Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək - + FOTO

Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək + FOTO

27 mart 2017-ci il tarixində dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, SSRİ Xalq artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Leopoldoviç Rostropoviçin anadan olmasının 90 ili tamam oldu.

 

Azərbaycan Respublikası Prezidenti “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 2017-ci il 23-27 aprel tarixində Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyası və Heydər Əliyev Sarayında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının keçirilməsi nəzərdə tutulmuşdur.

 

Festivalda Rusiya, Avstriya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər – Yuri Temirkanovun rəhbərlik etdiyi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Drezden Ştaatskapella”, “Vyana-Berlin” Kamera Orkestri, Daniel Müller Şott, Honek Rayner, Omer Meir Vellber, Kit Armstronq, Vadim Rudenko, Sergey Doqadin və başqaları iştirak edəcəklər. Xarici musiqiçilərlə yanaşı Azərbaycanın Xalq artistləri Rauf Abdullayev və Murad Adıgözəl-zadə, gənc ifaçı Ümidə Abbasova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcəklər. Konsert proqramlarında V.A.Motsart, Y.Haydn, P.İ.Çaykovski, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç, İ.Stravinski, A.Şnitke, O.Respiginin əsərləri səslənəcəkdir. Festivalın açılış mərasimində Xalq artisti, görkəmli bəstəkar, professor Xəyyam Mirzəzadənin “Diptich” (Simfoniya №3) əsəri ilk dəfə ifa olunacaqdır.

 

Mstislav Rostropoviç 1927-ci il martın 27-də Bakı şəhərində tanınmış violonçel ifaçısı və pedaqoq Leopold Rostropoviçin ailəsində anadan olmuşdur. Musiqiçi uşaqlıq illərini Bakıda keçirmiş, ilk musiqi təhsilini atasından almışdır. İkinci dünya müharibəsi illərində ailəsi ilə birgə Orenburqa, daha sonra Moskvaya köçən M.Rostropoviç Dövlət Konservatoriyasında violonçel və bəstəkarlıq siniflərində təhsil almışdır. Onun müəllimləri arasında dahi rus bəstəkarları Dmitri Şostakoviç və Sergey Prokofyev olmuşlar. Gənc Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin müsabiqəsinin, Praqa (1950) və Budapeştdə (1951) beynəlxalq musiqi müsabiqələrinin qalibi olmuş, 23 yaşında Stalin mükafatına layiq görülmüşdür. Artıq bütün SSRİ-də şöhrət qazanmış M.Rostropoviç Leninqrad (indiki Sank-Peterburq) və Moskva Dövlət Konservatoriyalarında pedoqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.

 

1977-1994-cü illər ərzində M.Rostropoviç Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktoru və dirijoru kimi fəaliyyət göstərmiş, eyni zamanda o, Böyük Britaniyada görkəmli bəstəkar Benjamin Brittenin təsis etdiyi Aldeburq festivalının rəhbəri olmuşdur.

 

M.Rostropoviçin Berlin Divarının dağıdılması zamanı tamamilə improvizasiyaya əsaslanmış ifası musiqiçinin dünya nüfuzunu artırmış və onun bu qeyri-adi ifası televiziya vasitəsilə bütün dünyaya yayımlanmışdır.

 

1997-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Mstislav Rostropoviç Bakıya dəvət olunmuş və sənətkarın 70 illik yubiley tədbirləri təntənəli şəkildə keçirilmişdir. Yubiley münasibəti ilə o, Azərbaycan Respublikasının mükafatı-“Şöhrət” ordeni ilə təltif olunmuşdur. 1998-ci ildə dahi musiqiçinin şərəfinə onun ailə üzvlərinin iştirakı ilə Bakı şəhərində doğulduğu evdə Rostropoviç ev-muzeyi açılmışdır. Daha sonra musiqiçi hər il mütəmadi olaraq Bakıya səfər edərək, ustad-dərslər, konsertlər, müxtəlif tədbirlər, festivallar keçirmişdir. 2002-ci ildə ölkəmizdə M.Rostropoviçin 75 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, dahi musiqiçinin təşəbbüsü ilə yapon musiqi alətləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə hədiyyə olunmuşdur.

 

2007-ci ildə M.Rostropoviç Moskva şəhərində vəfat etmişdir.

 

Ölümündən sonra Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-2015-ci illərdə Rostropoviçin adını daşıyan səkkiz Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.

 

 

 

 

PROQRAM:


Heydər Əliyev Fondu


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi


Mstislav Rostropoviç Fondu

 

 

 

IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı


23-27 aprel 2017-ci il

 

 

 

23 aprel

 

saat 19.00

 

 

 

Azərbaycan Dövlət Filarmoniyası

 

Festivalın açılışı

 

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

 

Bədii rəhbər və baş dirijor

 

Rauf Abdullayev

 

Solistlər

 

Murad Adıgözəlzadə (piano)


Ümidə Abbasova (violin)

 


 

 

24 aprel

 

saat 19.00

 

 

 

Azərbaycan Dövlət Filarmoniyası

 

“Vyana-Berlin” Kamera Orkestri

 

Dirijor

 

Honek Rayner

 

Solist

 

Daniel Müller Şott (cello)

 

 

 

25 aprel


saat 19.00

 

 

 

Azərbaycan Dövlət Filarmoniyası

 

“Drezden Ştaatskapella”

 

Dirijor

 

Omer Meir Vellber

 

Solist

 

Kit Armstronq (piano)

 

 

 

26 aprel


saat 19.00

 

 

 

Heydər Əliyev Sarayı


Rusiyanın Əməkdar Kollektivi


Sankt-Peterburq Akademik Simfonik Orkestri

 

Bədii rəhbər və baş dirijor

 

Yuri Temirkanov

 

Solist

 

Vadim Rudenko (piano)

 

 

 

27 aprel


saat 19.00

 

 

 

Heydər Əliyev Sarayı


Rusiyanın Əməkdar Kollektivi


Sankt-Peterburq Akademik Simfonik Orkestri

 

Bədii rəhbər və baş dirijor

 

Yuri Temirkanov

 

Solist

 

Sergey Doqadin (violin)

 

 

 

 

Dissonanze.az (Aysel Mirzəsoy)