Akif Ali : - ( ƏLİ HƏSƏNOV: "Bu yalançı təəssübkeşlərin ... )

Akif Ali : ( ƏLİ HƏSƏNOV: "Bu yalançı təəssübkeşlərin ... )

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi ƏLİ HƏSƏNOV: "Bu yalançı təəssübkeşlərin etirazının ŞUŞA məscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi “əməkdaşlıq” edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi düşündürücüdür."


" ...dünən “Sovetski” adlanan ərazidəki son yöndəmsiz və qəzalı vəziyyətdə olan binanın söküntüsünə müqavimət göstərən və bu müqaviməti az qala “evindəki halalını qorumaq qədər” özünün müqəddəs dini fərzi kimi qələmə verən bəzi “ təəssübkeşləri”n aksiyasına münasibət bildirməyi öz vətəndaşlıq borcum hesab edirəm. Məndə xüsusi təəssüf doğuran hal budur ki, müəyyən insanları təlimatlandıraraq oraya göndərən, Azərbaycanda dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin təşkil etdiyi aksiyada ətrafdan toplaşan bəzi inanclı insanlar da iştirak edirdi. Bu, heç də ürəkaçan səhnə deyildi.
Cənab Prezidentin Bakı şəhəri ilə bağlı çox böyük təşəbbüsləri olmuş və bu təşəbbüslər uğurla həyata keçirilmişdir... Keçmişdə “Sovetski” adlandırılan ərazidə aparılan işlər də Bakının abadlaşdırılması istiqamətində görülən işlərin davamıdır. Bakı müasirləşməlidir, “Sovetski” tipli gecəqondu massivləri şəhərin mərkəzində yığışdırılmalıdır - bu, günün tələbidir. Azərbaycan dövləti əyri, köndələn yolları, havasız, üfunətli məhəllələri, paytaxtda ucqar əyalətçi məişəti, XX əsrin əvvəllərinin nizamsız urbanizasiyasından miras qalmış “gecəqondu memarlığı”nı öz vətəndaşlarına rəva görmür. Bunların əvəzində təmiz şəhər, rahat yollar, ekologiyanın yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni memarlıq incilərini, böyük təhsil və ibadət komplekslərini təklif edir…
Radikal çağırışlar edən bəzi dini, ictimai, mədəniyyət xadimlərinə və müxalif siyasilərə üzümü tutub deyirəm: doğru izahat verməkdənsə qeyri-müəyyən bəyanatlarla sadə insanları çaşdırmaq, dövlətin təqdir olunası işlərini qaralamaq lazım deyil. İslam mədəniyyətinin mərkəzləri olan Məkkə və Mədinədə, Məşhəd, Kərbəla kimi şiə ziyarətgahlarında, digər müsəlman ölkələrinin aparıcı şəhərlərində hər il neçə-neçə köhnə dini tikili sökülür və onların yerinə yeni-yeni binalar ucaldılır. Qoy 30 il bundan qabaq Məkkə və Mədinədə peyğəmbər məscidini ziyarət edənlər söyləsinlər, orada hansı dəyişikliklər baş verib, hansı köhnə tikililər sökülərək onların yerinə necə müasir ziyarətgahlar yaranıbdır…
Çox təəssüf edirəm ki, dünənki o “din təəsübkeşləri”nin düyməsini basanlar da, qanun keşikçilərinə və ərazini abadlaşdıran insanlara qarşı təhqiramiz hərəkətlər edənlər də sağlam düşüncə və vətənpərvərlik nümunəsi ortaya qoymadılar…
Bu gün dünyada hər şey təzələnir, yenilənir. İnsanları dünən qane edən məişət normaları, yaşayış massivləri, nəqliyyat vasitələri, ictimai, dini, mədəniyyət və iaşə obyektləri, bu gün onları qane etmir. Xüsusi tarixi mahiyyət kəsb edən tikililər, elm, mədəniyyət obyektləri, dini abidələr istisna olmaqla hər şey dəyişir. Azərbaycan da , əlbəttə, müasir dünyanın bir hissəsi kimi öz inkişafını davam etdirir . Əsas odur ki, insanlara yeni imkanlar yaradılır, yeni alternativlər təklif olunur. Bu seçimi dəstəkləməmək, əlbəttə ki, həm dövləti, həm cəmiyyəti müasir inkişafdan süni yolla saxlamaq deməkdir.
Biz dini inanclı insanlara bax, bu həqiqəti çatdırmalıyıq. Əsl inanclı kəsimi “din təəssübkeşliyi” adı ilə bu tipli aksiyalara sövq edən radikal-ekstremist dəstələrdən ayırmalıyıq. Beş il sonra “Sovetski” adlanan gecəqondu massivinin yerində salınacaq nümunəvi şəhər mərkəzi və istirahət guşələrini görəcək yeni nəslin anbar kimi istifadə olunan köhnə tikilinin qorunmasına cəhd edən bu köhnəfikirli insanlara necə qiymət verəcəyini zaman göstərəcək.
…Bu yalançı təəssübkeşlərin etirazının ŞUŞA məscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi “əməkdaşlıq” edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi düşündürücüdür. " 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !