Kamal Abdullayev: Azərbaycanda mövcud olan dini harmoniya bütün dünyaya nümunədir -

Kamal Abdullayev: Azərbaycanda mövcud olan dini harmoniya bütün dünyaya nümunədir

2017-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması nəticəsində dövlətimizin başçısının apardığı siyasət, xalqımız, ölkəmizin tarixi, mədəniyyəti və mənəviyyatı həm xaricdə daha yaxından tanınacaq, həm də xalqımız öz keçmişinə, bu gününə, sabahına bir daha nəzər salacaq, düzgün nəticələr çıxarıb doğru hədəflər istiqamətində irəliləyəcək.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev jurnalistlərə müsahibəsində deyib.

 

“Multikulturalizm İli”nin məntiqi davamı kimi, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin bir çox mətləblərdən xəbər verdiyini deyən Kamal Abdullayev bildirib ki, bu ildə Azərbaycanda təkcə islamdaxili harmoniya deyil, eyni zamanda, digər daxili və dünyadakı konfessiyalar arasında həmahənglik nəzərdə tutulur. Bu cür harmoniya təkcə Azərbaycana deyil, bütün dünyaya, yaxın və uzaq qonşularımıza, Avropada, Yaxın və Uzaq Şərqdə, dünyanın hər yerində gedən mənəvi, mədəni proseslərə çox böyük təsir göstərə bilər.

 

Dövlət müşaviri qeyd edib ki, “Azərbaycanda “Multikulturalizm İli”ndə əldə olunmuş təcrübədən, əlbəttə, “İslam Həmrəyliyi İli”ndə də istifadə ediləcək. “Multikulturalizm İli”ndə Azərbaycan özünü dünyaya tanıtmaq istiqamətində, eyni zamanda, bir daha özünü tanımaq istiqamətində çox işlər gördü və bu təşəbbüsün bəhrələrini biz hələ zaman-zaman görəcəyik. Avropada multikulturalizmin real iflası fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gedən multikultural hərəkat, əslində, buna qarşı mənəvi, intellektual çağırış oldu və bu bədbin fonun qarşılığında biz Azərbaycanda nikbin bir qütbün formalaşmasının şahidi olduq. Bunun hərəkətverici qüvvəsi isə Prezident İlham Əliyev oldu.

 

Kamal Abdullayev bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir yerdə dostluq, qardaşlıq şəraitində yaşamaları, ölkəmizdə mövcud olan dini harmoniya bütün dünyaya nümunədir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !