İslam həmrəyliyi mövzusundə tədbir keçirilmişdir - + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

“İslam həmrəyliyi” mövzusundə tədbir keçirilmişdir + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

29 mart 2017-ci il tarixdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı və kollecin tələbələrinin iştirakı ilə “İslam həmrəyliyi” mövzusundə tədbir keçirilmişdir.


Tədbiri giriş sözü ilə kollecin müəllimi,aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq qonaqları təqdim etdi.O, qeyd etdi ki,dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.


Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxış edərək qeyd etdi ki,müasir dünyada xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamafobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Bəzi hallarda dindən qorxu vasitəsi kimi istifadə hallarına da rast gəlinir. Azərbaycan isə İslamın bir din, mədəniyyət və dəyər kimi əsl mahiyyətini ortaya qoyaraq onu beynəlxalq aləmdə təhdidlərə qarşı bir imkan, vasitə, güc kimi təqdim edir.Çünki ölkəmiz multikultural dəyərlərə sədaqətini hər zaman nümayiş etdirib və bu gün də bu məkanda insanlara irqinə, rənginə, siyasi mənsubiyyətinə görə deyil, bu ölkənin vətəndaşı olduğuna görə münasibət bəsləyirlər.


Azərbaycan bütün imkanlarını təkcə özünün yox, din qardaşlarının və dünya dövlətlərinin və xalqlarının mənafeyi üçün istifadə edir. Ölkəmiz sülh, sabitlik və dialoq məkanı kimi qəbul olunmaqdadır. Ona görə multikulturalizmin də, İslam həmrəyliyinin də Azərbaycan modeli kimi oturuşmuş anlayışlar mövcuddur. Artıq heç bir sivil dövlət və mütərəqqi bəşəriyyət Azərbaycanın bu haqda daha çox danışmağa və təşəbbüs irəli sürməyə mənəvi haqqı olan və o təşəbbüsləri reallaşdırmaq imkanlarını ortaya qoymağa malik bir ölkə olduğuna şübhə ilə yanaşa bilməz.


Bərdə “Cümə” məscidinin axundu Hacı Ramazan çıxış edərək qeyd etdi ki,İslam dininin mahiyyətinin, məqsədinin hər zaman ülvi olduğuna heç kəsin şübhəsi olmayıb. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib. Eyni zamanda çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında İslam dininin də müstəsna rolu olub.2017-ci ilin möhtərəm Prezidentimiz tərəfindən “İslam həmrəyliyi ili” elan edilməsi təkcə İslam aləmində deyil, bütün dünyada məhz həmrəyliyin xilaskarlıq missiyasını yerinə yetirə biləcəyinə diqqət yönəltməsi baxımından mühüm əhəmiyyətə malikdir. Əslində, bununla Azərbaycan Prezidenti nəzərə çarpdırır ki, dünyanı həmrəylik xilas edəcək. Bütün dünyanın diqqəti həmrəyliyə yönəlməlidir. Bu mənada bəşəriyyətin xilası kimi həmrəyliyin gündəmə gətirilməsi Azərbaycanın dünyada xilaskarlıq missiyasının yerinə yetirilməsinə öz töhfəsini verməsi mənasını ifadə edir. “İslam həmrəyliyi” ideyasının diqqət mərkəzinə çəkilməsi həm də dünyanın bir çox ölkələrində “islam” anlayışına birtərəfli və yanlış münasibət bəslənilməsinə aydınlıq gətirilməsinə də çağırışdır. Bu mənada İslamı birmənalı olaraq terrorla əlaqələndirməyin, məqsədli şəkildə islamofobiya meyillərini yaymağın dünyaya sülh yox, qarşıdurma, böhran gətirdiyini diqqət mərkəzinə çəkmək, dialoqa, sülhə, həmrəyliyə, qarşılıqlı etimada çağırmaq mühüm bəşəri missiyadır. Heç şübhəsiz, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini meydana qoyacaqdır.


Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək qeyd etdi ki,ümummilli lider Heydər Əliyev Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı missiyasının əhəmiyyətinə diqqət çəkərək deyirdi ki, “biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”. Fəxrlə deyə bilərik ki, ulu öndərin bütün fikir və ideyaları kimi, bu dünyagörüşü də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun və ustalıqla davam etdirilir. Onun sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Ən əsası, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.Sonda o,gəncləri Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək,yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi nümayiş etdirməyi tövsiyyə etdi.


Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov çıxış edərək komitənin bu sahədə gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbələri Pərvin Əhmədova və Şirin Əliyev mövzu ilə bağlı çıxış etdilər.


Tədbirə kollecin müəllimi,aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev yekun vurdu.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !