Elnarə Abdullayeva - ÜZÜ GÜLSÜN ANALARIN - + FOTO ( AZpress.AZ - Hüseyn Kərim )

Elnarə Abdullayeva - ÜZÜ GÜLSÜN ANALARIN + FOTO ( AZpress.AZ - Hüseyn Kərim )

Martın 23 və 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq, bəstəkar və aşıq mahnılarının, eləcə də milli musiqimizin özəyi sayılan muğamlarımızın özünəməxsus və bənzərsiz ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti, Elnarə xanım Abdullayevanın möhtəşəm konserti keçirildi. Bu möhtəşəmlik Elnarə xanımın milli musiqimizə olan həddən ziyadə doğmalığı, sıx və qırılmaz tellərlə bağlığı, özünü milli sərvətimiz olan musiqimizə ruhən həsr etməsi ilə sübuta yetirildi. "ÜZÜ GÜLSÜN ANALARIN" adlı bu konsert tamaşaçıların yaddaşına sözün əsl mənasında böyük bir musiqi bayramı kimi həkk oldu. Elnarə xanımın ifa etdiyi müxtəlif muğamlar, həmçinin xalq, bəstəkar və aşıq mahnıları görüşünə gələnlərin sürəkli alqışları ilə müşaiət olunurdu. İnsanlar onun bənzərsiz və ecazkar səsinin cazibəsinə düşərək, sanki başqa bir aləmə səyahət edirdilər. Elnarə xanımın muğamlarımızda sərgilədiyi təkrarolunmaz zəngürələr və xallar, Azərbaycan muğam ifaçılığı sənətində özünəməxsusluğu və fərqliliyi ilə seçilir. Bu ifa tərzində bir Ilahi möcüzə və saflıq açıq-aşkar sezilir. Təbii ki, bu halın mövcudluğu Elnarə xanıma Tanrı tərəfindən əlahiddə fitri istedadın verilməsi ilə əlaqədardır. Bir inanclı insan olaraq, hər kəlməsində Yaradana şükr edən Elnarə xanım, Tanrı tərəfindən mükafatlandırılmasını və ona bəxş olunan bu səslə Azərbaycan xalqının zövqünü oxşamaqdan məmnunluq hissi duyduğunu, fəxarətlə vurğuladı. Konsert proqramının rəngarəng və yüksək zövqlə tərtib edilməsində layihənin rəhbəri, Azərbaycanın tanınmış prodüsseri Asif Kərimovun rolunu xüsusi qeyd etmək istərdim. Çünki repertuara daxil edilən hər bir muğam və mahnılar bir mənalı olaraq tamaşaçıların zövqünü və ruhunu oxşayırdı. Konsertdə hər bir detal böyük həssaslıqla nəzərə alınaraq tamaşaçının maraqları ilə uyğun gəlirdi. Elnarə xanımın möcüzəli səsi ilə proqramın peşəkar tərtibatı vəhdət təşkil etməklə, nəticə olaraq, dinləyicilərə sözün həqiqi mənasında yüksək keyfiyyətli musiqi çələngi və mahnı bayramı bəxş etdi. Elnarə Abdullayeva öz məlahətli səsi ilə "ÜZÜ GÜLSÜN ANALARIN" adlı konsert proqramında Azərbaycan musiqi sənətinin korifeyləri, xalq artistləri Bülbülün, Xan Şuşinskinin, Hacıbaba Hüseynovun, Aşıq Pənahın, Aşıq Mahmudun və digər tanınmış sənətkarlarımızın əsərlərinə müraciət edərək, dinləyiciləri ötən illərə qaytararaq, insanlarda nostalji hissləri yaşatmağa nail oldu. Bütün bunlar isə Elnarə xanımın bir insan və sənətkar kimi yüksək mənəviyyata sahib olmasından qaynaqlanır. Elnarə xanımın bir üstün cəhətini də xüsusi qeyd eyməliyəm. O tamaşaçının qəlbini və ruhunu duyan dır xanəndədir desəm yanılmaram. Onun konsert zamanı insanlarla çox asan və sadə formada, rəsmiyyətdən uzaq, əsl el dilində ünsiyyət qurması və tamaşaçılarla rabitə yaradaraq səmimi