Asif Rüstəmli : - MACAR ALİMİ MARİYA KENEŞİYƏ "XURŞİDBANU NATƏVAN" MÜKAFATI VERİLDİ + FOTO

Asif Rüstəmli : MACAR ALİMİ MARİYA KENEŞİYƏ "XURŞİDBANU NATƏVAN" MÜKAFATI VERİLDİ + FOTO

"Azərbaycanda Macarıstan günləri" çərçivəsində 16 mart 2017-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə macar alimi Mariya Keneşiyə Yeni Yurd İctimai Birliyinin "Xurşidbanu Natəvan" mükafatı təqdim edildi. Birliyin sədri Mahirə Əsəd və mükafat komissiyasının sədri A.Rüstəmli Mariya Keneşinin Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini vurğulayaraq qeyd etdilər ki, o ilk dəfə 1965-ci ilin avqust ayında Azərbaycana, Bakı şəhərinə gəlmiş, Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin məzunudur. Burada ona məşhur dilçi-alimlərdən fakültənin dekanı Əlövsət Abdullayev, professorlardan Fərhad Zeynalov, Ağamusa Axundov, Musa Adilov, Yusif Seyidov, görkəmli ədəbiyyatşünaslardan Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Əkrəm Cəfər, Firudin Hüseynov, Cəlal Abdullayev və b. dərs deyirdi.


Bakı şəhərini Mariya Keneşi üçün unudulmaz edən xoşbəxt hadisələrdən biri də odur ki, macar xanım burada Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – A.R.) neft mühəndisi ixtisası üzrə təhsil alan bolqarıstanlı tələbə Luka Zumpalov ilə tanış olur və 1967-ci ildə onlar xoşbəxt bir ailə qururlar. Qarşılıqlı sevgi əsasında qurulan bu izdivacdan Mariya və Lukanın 1969-cu ildə Elica adlı qızı dünyaya gəlir. Universitetin son kursunda oxuyan Mariya körpə uşağının olmasına baxmayaraq imtahanlara ciddi hazırlaşır. Professor Bəxtiyar Vahabzadənin rəhbərliyi və tərtibində “Azərbaycan poeziya antologiyası” mövzusunda diplom işi hazırlayır. Azərbaycan şairlərinin seçilmiş şeirlərini macar dilinə sətri tərcümə edir (Təəssüf ki, həmin antologiya bugünədək macar dilində nəşr olunmamışdır – A.R.).


Mariya Keneşi Azərbaycanda beş illik ali təhsildən sonra, bir vaxtlar gimnaziyasında təhsil aldığı Budapeştdəki ELTE Universitetinin Türkoloji kafedrasında fəalliyətə başlayır. Əvvəl Azərbaycan dilini və ədəbiyyatını, sonralar isə türk dilini də tədris edir, elmi-tədqiqat işləri ilə məşğul olur. Akademik, böyük türkoloq, Azərbaycana səmimi sevgiləri ilə tanınan Georg Hazainin rəhbərliyi ilə 1976-cı ildə “Fransco-Maria Maggonun türkçə grammeri (XVII-ci əsr)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alır.


Xanım Mariya Keneşi qırx ilə yaxındır ki, böyük həvəslə, tükənməz sevgi ilə Azərbaycan ədəbiyyatını macar dilinə çevirərək nəşr etdirir. Onun ilk tərcüməsi 1977-ci ildə Budapeştdə çıxan “Európa könyvkiadó” dərgisinin 359-cu sayında (s.349- 359) işıq üzü görən Yusif Səmədoğlunun “Beşik” hekayəsidir. Bu əsər birbaşa orijinaldan çevrildiyi üçün macar ədəbi-ictimai həyatında maraqla, rəğbətlə qarşılandıa. İlk tərcüməsinin uğurundan fərəhlənən xanım M.Keneşi Azərbaycan ədəbiyyatının klassiklərindən Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” (Kijátszott csillagok. 1977), “Nəzm və nəsr haqqında” (Vers és próza. 1979), “Komediyalar və nəsr” (Komédiák és próza. Budapest, 2012, 332 s.) əsərlərini, Cəlil Məmmədquluzadənin “Seçilmiş novellaları” (Válogatott novellák, Akaprint, Budapest, 2011, s.132), Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr” (Válogatott művei, Azerbajdzsáni Köztársaság Magyarországi Nagykövetsége, Budapest, 2015, s.128), “Azərbaycanca – macarca danışıq kitabçası” (Azerbaj¬dzsáni - magyar társalgás. Európai Folklór intézet, Budapest, 2010, 172 s.), Anarın “Seçilmiş əsərləri”ni, (2015), Kamal Abdullanın “Gəlin Azərbaycan dilində danışaq” (Beszéljünk azerbajdzsániul. Egy ország és annak nyelve, Akaprint, Budapest, 2011, s.238) kitablarını, Səlim Babullaoğlunun “Yağışlı axşamların birində” (Egy esős éjszaka. 2010) hekayəsini macar dilinə çevirərək nəşr etdirmişdir. O böyük sənətkarımız Cəfər Cabbarlının “Hekayələri”ni tərcümə etməyi planlaşdırır.


Mariya Keneşi Azərbaycan sevdalı, türk ruhlu macar qızıdır. Ona elmi və tərcümə yaradıcılığında uğurlar, möhkəm cansağlığı arzulayırıq. Tədbirdə Macarıstanın birinci xanımı Aniko Levai və cənab səfir İmre Laslotski də iştirak edirdi. Bakı, 16.03.2017.


Şəkildə: Yeni Yurd İctimai Birliyinin sədri Mahirə Əsəd və A.Rüstəmli Mariya Keneşiyə "Xurşidbanu Natəvan" mükafatını təqdim edərkən.