır. «Mücadilə»yə gəldikdə isə, milli özgürlük və bağımsızlıq uğrunda aparılan çarpışmanı, Azərbaycan Cümhuriyyətinin yaranması və çökməsini konkret faktlar və bilim araşdırmaları ilə təsvir edən film, bir neçə kərə göstərildikdən sonra nədənsə yasaqlanmışlar arasına salındı.


Böyük bilim insanı, professor Süleyman Əliyarlının tanınmış tarix məktəbinin yetənəkli yetirməsi professor Elmira Muradəliyevanın pedaqoji uğurları çoxlarına bəllidir. Bununla bağlı gərəyincə danışmaq, söz açmaq olar. Sayı bilinməyən tələbələr, aspirantlar, dissertantlar, simpoziumlar, bilim konfransları və başqa bu kimi törənlər. İntensiv pedaqoji və bilim çalışmaları, onu maarifçiliyə, eləcə də yurddaş cəmiyyətinin formalaşması prosesinə aktiv qoşulması ilə sonuclandı. 2000-ci ildə birlikdə «TV-Sinema XXI əsr» ictimai birliyini yaratdıq. Birliyi yenicə formalaşmış Milli qeyri-hökumət təşkilatları forumuna da aldılar. «TV-Sinema»nın hansı nədəndənsə dövlət qeydiyyatına alınmamasına baxmayaraq, Birlik bir çox maarifçilik çalışmalarında bulundu. Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində bir sıra yaddaqalan, böyük sayqıyla qarşılanan maraqlı törənlər də keçirə bildik. Ancaq, yazıqlar olsun ki, başladığımız çalışmaları sonralar sürdürə bilmədik. Sözsüz, bizdən asılı olmayan nədənlər üzündən. Odur ki, ümidimizi istər-istəməz gələcəyə bağladıq. Düşünürük ki, biz etməsək də, ola bilsin başqaları bu işi sürdürə biləcək.


Yüksək intellekt və mədəniyyət yiyəsi olan Elmira Muradəliyeva zəngin yaşam və yaradıcılıq yolu keçib. Öz gərgin əməyi və intensiv çalışmalarıyla tarix biliminin yüksək zirvəsinə qalxa bilib. Bununla yanaşı gündəlik yaşamda yurdsevərliyi və insansevərliyi ilə seçilib, tanınıb, sevilib. Yaşamının heç bir dönəmində, Cəlaləddin Rumi demişkən, «mənlik və bizlik sevdasına düşməyib». Sadə olub, xeyirxah olub, ona çağırış edənlərdən kömək əlini əsirgəməyib. Aktiv olaraq, ictimai-politik proseslərə qatılıb. Ədalətli-vicdanlı olmaq, onun yaşam kredosu olub. İllər ötməsinə baxmayaraq, o indi də belədir. Dəmir məntiqə söykənən sağlam prinsipiallığı ilə seçilib.


Qarşımda iki kitab var. Elmira xanımın son illərdə yazdığı kitablar: «Кровь земная ¬– нефть Азербайджана и история» («Azərbaycan torpağından axan qan – neft seli və tarixi») və «Города Кавказа на Великом Шелковом пути» («Böyük ipək yolu üstündə olan Qafqaz şəhərləri»). Kitabları oxuduqda açıq-aydın görmək olur ki, onlar elə Elmira xanımın özüdür. Onun qəlbindən süzülən sözlərdir orda yazılanlar. Araşdırılan sorunlar ayrı-ayrı olsa da. Bu əsərləri kiçik bir yazıda incələmək düşüncəsindən xeyli uzağam. Çünki onlarla bağlı daha böyük, daha dəyərli yazı yazmaq gərəkir.
Bu anda istər-istəməz Amerika filosofu Ralf Emersonun dəyərli olduğu kimi də, düşündürücü olan sözləri yada düşür. O deyir: «İnsanlar yalnız görmək istədiklərini görürlər». Düşünürəm ki, bu gerçəkdən də belədir. Professor Elmira Muradəliyeva da belədir. Ancaq bir çoxlarının tərsinə olaraq, o insanlarda istənilən anda, istənilən çağda yalnız yaxşı, olumlu keyfiyyətləri üzə çıxarmağa və görməyə çalışır. Və görür də. Biz də onu, elə də görürük.

 

Nazim Rza İsrafiloğlu,
yazıçı-publisist, kino və televiziya rejissoru,
kinodramaturq, Uluslararası və Ümumittifaq
kino festivalları laureatı və diplomantı