dialoqa keçməsi buna əyani sübutdur. Zənnimcə bu səmimilik və sadəlik onu xalqımızın qəlbinə daha çox yaxınlaşdırır və sevdirir. Elnarə xanımın ana haqqında ifa etdiyi muğamı isə dinləyicilərdə ən kövrək hisslər oyatdı. Bu muğamla o, bütün analar qarşısında öz təzimini bildirdi. Ana muğamını böyük ustalıqla ifa edən Elnarə xanımı dinlədikcə onunla birgə bütün dinləyicilərin qəhərləndiyinin şahidi oldum. Bu ancaq Tanrının verdiyi möcüzəli səs vasitəsilə baş verə bilərdi. Necə ki, mən, eləcə də konsertə təşrif buyurmuş xalqımız bu möcüzəli səsin xoş ahənginə, sirli aləminə və güclü cazibə qüvvəsinin təsiri altına düşərək özümüzü təmamilə başqa bir dünyada hiss etdik. Bax əsl sənət və sənətkar budur. Bəlkə mənim bu sözlərim kimlərəsə mübaliğəli görünə bilər. Ancaq insanların Elnarə Abdullayevanın konsertindən aldıqları böyük təəssürat və xoş əhval, sevinc və məmnunluq hissləri çöhrələrindən açıq-aşkar duyulurdu. Konsertdə Elnarə xanımın istedadlı xanəndə Mirələm Mirələmovla dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasından muğam partiyalarını böyük şövqlə ifa etmələri tamaşaçılar tərəfindən ayaq üstə, sürəkli alqışlarlarla qarşılandı. Elnarə xanım ötən illəri yada salaraq xatirələrini dinləyiciləri ilə bölüşdü. Onun dediyindən bəlli oldu ki, hələ Asəf Zeynallı adına musiqi məktəbində təhsil aldığı dövrdə, yolu daim Azərbaycanımızın musiqi məbədi sayılan, Opera və Balet Teatrının yanından düşürdü. Həmişə bu sənət ocağının yanından ötəndə düşünürdüm ki, ey böyük ALLAH qörəsən nə vaxtsa mənə də bu möhtəşəm səhnədə çıxış etmək nəsib olacaq? ALLAHA Şükürlər olsun ki, bu arzumu yerdə qoymadı. Əziz xalqım bir arzumu da ərz etmək istərdim. İNŞALLAH gələn dəfə hüzürunuza, dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasındakı Leyli obrazı ilə gəlim. Zənnimcə Opera və Balet Teatrının rəhbərliyi bu arzunun gerçəkləşməsində öz köməkliyini əsirgəməyəcəkdir. Elnarə xanım ölkəmizdə yaradılan siyasi sabitliyə, əmin-amanlığa və iqtisadi tərəqqiyə və sənət adamlarına göstərilən diqqətə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını və təşəkkürünü bildirdi. O həmçinin Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevə, eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi başda olmaqla, konsertin baş tutmasında əməyi olan bütün insanlara öz minnətdarlığını bildirdi. Konsertin sonunda Elnarə Abdullayeva dahi Bülbülün repertuarından olan "Gülə-gülə" mahnısını bütün tamaşaçılarla birgə ifa etdi. Sonda o bütün analara xitabən, onlara uzun ömür can sağlığı və xoş günlər arzuladı. Zənnimcə Azərbaycan Resbublikasının əməkdar artisti Elnarə Abdullayevanın "ÜZÜ GÜLSÜN ANALARIN" adlı konserti insanların yaddaşlarına xoş təəssürat və unudulmaz bir xatirə kimi həkk oldu. Bu təəssüratı bizlərə yaşatdığına, bu ərməğanı bizlərə bəxş etdiyinə görə sənətkarımıza daha yüksək zirvələri fəth etməyi arzulayıram.

 

Hüseyn Kərim

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !