Ağalar İDRİSOĞLU : - Qəribə insanın qəribə taleyi + FOTO

Ağalar İDRİSOĞLU : Qəribə insanın qəribə taleyi + FOTO

Artıq 29 ildir ki, mən fevral ayının 22 tarixini həyatımın ən uzuntülü günü kimi keçirirəm. Çünki 1988-ci ilin fevral ayının 22-də Ağdamda erməni gavurları iki nəfər igid övladımızı- Əli və Bəxtiyarı qətlə yetirdilər. Onlar həmin gün şəhidlik zirvəsinə ucaldılar. Həmin gün müdrik ağsaqqallarımız Sadıq Murtuzayev, Həsən Həsənov, Famil Mehdi və başqaları olmasaydı, silahlanmış rusların 366-cı moto-atıcı dviziyası ermənilərin üsütünə gedən əliyalın çoxlu cavanlarımızı da qətlə yetiriləcəkdi. Çünki əli silahlı ruslar və ermənilər Əsgərən yolunda dayanıb, bizim cavanların ora gəlməsini gözləyirdilər. Məhz yuxarıda adlarını çəkdiyim müdrik ağsaqqalların sayəsində həmin cavanların qarşısı çox çətinliklə də olsa alındı. Əgər onların qarşısı alınmasaydı həmin şəhidlərimizin sayı 100 nəfərdən də çox ola bilərdi. Çünki mən, həmin hadisənin iştirakçısı kimi bu sözləri qətiyyətlə deyirəm. Həmin gün qonşu rayonlardan da Ağdama çoxlu insanlar gəlmişdi. Ola bilər elə mən də həmin gün şəhid ola bilərdim... Mən və Ağdamın həmin vaxtı Hərbi komissarı olan şəxs, o vaxt Sadıq Murtuzayevin tapşırığı ilə rayon partiya komitəsinin və tetrın qarşısındakı meydanda adamları saxlamağa çalışır və oradakı tribunadan çıxış edərək insanlardan xahiş edirdik ki, “Əsgərana tərəf getməsinlər. Çünki orada əli silahlı əsgərlər dayanıb və heç kimə aman vermədən vuracaqlar”. Beyni qızmış cavanlar əlbəttə, bizim sözlərmizə qulaq asmaq istəmir və bizi də təhqir edirdilər. Hətta bizi daş-qalaq etməyə belə hazır idilər...


Həmin vaxtı SSRİ rəhbərliyi Mixail Qarboçov, arvadı Raisa və SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri başda olmaqla, yüksək rütbəli rəhbərlər də erməniləri müdafiyə edirdi. Azərbaycan təklənmişdi. Yaman təklənmişdi. Ona görə də həmin gün ölənlərin hamısının qanı batacaqdı. Necə ki, Əli ilə Bəxtiyarın da qanı batdı...


Həmin gün biz, Qarabağ savaşında ilk iki şəhid verdik. Əlbəttə, yuxarıda dediyim kimi onların qatilləri cəzalanmadı. Elə həmin gün də Qarabağ müharibəsinin başlandığı gün sayılır. Bax, ona görə də 29 ildir ki, mən həmin günü üzüntülü bir gün kimi keçirirəm və həmin hadisələr kino lenti kimi gözlərim qarşısında canlanır... Onu da fikirləşirəm ki, bu müharıbə ermənilərin xeyrinə çox uzanır... Axı, biz səfərbər olub, milli birliyimizi ortaya qoyub, bu müharibəni tezliklə öz millətimizin xeyrinə həll edə bilərik. Axı, bizim qüdrətli ordumuz və Vətən torpaqlarını azad etmək istəyən çoxlu igid övladlarımız var. Onsuz da biz, danışqla heç vaxt torpaqlarımızı geri qaytara bilməyəcəyik. Bəs biz, nəyi və kimi gözləyirik?..


Fevral ayının 22-də yenə də beynimdə onlarla belə sualları özüm-özümə verirdim. Və heç ağlıma da gətirə bilməzdim ki, 4 il Qarabağ döyüşlərində iştirak edən, dəhşətli döyüşlərdən keşən, gizir hərbi rütbəsini alan, çox maraqlı bir şairəmizi, publisistimizi, jurnalistimizi də itirəcəyik. Qarabağ müharibəsində güllələr ondan yan keçən xanım-xatun Dəstəgül Zamanlı, azğın, erməni xislətli bir sürücünün vəhşicəsinə maşını sürməsinin qurbanı olacaq və onun həyatı həmin gün sona yetəcək... İlahi, taleyə bax... Bu necə alın yazısıdır?..


Biz, Cənub bölgəsində boksun yaradıcısı, məşhur idmançı və məşqçi, SSRİ idman ustası, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi Əlizadə Əsədovla, Liman şəhərindəki Regional Boks Mərkəzinin zalında onu gözləyirdik. Çünki, həmin günün ikinci yarısında Dəstəgül Zamanlı Əlizadə müəllimə zəng vurub demişdi ki, Lənkərananın Şilavar kəndinə yasa gəlir. Əlizadə müəllim də onu Liman şəhərindəki Regional Boks Mərkəzində qarşılamalı, öz yetirmələri ilə onu tanış etməli və biz idmançılarla birlikdə şəkil çəkdirməli idik. Dəstəgül Zamanlı həmin idmançılarla bağlı yeni yazısı üçün qeydlər götürməli idi. Sonra isə yas yerinə getməliydik. Dəstəgül Zamanlı ilə Əlizadə Əsədov 20 ildən çox idi ki, ailəvi dost idilər. Əlizadə müəllimin özü və yetirmələri haqqında qəzetlərdə və saytlarda Dəstəgül xanım çoxlu yazılar yazmışdı. Ümumiyyətlə Dəstəgül xanım özü Şamaxıda dünyaya gəlsə də Cənub bölgəsi ilə çox bağlı insan idi. Onun burada çoxlu dostları vardı. Özünün dediyinə görə o, Cənub bölgəsi ilə nəfəs alırdı.


Biz, idman zalında idmançılarla söhbət etdiyimiz vaxt, Dəstəgül xanım Əlizadə müəllimə zəng vurdu ki, 5 dəqiqədən sonra Regional Boks Mərkəzinin yanında olacaq. Əlizadə müəllim də yetirmələrindən birini göndərdi ki, onu qarşılayıb, idman zalına gətirsin. 5-6 dəqidədən sonra həmin oğlan başı lovlu zala girib dedi: “ Dəstəgül xanımı maşın vurdu. Sürücü maşını sürüb qaçdı”. Biz, hamımız tez zaldan çıxıb, Bakı-Astara magistral yoluna tərəf qaçdıq. Artıq hava qaralmışdı. Saat 7-8 radələri olardı. Yolun kənarında üzü üstə uzanmış Dəstəgül xanımı gördük. Tez Lənkəran Təcili Tibbi Yardım şöbəsinə və Yol Polisi Şöbəsinə zəng vurduq. Əfsus ki, onlar da tez gəlmədi. Hamımız başımızı itirmişdik. Ora toplaşanlar deyirdilər ki, heç nəyə toxunmaq olmaz. Yol Polisi Şöbəsindən və Təcili Tibbi Yardımdan hökmən adamlar gəlməlidir. Dəstəgül xanım isə yol kənarında üzü üztə uzanıb, xırıltılı nəfəs alırdı. Ətraf isə qan işində idi... Onun əl çantası və başına qoyduğu papaq özündən 5-6 metr kənara düşmüşdü. Hiss olunurdu ki, maşın onu çox böyük zərblə vurub və 5-6 metr də sürüyüb... Bu mənzərəyə əlbəttə, mən baxa bilmirdim. Özüm də infakt keçirdiyimdən və yüksək təzyiqlə mübarizə apardığımdan bu mənzərə mənə pis təsir edirdi...


Artıq həmin vaxtı Liman şəhər İcra nümayəndəsi Bəxtiyar Səfərov da orada idi. O, böyük fədakarlıq edib, lazım olan yerlərə zəng vurub, Təcili Tibbi Yardım Maşınının və Yol Polisinin tez gəlməsini kimlərdənsə tələb edirdi...


Axır ki, bir köhnə Təcili Tibbi Yardım Maşını və Yol Polisləri gəlib çıxdılar... Adamların köməkliyi ilə artıq son nəfəsini yaşayan Dəstəgül xanımı Təcili Tibbi Yardım maşınına qoyub, Lənkəran rayon Mərkəzi Xəstəxanasına apardılar. Mənim halım pis olduğuna görə, Əlizadə müəllim məsləhət bildi ki, Masallıya qayıdım. Çünki təzyiqim çox yüksək idi. Məni Masallıya gətirən maşın Təcili Tibbi Yardım Xəstəxanasına sürdü. Orada həkimlər, dərman və iynələrlə təzyiqimi aşağa saldılar. Amma Əlizadə müəllimlə mobil telefon vasitəsi ilə tez-tez əlaqə saxlayırdım. Onun dediyindən öyrəndim ki, həkimlər çox çalışsalar da Dəstəgül xanıma heç bir köməklik edə bilməyiblər... Beləliklə, o, 57 yaşında faciəli surətdə dünyasını dəyişib. Həmişə Cənub bölgəsinin insanları ilə nəfəs alan sevimli şairəmiz, publisistimiz, jurnalistimiz elə bu bölgədə də son nəfəsini alıb, haqq dünyasına qovuşdu... Bu, əlbəttə, onu yaxından tanıyanları çox yandırıb-yaxdı...


Onu da vurğulayım ki, həmin hadisə baş verdiyi yerdə 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində əsir düşən almanlar və düşmənə təslim olan, Sovetlər Birliyinə qayıdanda həbs olunan Sovet əsgərləri də dəfn olunub. Belə ki, onlar Bakı-Astara dəmir yolunu çəkəndə bu ağır işə tab gətirməyib və çoxlu əsirlər ayrı-ayrı xəstəliklərdən dünyalarını dəyişiblər. Dəhşətə baxın ki, onları qəbirstanlıqda yox, elə həmin yerdə böyük kanal qazıb, Vətən xaini kimi dəfn eləyiblər. Üstlərinə heç bir nişangah da qoymayıblar. Hətta onların arasında bir müqəddəs seyid də olub. Onun qəbrinin üstünə də heç bir nişangah qoymayıblar. Dəhşətə baxın. İnsan ölür və kanal qazıb, onu lazımsız bir əşya, lazımsız bir müqəvva kimi ora atırmışlar. Üstünü də torpaqla örtürmüşlər ki, meyidin iyi gəlməsin. Deməli, həmin vaxtkı Sovet rəhbərləri heç də faşistlərdən yaxşı olmayıblar. Bakı-Astara magistral yolu da həmin qəbirlərin üstündən çəkilib. Bu yolu çəkəndə heç olmasa onların sümüklərini çıxarıb, qəbirstanlıqda da dəfn etməyiblər. Ona görə də həmin yerdə uzun illərdir ki, çoxlu dəhşətli yol qəzaları baş verib və indi də baş verir... Amma bu rayona rəhbərlik edənlərin heç birinin ağlına gəlməyib ki, həmin yerdə bir nişahgah qoydursin... Heç olmasa indiki rayon rəhbərləri bu haqda düşünsünlər... Orada bir nişangah qoymaq və həmin yerdə maşını kiçik sürətlə sürmək məgər belə çətindirmi?..


... Həmin günlər Lənkəran və Liman şəhərlərində kiminlə görüşürdümsə yalnız Dəstəgül Zamanlı haqqında danışırdı. Hamı bu dəhşətli hadisəyə heyfislənir, göyüm-göyüm göynəyirdi... Belə qərara gəldim ki, onlardan bəziləri ilə görüşüb, Dəstəgül xanımla bağlı ürək sözlərini yazım. Qoy bu sözlər əbədilik tarixdə qalsın və Dəstəgül Zamanlı haqqına xatirə kitabı yazılsa, ora köçürülsün.


Beləliklə, biz, fevral ayının 24-də Liman şəhərində bir yerdə əyləşdik və mən onların ürək sözlərini diktafona yazdım.


Cənub bölgəsində peşəkar boksun yaradıcısı, SSRİ idman ustası, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi Əlizadə Əsədovun dediklərindən:


-Bizim onunla tanışlığımızın, dostluğumuzun 20 ildən çox tarixçəsi var. Dəstəgül idmançıların da dostu idi. Mən ona əsl qazi deyirdim. Hökmən deyil ki, insana müharibədə güllə dəysin və ya güllə yarasından ölsün. Bu dəhşətli hadisə güllədən də betər yara oldu. O, Liman şəhərinə gəlmşdi ki, buradakı idmançıları mətbuatda işıqlandırsın. Onlara ruh, qol-qanad versin. Amma təəssüflər olsun ki, belə ölüm onu vaxtsız haqladı. Doğrudur Dəstəgül xanım Lənkəran rayonunun Şağləsir kəndinə yasa gəlirdi. Amma onunla birlikdə o, bu rayondan yazılar yazacaq və bu bölgədəki insanları mətbuatda işıqlandıracaqdı. Mənim yetirmələrim də onu səbirsizliklə gözləyirdilər. Həmin vaxtı siz də bizimlə idiniz. Amma görün necə dəhşətli hadisə baş verdi. Belə dəhşətli itgi adamı möhkəm yandırır. O, həmişə cənublularla dostluq edirdi. Həmişə də deyirdi: “Bilmirəm mən niyə cənubluları belə çox istəyirəm”. Həmişə söhbəti də Cənub bölgəsi idi. Lerikdən tutmuş, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabada qədər, bu bölgə haqqında xoş sözlər deyir və buradakı dostlarından danışırdı. Ona bir adamın işi düşəndə həmin işi yerinə yetirməmiş rahat olmazdı. O, uşaqla-uşaq, böyüklə-böyük idi. Həmişə də mənim səsimə səs verib. Bir problemli işim olanda ona zəng vururdum. Çox ağıllı məsləhətlər verirdi. Ən xoş və ağır günlərində adamı axtarırdı. Bu bölgə ilə bağlı yazıları da çox idi. Üç övlad anası idi. Ailədə işləyən də yeganə Dəstəgül xanım idi. İndi bilmirəm bundan sonra onların taleyi necə olacaq? Dəstəgül xanım axır vaxtlar çox qəmli şeirlər yazırdı. Onun xasiyyətində, hərəkətlərində qəribəliklər çox idi. Həmişə də boynu çiynində olardı. Elə bil dünyanın bütün yükü onun çiynində idi. Biz, ona zarafatla “boynu bükük bənövşə” deyirdik... ( Əlizadə müəllim kövrəlir və sözlərinin ardını deyə bilmir.)


Azərbaycan Yazıçılar Birliyi Lənkəran rayon Şöbəsinin rəhbəri, tanınmış şair-publisit İltifat Salehin dediklərindən:


-Dəstəgül xanımla mən Əlizadə Əsədov vasitəsi ilə tanış olmuşam. Onu tanıdığım ilk gündən gördüm ki, bu xanım çox istedadlı şairədir. Qəlbi kövrək şairədir. İnsanların ürəyindən keçən duyğuları, hissləri qələmə alan, təsvir eləyən, oxuculara çatdırmağa çalışan bir şairədir. Sonradan illər keçdikcə biz, bir-birimizə şeir vasitəsi ilə daha da yaxınlaşdıq, doğmalaşdıq. Onun şeirləri mənim çox xoşuma gəlirdi. Dəstəgül xanım əsl şairə idi. O, öz xalqını böyük məhəbbətlə, sevgi ilə təsvir edirdi. Şəhid olmuş oğullarımızı, qızlarımızı qəhrəmanlıq ağıları ilə tərənnüm edirdi. O, kitablarında da şəhidlər, Qarabağ haqqında, əldən getmiş torpaqlarımız haqqında özünün yanıqlı misraları ilə çıxış edirdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Hansısa başqa bir şairlər məclisinin də üzvü idi. Bura gələndə o məclisin işindən də danışardı. İki kitabı çap olunub. Məndə onun bir kitabı var. Həmin kitabı vərəqlədikcə görürəm ki, Dəstəgül xanım dorudan da gözəl şairə idi. Onun faciəli şəkildə dünyasını tərk eləməsi, məni çox kövrəltdi. Onun bu faciəli ölümünü də mənə Əlizadə müəllim zəng vurub dedi. Doğrusu o, mənə zəng vurub bu acı xəbəri deyəndə bilmədim ona nə deyim. Mən də kövrəldim. Sonra kitab rəfimdən Dstəgül xanımın kitabını götürüb, bir də vərəqlədim. Bu kitabı sona qədər oxuyanda düşündüm ki, Dəstəgül xanım ölməyib, o, yaşayır və bu misralarda həmişəlik yaşayacaq. Dəstəgül Zamanlı həmin kitabdakı şeirləri ilə özünə bir əbədilik qazanıb.


Dəyərli ziyalı, Liman şəhərinin araşdırıcısı, yazıçı, publisist, AYB və AJB-nin üzvü, “Qızıl” qələm mükafatı laureatı, Liman şəhər Ağsaqqallar Şurasının sədri və Lənkəran rayon Ağsaqqallar Şurası sədrinin müavini Siyavuş Süleymanlının dediklərindən:


-Tale qismətindən qaçmaq olmur. Dəstəgül xanımın dünyasını qəflətən dəyişməsi, belə bir dəhşətli qəzaya düşməsi Allahın alın yazısıdır. Deməli, bundan qaçmaq olmazdı...


Mən deyərdim ki, qələm əhlinə bizim bölgədə insanların böyük hörməti var. Amma Dəsrəgül xanıma bu hörmət, izzət daha çox idi. Onun belə faciəli surətdə dünyasını dəyişməsi hamıya pis təsir etdiyi kimi mənə də çox pis təsir edib. O, dünyasını dəyişən vaxtı mən də həmin xəstəxanada olmuşdum. Nəvəmin qolu çıxdığına görə onun qolunu saldırmaq, gipsə qoydurmaqla məşğul idim. Ona görə həmin hadisədən xəbərim yox idi. Səhəri günü, yəni fevralın 23-də bu hadisədən xəbər tutdum. Həddindən ziyada çox təəssüfləndim. Mən Bakıda bir illik müəllimlər kursunda oxuyan vaxtı Südabə Şəfa adlı bir şairə ilə tanış olmuşdum. O, öz şeirlərini mənə oxuyardı və mən də mənsur şeirlərimi ona oxuyardım. Beləcə dostlaşdıq. Mən, Südabə xanımda həmin vaxt böyük vətənpərvərlik hisslərinin güclü olduğunu gördüm. Bax bu sözləri Dəstəgül xanıma da şamil edirəm. Onun şeirlərində də vətənpərvərlik çox güclüdür. O, kişi qeyrətli xanımlardan idi. Xanımlar var evin içində var-dövlət içərisində yaşayır və evin xanımlığını edirlər, amma Dəstəgül xanım həm evin başçısı idi və həm də xanımı idi. Bununla birlikdə də xalqının xidmətində durur, onun ağrılarını, acılarını qələmə alırdı. O, həm şair, həm publisit və həm də mətin əsgər idi. Mən, onun ölümünə çox təəssüflənirəm və siz, burada oturanların qarşısında söz verirəm ki, mənim yazdığım üçüncü kitabımda Dəstəgül xanım da öz yerini tapacaq. Onunla bağlı xatirələrimi yazacam. Allah ona rəhmət eləsin. Qəbri nurla dolsun. Onu da vurğulayım ki, bir neçə il bundan qabaq elə həmin yerdə maşınla bütöv bir ailə də faciəli surətdə qəzaya uğradı. Ailənin bütün üzvləri dünyalarını dəyişdilər. Hətta bir süd maşını da məhz həmin yerdə birdən-birə yandı və heç sürücü də maşından çıxa bilmədi. Heç kim də ona köməklik edə bilmədi və diri-diri yandı. Başqa bir maşının sürücüsü həmin yerdə, Regional Boks Mərkəzinin böyük lövhəsini və divarını vurub sındırdı və özü də yaralandı. Ümumiyyətlə həmin yer bir qan çanağıdır...


Azərbaycan Jurnalistlər Birliyi Lənkəran rayon Şöbəsinin sədri Nizami Hüseynovun dediklərindən:


-Mən də Dəstəgül Zamanlı ilə təxminən on il bundan qabaq Əlizadə müəllim vasitəsi ilə tanış olmişam. O, gözəl jurnalist, çox istedadlı şairə idi. Cənub bölgəsinə bağlı olan bir insan idi. Onun burada şairlər, jurnalistlər, sadə insanlar arasında çoxlu dostları vardı. Bu dəfə də həmin dostları ilə görüşə gəlmişdi və amansız ölüm onu sıralarımızdan apardı. Mən də onun belə faciəli ölümünə çox təəssüflənirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun. Biz, onu heç vaxt unutmayacağıq. O, biz yazarların çoxunun yeni yazılarının qəhrəmanı olacaq.


Ailəvi dostlarından biri Əlhüseyn Əliyevin dediklərindən:


-Biz, onunla 2005-ci ildə tanış olmuşdüq. O vaxtlar mən Lerik rayonunda Qarabaq Əlillər Cəmiyyətinin sədri idim. Həmin vaxtlar da Dəstəgül Zamanlı “Vətən uğrunda” qəzetinin müxbiri idi və Lerikə gəlib, bizim cəmiyyət haqqında məqalə yazdı. Ondan sonra tez-tez Lerikə gəlməyə başladı və Qarabağ əlillərinin sosial vəziyyəti ilə çox maraqlanır və kimin bir problemi vardısa rayon rəhbərliyi ilə onu həll edirdi. Çoxlu Qarabaq əlillərimizlə bağlı portret yazıları yazmışdı. O, təkcə bizm rayonda yox, bütövlükdə Azərbaycanı gəzir və Qarabaq döyüşlərində iştirak edən, əlil olan insanları axtarıb tapır və onların vəziyyətləri, dolanışığı ilə maraqlanır, problemli məsələlərini həll edirdi. Yeri gələndə qəzetdə də işıqlandırırdı. Onun “Saçlarımda çiçəkləyir həsrətin” və “Biz məğlub olmamışıq” adlı şeir kitabları çap olunmuşdu. İki kitabı da çap olunmaq üçün hazır idi. Bunlar Qarabaq müharibəsinə həsr olunan publisit yazılar idi. Amma hələ çap etdirməmişdi. Dostlarına verirdi ki, oxuyub, ona öz fikirlərini, iradlarını desinlər və sonra çap etdirsin. Onun bir oğlu və iki qızı var. Oğlunu evləndirmişdi və bir qızını köçürmüşdü. Dəstəgül Zamanlının bir nəvəsi var və o, bu nəvəsi ilə elə bil ki, nəfəs alırdı. İnanın danışa bilmirəm və bu dəhşətli hadisədən kövrəlirəm...


Bu yazını işlədiyim vaxt “Azad Azərbaycan” qəzetində Azərbaycanda yol qəzaları ilə bağlı dəhşətli bir yazı, satatistik rəqəmlər oxudum. Oxudum və dəhşətə gəldim. Cəmi 10 milyona yaxın əhalisi olan ölkədə, 200 milyondan çox əhalisi olan ölkələrdən çox yol -nəqliyyat hadisələri baş verib. Mənə məlum oldu ki, 28 ildə Azərbaycanda 26 mindən çox insan yol qəzalarında ölüb. Bu rəqəm Qarabağ müharibəsi başladığı 1988-ci ili fevral ayını 22-dən bu günə ki, orada şəhid olanların sayından qat-qat çoxdur. Və rəqəmlərə nəzər saldıqda gördüm ki, 1988-2013-cü illərdə, yəni 25 ildə Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son 3 ildə, yəni 2014-2016-cı illərin satatistikasından ölənlərin sayının azalmadığını, əksinə artdığını görürük. Belə ki, rəsmi məlumata əsasən 2014-cü ildə Azərbaycanda 2606 yol qəzası baş verib. Ölkə ərazisində baş verən yol qəzalarında 1121 nəfər ölüb, 2727 nəfər xəsarət alıb. 2015-ci ildə isə respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb. 2016-cı il ərzində isə ölkədə 2006 yol -nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun da nəticəsində 759 nəfər həlak olub, 2003 nəfər isə yaralanıb. Deməli, yalnız rəsmi məlumatlara görə 28 il ərzində ( 1988-2016-cı illər) 73813 yol qəza hadisəsi rəsmi qeydə alınıb. Nəticədə 26 min 183 nəfər ölüb, 81 min 873 nəfər isə müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Onların da çoxu ömürlük şikəst qalıblar...
Gəlin araşdıraq. Axı bu nəyin nəticəsində olub? İlk növbədə sürücülərin demək olar ki, 95 faisi yol hərəkəti qaydalarını bilməyə-bilməyə, bundan xəbərləri, anlayışı olmaya-olmaya sürücülük vəsiqələrini pulla alıblar. İkincisi Azərbaycanın Dövlət Yol Polisi rəhbəri başda olmaqla, orada işləyənlərin 90 faizi öz işlərini bilməyən adamlardır. Onları yalnız bir şey maraqlandırır. Sürücü səhv etdikdə, yol hərəkəti qaydalarını pozduqda onlara pul versin və onlar da onun hərəkətinə göz yumsunlar. Doğrudanmı bu adamlarda milli qeyrət deyilən şeydən 1 faiz belə yoxdur? Axı bunlar yol hərəkəti qaydalarından xəbəri olnmayan sürücülərə, sürücülük vəsiqələrini satmaqla milləti məhv edirlər. Sükən arxsında sərxoş əyləşən sürücülərə göz yummaqla millətə divan tuturlar. Axı bu nə vaxta qədər davam edəcək? Doğrudandı bu adamlar heç vaxt cəzalandırılmayacaqlar? Ölkə rəhbəri nə vaxt Yol Nəqliyyat işlərinə rəhbərlik edənləri lazım olan səviyyədə cəzalandıracaq? Nə vaxta qədər bu adamlar vəzifədən dörd əlli tutub duracaqlar? Axı bu adamların millətimizin düşməni ermənidən fərqi nədir?.. Görəsən mənim bu suallarıma ölkə rəhbərliyindən müsbət cavab verən tapılacaqmı? Axı bu sürücülər millətin qanına niyə belə susayıblar?.. Bəlkə xalq özü yol polislərinə və sürücülərə qarşı müharibəyə qalxmalıdır?.. Mən təklif edirəm ki, ölkə rəhbərliyi səviyyəsində bir komissiya yaradılsın və bütün sürücülər yenidən imtahan verib, sürücülük vəsiqəsi alsınlar. Onda bu sürücülərin cəmi 20-25 faizi imtahandan keçə biləcək. Deməli, bunula da sürücülük vəsiqəsi olmayanlar daha maşın sürə bilməyəcəklər. Beləliklə də, artıq tıxaclardan da canımız qurtaracaq. Axı bütövlükdə dünya ölkələrində sürücülərə qarşı və onların imtahan verməsinə qarşı çox ciddi nəzarət var. Bəs bu, bizdə niyə belə olmasın? Məgər bizim rəhbərlərimiz, millət vəkillərimiz millətimizin belə kütləvi şəkildə faciəli surətdə yol qəzalarından ölməsini istəyirlər?..


Dəstəgül Zamanlı 1960-cı iyun ayının 15-də Şamaxı rayonun Zarat kəndində anadan olmuşdu. Şamaxı şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Tibb Texnikumuna qəbul olmuşdu. Texnikumu bitirəndən sonra 1992-2001-ci illərə kimi Azərbaycan Milli Ordusunda gizir rütbəsində xidmət etmişdi. 2007-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləyirdi.


Dəstəgül Zamanlı doğulduğu Şanmaxıda da torpağa tapşırıldı. Çox heyib ki, bez belə bir istedadlı şairəni, jurnalisti, publisisti tez itirdik. Onun yazası çoxlu əsərləri özü ilə birlikdə haqq dünyasına qovuşdu. O, hansısa qansız, vəhşi bir sürücünün qurbanı oldu... Azərbaycan cinayyət məcəlləsində də yol qəza hadisələri törədən sürücülərə də çox az həbs cəzası kəsilir. Nə deyim? Daha mənim sözüm yoxdur.


Ağalar İDRİSOĞLU


Əməkdar İncəsənət Xadimi