Lənkəran Dövlət Universitetində soyqırım qurbanlarına həsr olunmuş anım tədbirləri keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Universitetində soyqırım qurbanlarına həsr olunmuş anım tədbirləri keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin bölgələrində davam etdirilən, 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi təqribən bir əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır. Qanlı qırğınların günahsəz qurbanlarının xatirəsi soyqırım günündə hər yerdə olduğu kimi Lənkəran Dövlət Universitetində (LDU) də professor-tələbə-müəllim heyətinin iştirakı ilə geniş şəkildə yad olunub. LDU-nun kollektivi, universitet rəsmiləri başda olmaqla, Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə inşa olunmuş abidə kompleksi ziyarət ediblər. Kompleksin önünə günahsız qurbanların xatirəsinə ehtiram əlaməti olaraq al-qırmızı qərənfillər düzülüb.


Anım mərasimi LDU-nin akt zalında 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil olunan elmi-praktik konfransla davam etdirilib.


Konfrans soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sukutla anılması ilə başlanıb. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 99 il öncə baş vermiş faciədən və sonrakı davamından tarixi ardıcıllıqla, faktlara istinadən söz açaraq bildirib ki, təkcə Lənkəran quberniyasında martın 28-dən aprelin 2-si aralığında 2 mindən cox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, bütün quberniya viran qoyularaq əhalinin min zülmlə əldə etdiyi varidat talan edilib. Natiq İbrahimov 1992-ci ilin Xocalı qətlyamı üzərində xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün gənc nəsli diqqətli, vətənpərvər olmağa, keçmişdən ibrət götürüb gələcəyə ayıq gözlə baxmağa çağırıb. Bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın qətl və amansız işgəncələrə məruz qaldığını vurğulayan professor Natiq İbrahomov ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini bildirib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.


Humanitar fənlər kafedrasının baş müəllimi Kamal Mahmudov, tələbə Mirtəhmasib Rəhimov da çıxışlarında paytaxt Bakı ilə yanaşı bölgələrdə, xüsusən cənub bölgəsində, Lənkəran-Astara qəzasında törədilən erməni vəhşilkilərindən tarixi sənədlər, şahid ifadələri əsasında söz açıblar.
Anım mərasimində erməni vəhşiliklərini əks etdirən video-film nümayiş etdirilib.

 



Ağaddin BABAYEV,


Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !