Lənkəranda Novruz bayramı qeyd edilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda Novruz bayramı qeyd edilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Novruz bayramı münasibətilə Lənkəranın hər yerində, eləcə də ayrı-ayrı kənd və qəsəbələrdə, mədəniyyət ocaqlarında, təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq martın 18-də şəhərin dəmiryolu vağzalının qarşısındakı meydanda Novruz şənliyi təşkil edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun, şəhər icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, ağsaqqalların, ziyalıların, rayon ictimaiyyəti nümayəndələrinin, hərbçilərin iştirakı ilə keçən tədbir xalq sənətkarlığı nümunələrinə, yeniyetmə rəssamların əl işlərinə tanışlıqla başlayıb.
Əvvəlcə Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik edib.
Daha sonra ŞİH-nin başçısı təbrik nitqi söyləyib. Təbrikdə qeyd edilib ki, Novruz bayramı Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynayıb. Novruzun rəsmi bayram statusu alması və ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması isə müstəqilliyimizin nailiyyətlərindəndir.
İcra başçısı bütün lənkəranlılara uğurlar arzulayaraq tezliklə Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda alovlanmasını diləyib. Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını uğurla yerinə yetirdiyini vurğulayan T.Qaraşov dövlətimiz tərəfindən ağır təbii şəraitdə gecə-gündüz torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərimizə həmişə diqqət göstərildiyini, onların xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Bayram tədbirinə rayonun bədii özfəaliyyət kollektivlərinin bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri, Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında Bahar qızı, Kosa və Keçəlin çıxışları xüsusi ab-hava qatıb.


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !